Arzu Nağıyev: "Hərbi əməliyyatlar dayandırılması müvəqqətidir"
Ərəstun Oruclu: "Azərbaycan öz suveren hüquqlarından istifadə edərək hərbi əməliyyatları apardı"
Cəbhə xəttində Azərbaycan Ordusunun işğalçı Ermənistanın mövqelərinə sarsıdıcı zərbələr vurdu, nəticədə düşmən yüzlərlə itki verdi, yüzlərlə erməni zabit və əsgəri yaralandı, düşmənin xeyli sayda texnikası sıradan çıxarıldı. Azərbaycan Ordusu çox mühüm strateji yüksəklikləri ələ keçirdi və bununla da qoşunların təmas xəttində reallıq dəyişdi. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir. Azərbaycan Ordusunun strateji yüksəklikləri ələ keçirməsi sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizin ermənilərin təxribatından qurtardı, dinc əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin etdi. Daim erməni hərbçilərinin hədəfinə tuş gələn ərazilərimiz artıq hədəfdə deyil. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları cəmiyyətimizdə ordumuza olan inamı daha da artırdı. Bu gün hər bir azərbaycanlı özünü qalib ölkənin vətəndaşı hesab edir. Düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrinin gücü qarşısında diz çökdü. Azərbaycanın haqlı mübarizəsi düşmən tərəfi çıxılmaz vəziyyətə saldı. Bu günə qədər ölkəmizin haqq səsini eşitmək istəməyənlər ölkəmizə müraciətlər ünvanlayırlar. Bu, o deməkdir ki, ordumuz istənilən vaxt işğal altında olan torpaqlarımızı qısa bir müddətdə düşmən tapdağından azad etməyə qadirdir. Azərbaycan bunu sübut etdi. Bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşma nümayiş etdirən ATƏT-in Minsk Qrupu da dərk etdi ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Azərbaycan öz haqq mövqeyindən geri çəkilməyəcəyini hər kəs anladı. Artıq Ermənistan tərəfi lazımi siqnalları alıb, başa düşür ki, Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlaya bilməyəcək. Azərbaycan müharibənin tərəfdarı deyil, yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdi və onu cəzalandırdı. Artıq bir neçə gündür ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə olunub. Necə deyərlər, dost da, düşmən də Azərbaycanın gücünü gördü. Belə bir şəraitdə yenidən müharibə çağırışları etmək, hərbi ritorika, Azərbaycanın xeyrinə olmayan işləməz. Ona görə də hesablanmamış, düşünülməmiş şəkildə hərbi əməliyyatları davam etdirməyin vacibliyini vurğulayanlar bir neçə mühüm məqamı nəzərdən qaçırmamalıdırlar. Ölkəmiz hərbi əməliyyatları davam etdirsəydi, dünyada bizə olan münasibət, rəy dəyişəcəkdi. Ermənilər özlərini yazıq, hücuma məruz qalan tərəf kimi təqdim etməyə çalışır. Bu zaman proseslər Azərbaycanın ziyanına işləyəcəkdi. Ölkəmiz ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların qınaq hədəfinə çevrilə bilərdi. Onsuz da bütün dünya, supergüclər, beynəxalq təşkilatlar artıq etiraf etməyə başlayıblar. Ölkəmizə olunan müraciətlər sübut etdi ki, Azərbaycan reallığı kifayət qədər düzgün qiymətləndirib.
Məsələ ilə bağlı münasibətini öyrənmək üçün siyasi şərhçi Arzu Nağıyevə "Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi, nə baş verərdi?" sualını ünvanladıq. A.Nağıyev "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etmək və Azərbaycan torpaqlarını erməni hərbi birləşmələrindən azad etmək üçün yüksək peşəkarlıqla hərbi əməliyyatlar keçirdi: "Daha doğrusu, bu, ermənilərin Azərbaycanın təmas xəttində yaşayan dinc sakinləri müxtəlif silahlardan atəşə məruz qoyduqdan sonra cavab tədbirləri idi. Bu əməliyyatla ermənilərin özləri və hərbi birləşmələri haqqında yaratdıqları mif məhv edildi. Bir sıra strateji əhəmiyyətli məntəqələr ermənilərdən azad edildi və burada Azərbaycan Ordusu möhkəmləndi. Beynəlxalq ictimaiyyətin, Qərbin və təbii ki, Rusiyanın müraciətinə əsasən, atəşkəs elan olundu. Yəni atəşkəsə ermənilərin riayət etməməsinə baxmayaraq, Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırdı. Təbii ki, bu, baş verməsə idi, Azərbaycan tərəfi beynəlxalq təşkilatların qınağına tuş gələrdi və tənqid hədəfinə çevrilərdi. Eyni zamanda, Azərbaycan tərəfi öz prinsiplərinə sadiqdir və ərazi bütövlüyümüzün təmin edilməsi üçün bütün beynəlxalq normalarla nəzərdə tutulmuş vasitələrdən istifadə edəcəkdir".
Politoloq Ərəstun Oruclu qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan erməni təxribatlarına layiqincə cavab verdi: "Atəşkəsi pozan tərəf Ermənistandır. Nəticədə, Azərbaycan işğalçı dövləti yerində oturtmalı oldu. Düşmən tərəf böyük itkilər verdi, bəzi əraziləri də işğaldan azad etdik. Fikir verdinizsə, heç bir dövlət və beynəlxalq təşkilat Azərbyacana qarşı təpki göstərmədi. Çünki Azərbaycan öz suveren hüquqlarından istifadə edərək hərbi əməliyyatları apardı. Qərb tam təmkin nümayiş etdirdi. Düzdür, şəhidlər verdik, yaralılarımız oldu. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu müharibədir, müharibədə itkilər olur. Əsas odur ki, Azərbaycan öz suveren hüquqlarından istifadə etdi. Əgər hərbi əməliyyatlar aylarla, uzun müddət davam etsə idi, təbbi ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatların və dövlətlərin qınağına tuş gələcəkdi".
Samir