"Milli Şura" daxilində yaranan gərginlik bu qurumun dağılmasını reallığa çevirir. Xüsusilə də, "Milli Şura"nın keçmiş sədri Rüstəm İbrahimbəyovun Bakiya daimi yaşamağa gələcəyi barədə yayılan məlumatıardan sonra Cəmil Həsənli çamadan ovqatına düşüb. Çünki iddialara görə, R.İbrahimbəyov yenidən qurumun sədri olmağa hazırlaşır. "Yurddaş" partiyasının sədri Mais Səfərli isə "Səs" qəzetinə açıqlamasında Rüstəm İbrahimbəyovun yenidən sədrliyə iddia edə biləcəyinə şübhə ilə yanaşdığını bildirib: "O, kifayət qədər yaşlanmış bir insandır. Yəni Rüstəm İbrahimbəyov, yalnız olsa-olsa yaradıcılıq işləri ilə məşğul ola bilər. Vaxtilə Rüstəm İbrahimbəyov siyasətə baş vurdu və olan-qalan imicini də itirdi. O, doğurdan da, düşünüb daşınsa, siyasətə bir daha geri qayıtmaz. Yəni Rüstəm İbrahimbəyovun öz yaradıçılığına hörməti varsa bir daha siyasətə üz çevirməz".
"Bir qədər əvvəl C.Həsənli "Milli Şura" sədrliyinə getməyə hazır olduğunu və sədrliyin onun iş fəaliyyətinə maneçilik yaratdığı barədə status paylaşmışdı. "Bunun arxasında Əli Kərimlinin hansısa müəyyənləşdirdiyi bir siyasət dayana bilərmi" sualını cavablandıran partiya sədri bildirdi ki, "Milli Şura" deyilən qurumun adı var-özü yoxdur: "Milli Şura" nə isə bir fəaliyyət ortaya qoya bilmədi. Bu baxımdan da, artıq qurum çoxdan tarixə gömülüb. Vaxtilə "Milli Şura"da yığışanlar xalqı cəlb edən təşəbbüslərlə çıxış edə bilmədikləri və ortaya normal platforma və proqram qoya bilmədikləri üçün bu cür pis vəziyyətə düşdülər. Beləliklə də, "Milli Şura"ya yığışan partiyalar oradan tamamilə uzaqlaşdılar. Demək olar ki, hazırda "Milli Şura"da yalnız AXCP və 2-3 nəfər qalıb və onların da fəaliyyəti bəzən müəyyən bəyanatlar verməkdən ibarətdir. Yəni real bir fəaliyyət ortaya qoya bilməyiblər. Bu baxımda da, "Milli Şura" sözdə olan bir təşkilatdır".
"Rüstəm İbrahimbəyovun "Milli Şura" sədrliyinə iddia etməsi C.Həsənlinin istədiyi və arzu etdiyi bir iddia ola bilərmi" sualına cavab olaraq M.Səfərli qeyd etdi ki, "Milli Şura"da kimin kimləsə əvəz olunmasından asılı olmayaraq, dediyim kimi, cəmiyyətdə özünü təsdiq edə bilməyən və tanınmamış bir qurumdur: "Orada kimin kimi əvəz etməsi əsas deyil. Əsas odur ki, bu qurumun fəaliyyəti özünü doğrultmadı. Ona görə də, "Milli Şura" deyilən qurum barədə yazaraq onu gündəmdə saxlamağa da ehtiyac yoxdur. Çünki yuxarda qeyd etdiyim kimi, bu qurum nə isə bir fəaliyyət ortaya qoya bilmədi. Sadəcə olaraq, bu və ya digər hansısa bir məsələlərdə adlarının hallandırılması o qurumun sanki yaşamaşı deməkdir".
GÜLYANƏ