Cəbhədəki üçgünlük müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalçı ordusuna qarşı endirdiyi sarsıdıcı zərbələrlə bir neçə strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Azərbaycan xalqı, xüsusilə də gənclər ordumuza böyük dəstək nümayiş etdirərək Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirdilər.
Qazanılan qələbə Azərbaycanı danışıqlar masasında qalib tərəf kimi əyləşdirib. Dövlət başçımızın da dediyi kimi, Azərbaycan qan tökülməsini istəmir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması yönündə həllinin tərəfdarıdır. Söhbət etdiyimiz gənclər təşkilatlarının rəhbərləri ordumuzun parlaq qələbəsinin gənclər arasında milli ruhun, vətənpərvərlik hissinin daha da yüksəldilməsinə təkan verdiyini bildirərək Cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasəti hər zaman dəstəkləyəcəklərini bəyan ediblər.
"Azərbaycan gəncliyi qələbə duyğusunu artıq yaşamağa başlayıb"
Seymur Orucov- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri:
- Ordumuzda ruh yüksəkliyi elə bir həddədir ki, onlar hər an Ali Baş Komandanın döyüş əmrini gözləyir. Sonuncu hərbi əməliyyatlar zamanı bunun əyani şahidi olduq. Bu gün Cənab Prezident İlham Əliyevin dövründə Azərbaycan Ordusu tam müasir standartlara cavab verir və onun maddi-texniki təchizatı ən yüksək səviyyəyə çatdırılıb. Azərbaycanı gözü götürməyən, ermənilərin havadarları olan qüvvələr uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsində güclü ordumuzun öz sözünü deməsinə müəyyən maneələr yaradırdı. Son hadisələr Azərbaycan Ordusunun gücünü, onun Ali Baş Komandanına sadiqliyini və hətta lazım gələrsə, Yerevana qədər gedib çıxa biləcəyini dünyaya sübut etdi. Ermənilər üçgünlük hərbi əməliyyat nəticəsində yalvarmağa, mövqelərini atıb qaçmağa başladılar. Bu, onu göstərdi ki, Ermənistanın nə güclü ordusu, nə də güclü dövləti var. Ermənistan rəhbərliyində təmsil edilən şəxslər bəzi dövlətlərin vassalı, xalq arasında nüfuzu olmayan insanlardır.
Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi post quraraq Dağlıq Qarabağda qanunsuz məskunlaşan insanların, döyüşən erməni əsgərlərinin geriyə qaçmasının qarşısını almağa, amma Azərbaycan tərəfi post quraraq, Vətənini canından da çox sevən xalqımızın nümayəndələrinin Dağlıq Qarabağa döyüşlərə getməsinə mane olmağa çalışdı. Bu fakt bir daha sübut edir ki, Ali Baş Komandanın həyata keçirdiyi siyasət, ölkədəki nüfuzu, xalqın ona inamı, Azərbaycan gəncliyinin vətənpərvərlik hissləri düşmən ölkə ilə müqayisə oluna bilməz. Azərbaycan gəncliyi Cənab Prezidentin siyasətini hər zaman hər yerdə dəstəkləyir. Ölkəmizin uğurları bizi sevindirir. Azərbaycan gəncliyi qələbə duyğusunu artıq yaşamağa başlayıb. Biz sülh tərəfdarı olsaq da, torpaqlarımızın son qarışı azad olunanadək mübarizəmizi davam etdirəcəyik.
"Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar"
Mirhəsən Seyidov- "İrəli" İctimai Birliyinin sədri:
-Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan gəncləri, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər. Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar bütün ölkə ərazisində müzakirə olunur. Xüsusilə sosial şəbəkələrdə gənclərimiz tərəfindən operativ cavablandırma ideoloji savaşı gedir. Gecə saatlarına qədər Azərbaycanın mövcud həqiqətləri, orduda baş verən proseslər fonunda məlumatlandırma dayanmadan davam edir.
Bununla yanaşı, döyüş ruhlu xanımlar belə paytaxtda, regionlarda könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrinə müraciət edərək döyüşə getmək üçün növbələrə durublar. Azərbaycan Ordusunun rəşadəti nəticəsində tezliklə doğma yurdlarından didərgin düşənlər, geri qayıdacaqlarına böyük inam bəsləyirlər. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Ölkəmiz gənclərin fəaliyyətini yüksək qiymətləndirir. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində bu gün böyüyən gənclər xalqa və dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bu gün Cənab Ali Baş Komandan bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət kimi dəyərləri yüksək tutsun.
"Biz gənclər Ali Baş Komandanın ətrafında sıx birləşmişik"
Şəmsi Gülverdi- Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının icraçı direktoru:
- Aprelin əvvəlindən başlayaraq erməni silahlı qüvvələri məkrli işğalçılıq siyasətlərinin davamı olaraq cəbhənin ön xəttində daha güclü təxribata əl atıb, Azərbaycanın mövqelərini atəşə tutub, ərazilərimizi zəbt etməyə cəhd göstərib. Daha sonra mənfur düşmənlərimiz dinc əhalinin yaşadığı ətraf kəndləri də odlu silahlardan atəşə məruz qoyub, onlarla ev və tikililərə ciddi ziyan vurub, kənd sakinlərinin həlak olmasına, yaralanmasına səbəb olub. Bu, artıq son hədd idi. Azərbaycan dövləti öz vətəndaşlarını müdafiə edərək, ordumuzun igid oğullarının rəşadəti sayəsində bu təxribatların qarşısını alıb, düşmənə layiqli cavab verdi. Erməni silahlı qüvvələrinin hərbi texnika və ağır artilleriya qurğuları, eləcə də hərbi-hava qüvvələrinə aid müxtəlif texnika, yüzlərlə canlı hərbi qüvvəsi məhv edilib. Ordumuz bununla kifayətlənməyərək, işğal altında olan bir neçə yaşayış məntəqəsi və yüksəklikləri işğalçıların tapdağından azad etdi. Azərbaycan Ordusu şəhidlər verib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm. Başımız sağ olsun, Vətən var olsun! Əgər lazım gələrsə, torpaqlarımızın işğaldan azad olunması uğrunda hər birimiz şəhid olmağa hazırıq! Biz gənclər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik və onun yürütdüyü məqsədyönlü siyasəti hər zaman dəstəkləyəcəyik.
"Biz sülh tərəfdarıyıq"
Elvin Aslanov- Azərbaycan Tələbələr Birliyinin sədri:
-Son günlərdə cəbhədə qazanılan uğurlar atəşkəsin əldə olunmasından keçən 22 il müddətində Azərbaycan Ordusunun ən böyük hərbi nailiyyətidir. Bu, hələ başlanğıcdır, bunun gec, ya tez davamı gələcək. Mən Ali Baş Komandan Cənab İlham Əliyevə, ordumuzun zabit heyətinə və ən əsası səngərdə olan hər bir əsgərə öz təşəkkürlərimi bildirirəm. Azərbaycan Ordusu bir daha açıq göstərdi ki, o, güclüdür və torpaqlarımızı hər an işğaldan azad edə bilər.
Bəzən erməni tərəfi bizi provakasiya törətməkdə və ya hücum etməkdə günahlandırır. Amma onlar anlamırlar ki, biz onlardan fərqli olaraq, digər ölkənin torpağına hücum etmirik. Azərbaycan Ordusu sadəcə öz ərazilərində nəzarəti əldə etmək və işğal olunmuş torpaqları geri qaytarmaq istəyir ki, bu da bizim ən təbii haqqımızdır. Bu haqqı bizdən heç kim ala bilməz. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq mülki əhalini, məktəb və ya evləri, ibadət yerlərini hədəf almır. Hücuma məruz qalmış, torpaqları işğal olunmuş bir ölkə olsaq da, ordumuz yenə də döyüşü öz qaydalarına görə aparır. Məncə, beynəlxalq ictimaiyyət bunu görməlidir. Biz əsgərin əsgərlə müharibə aparmasını istəyirik, mülki əhali bu məsələyə cəlb olunmamalıdır.
Biz xalq olaraq, sülh tərəfdarıyıq. Bunu Cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edir. Amma Azərbaycan xalqının da səbri tükənməz deyil. Son hadisələr bütün beynəlxalq təşkilatlara, xarici dövlətlərə açıq bir mesaj olmalıdır ki, bu münaqişənin həlli artıq yetişib. Ya münaqişə sülh yolu həll edilər və biz öz dədə-baba torpaqlarımıza qayıdarıq, ya da son damla qanımıza qədər vuruşub o torpaqları azad edərik. Biz şəhidlik zirvəsinə ucalan hər bir əsgərimizin ruhu qarşısında baş əyirik və ümid edirik ki, torpaqlarımız ən tez zamanda qaytarılar və onların qanı yerdə qalmaz.
"Biz Qarabağın azad edilməsi kimi müqəddəs borcu gələcək nəsillərə ötürməyəcəyik"
Fəxrəddin Həsənzadə- Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru:
- Bu məğrur günlərimizdə xalqımız silahlı qüvvələrimizi səfərbər edərək Ali Baş Komandan İlham Əliyevin iradəsinə sadiq qalaraq bütün əhali - uşağı-böyüyü , qadını-kişisi ,yaşlısı-cavanı olmaqla ayağa qalxıb işğal olunmuş torpaqları geri almaq əzmini ortaya qoydu. Tarixdə 3 günlük istiqlal savaşı kimi yaddaşımda qalan döyüşdə ordumuzla birlikdə bölgələrdə yaşayan mülki vətəndaşlar da sağlam iradə nümayiş etdirərək, silahlı qüvvələrimizə və dövlətimizə dəstək nümayiş etdirdi. Bu döyüş, əslində həsrətdən daha çox inam idi. Kəlbəcərin işğalı günü bizim "məğlubiyyət sindromu" qırıldı. Tutduğu vəzifədən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin ürəyi və əməli Qarabağ cəbhəsində qovuşdu. 90-ci illərdə mənfur düşmənin birləşmiş ordusu bizim hünər ağacımızı kəssə də, kökündən qopara bilmədi. Biz o ağacı böyütdük, onun budağından şanlı hilalımızın saplağını düzəltdik və Seysulanda sancdıq. Təəssüf edirəm ki, qələbənin başlanğıcında şəhidlərimiz əbədiyyətə qovuşdu. Bu mübarək günü biz onların qanı bahasına qazandıq. Onlar uğrunda şəhid olduqları torpağı bizə Vətən deyə əmanət etdilər. Tam əminliklə deyə bilərəm ki, biz Qarabağın azad edilməsi kimi müqəddəs borcu gələcək nəsillərə ötürməyəcəyik.
Tofiq Abdulla