Ermənistanın heç bir çıxış yolu qalmadı
2-5 aprel tarixlərində cəbhədə baş verən məlum erməni təxribatları və bunun cavabında silahlı qüvvələrimizin hərbi əməliyyatlara başlayaraq, onu uğurla başa çatdırdıqdan sonra Azərbaycan tərəfi güclü dövlət qismində sülh danışıqlarına qatılmağa başladı. Belə ki, Qarabağ cəbhəsində yaşanan son proseslər də sübut etdi ki, Azərbaycanın Milli Ordusu qısa müddətə düşmənin cəbhə xəttini yararaq içərilərə doğru hərəkət etmək, mülki əhaliyə zərər vermədən işğal edilmiş torpaqları azad etmək gücündə, qüdrətindədir.
BMT-nin qətnamələri icra olunacaq
Söz yox ki, bu mühüm məqam hazırda istər danışıqlarda iştirak edən, istərsə də danışıq proseslərini izləyən beynəlxalq oyunçuları məcbur edir ki, sülh danışıqları istiqamətində çağırışlar etsin, münaqişənin həlli üçün tədbirlərə əl atılsın, o cümlədən, Azərbacanın ədalətli mövqeyini dəstəkləsin. Bu baxımdan, bir daha vurğulamaq yerinə düşərdi ki, bəzi ermənipərəst təşkilatlar istisna olaraq, cəbhədə baş verən hadisələr zamanı Azərbaycana beynəlxalq dəstək özünü açıq göstərdi. Belə ki, bir çox nüfuzlu siyasi xadimlər açıq şəkildə ölkəmizin ərazi bütövlüyünü müdafiə etdi və işğalçı ordunun ərazilərimizdən çıxmasını tələb etdi, BMT-nin müvafiq dörd qətnaməsini xatırlatdı.
Yaxın dövrdə münaqişənin həlli üçün daha öncəki kimi aralıqla deyil, aramsız danışıqlar prosesinə start veriləcək
Ona görə də bu gün Azərbaycanın istər indiki, istərsə də sonrakı danışıqlar prosesinə güclü tərəf və söz sahibi kimi qatılması real fakt olaraq qiymətləndirilməlidir. Çünki rəşadətli Azərbaycan Ordusu Dağlıq Qarabağı dondurulmuş münaqişə mərhələsindən çıxardı və dünya gördü ki, Qarabağ heç də bəzilərinin iddia etdiyi kimi, dondurulmuş münaqişə ocağı hesab edilə bilməz. Məhz bu səbəbdən, deyə bilərik ki, yaxın dövrdə münaqişənin həlli üçün daha öncəki kimi aralıqla deyil, aramsız danışıqlar prosesinə start veriləcək. Lakin Azərbaycan tərəfi bu danışıqlarda güclü əl olaraq status-kvonun indiki şərtlər daxilində qalması ilə barışmayacağı iradəsini ortaya qoyacaq.
Bütün kartlar aşkar şəkildə ortaya qoyulub
Digər tərəfdən, ABŞ və Rusiya amillərinin bu məsələdəki rolunu və dövlət rəsmilərinin addımlarını müşahdə etsək görərik ki, artıq Ermənistan işğalçılıq siyasətini davam etdirmək gücünü tamamilə itirib. ABŞ rəsmilərinin məlum və ədalətli həlli dəstəkləyən bəyanatları, o cümlədən, Rusiyanın baş naziri Dmitri Medvedevin, onun müavini Dmitri Roqozinin silah satışı ilə bağlı Serj Sarkisyanın şikayətlərini sərt tonda rədd etmələri, Rusiyanın Azərbaycanla strateji partnyor olmasını bəyan etmələri, bu dövlətin ölkəmizə sonrakı müddətlərdə də silah satacağını aşkar şəkildə bildirməsi, artıq bütün kartları aşkar şəkildə ortaya qoyub. İlk aşkar olan faktor isə Azərbaycanın danışıqlara qələbə qazanmış dövlət və söz sahibi kimi qatılması amilidir.
Rövşən NURƏDDİNOĞLU