PDF Oxu

Siyasət

  • 102

Rusiya-Azərbaycan yaxınlaşması Sarkisyan rejimini çökdürür

Rusiya-Azərbaycan yaxınlaşması Sarkisyan rejimini çökdürür

Dağlıq Qarabağ probleminin həlli uzaqda deyil

Aprelin 2-də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə, işğal altında olan bir sıra ərazilər azad olundu. 4 günlük savaşda şəhid qanı ilə möhkəmlənən qələbə əzmi Azərbaycan, Qarabağ məsələsində son sözün ona məxsus olduğunu dünyaya bir daha nümayiş etdirdi. Həmçinin, Azərbaycan Ordusunun düşmən qarşısında üstünlüyünü göstərdi və məhz hərbi qüvvələrimizin gücü hesabına nəzərəçarpacaq irəliləyişlər əldə olundu. Azərbaycanın zəfəri həm də onu sübut etdi ki, ölkəmiz istənilən vaxt torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır.

Aprelin 5-də isə tərəflər arasında atəşkəs elan olundu.

Maraqlıdır ki, dörd günlük müharibə ərzində Ermənistanın gözləntilərinin əksinə olaraq, nə Qərb, nə Rusiya, nə də İran Azərbaycana qarşı sərt təpki göstərmədilər. Qeyd edək ki, döyüş günlərində Ermənistan tərəfi üçün xarici qüvvələrin müdaxilə etməməsi gözlənilməz idi və Yerevan hər vəchlə əllərində olan vasitələrlə regional qüvvələrin - əsasən İran və Rusiyanın münaqişəyə müdaxilə etməsinə çalışırdı. Məsələn, İran ərazisinə iki dəfə erməni hərbi birləşmələri tərəfindən "təsadüfən" raket mərmisinin atılması Tehranın qıcıqlanması və məsələyə qarışmasına hesablanmışdı. Yaxud erməni kütləvi informasiya vasitələrinin Türkiyənin proseslərə müdaxilə etməsini, prezident Ərdoğanın münaqişəni qızışdırmaqda maraqlı olmasını vurğulamaları, əslində Azərbaycanın hücumunu məlum Rusiya-Türkiyə münaqişəsinin davamı kimi təqdim etmək, bununla da Moskvanın hansısa müdaxiləsinə nail olmaq niyyəti daşıyırdı.

Qeyd edək ki, cəbhə bölgəsində atəşkəsin elan olunmasından sonra Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyaya yollanması və Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Azərbaycana gəlməsi Sarkisyanın narahatlığına birə-beş artırdı.

Elə bu səbəbdən də Sarkisyanın kansler Angela Merkellə görüşərkən, xüsusilə Rusiyanın Azərbaycana silah satmasının regionda gərginliyi artırdığını bildirməsi bu narahatlığın nə qədər ciddi olduğunu göstərir.

Eyni zamanda, Sarkisyan Moskvanın Bakıya daha çox təzyiq göstərməsinə çalışmaq üçün Almaniyaya şikayətlənmək yolu ilə Rusiyaya göstərmək istəyir ki, Qərb yönümlü siyasətə keçəcək. Bu, ilk növbədə onu göstərir ki, Rusiya əvvəlki illərdən fərqli olaraq, kəskin ermənipərəst mövqe tutmayıb və tərəflər arasında kompromisin əldə olunmasının işğal altındakı rayonların qaytarılması üzərində qurulmasının tərəfdarı kimi çıxış edir. Erməni mətbuatında da Moskvanın Yerevanı 7 rayonu qaytarmağa məcbur etməsi barədə vaxtaşırı məlumatların verilməsi isə bu fikri bir daha təsdiq edir.

Digər tərəfdən isə, belə güman etmək olar ki, ermənilər I Avropa Oyunları ərəfəsində bir sıra Almaniya mətbu orqanlarında Azərbaycana qarşı tənqidi məqalələrin dərc olunmasını unutmayıblar və düşünürlər ki, yenidən Berlini Bakıya qarşı qaldıra bilərlər.

Sarkisyan çıxış yolu axtarışında

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, cəbhədə baş verən gərginliklər fonunda Sarkisyanın Moskva səfərinin əsas məqsədlərindən biri Rusiyadan yeni silahların alınmasını sürətləndirməkdir: "Düzdür, Rusiya Ermənistana silahları göndərir. Amma yəqin ki, Sarkisyan Putindən yeni silahların verilməsini xahiş edəcək. Həmçinin, rəsmi Rusiyanın Azərbaycana silah satmasından narahat olduğunu deyir. Sarkisyan Putindən Azərbaycana silah satışının dayandırılmasını tələb edə bilər. Rusiyanın bu tələbi yerinə yetirməsi real görünmür. Rəsmi Moskva hər iki tərəfə hərbi texnika satmaqla balans yaratmaq istəyir".

Qabil Hüseynli qeyd edib ki, Azərbaycanın regiondakı son siyasi gedişləri də Ermənistan rəhbərliyini ciddi narahat edir. "Ona görə də səfər zamanı İran qazının Ermənistan ərazisindən ixracında rəsmi Tehranın mövqeyi də müzakirə oluna bilər. Çünki İlham Əliyevin İran səfəri və Azərbaycanın bağladığı yeni qaz müqaviləsi ilə Ermənistanın enerji dəhlizinə çevrilmə planları pozulur. Bu isə Ermənistanın blokada vəziyyətini dərinləşdirir. Ola bilsin ki, Ermənistan Türkiyəni bəhanə edərək öz strateji mövqeyindən alver vasitəsi kimi istifadə edəcək. Yəqin ki, Putin və Sarkisyan görüşündə bu problemlərdən çıxış yolları axtarılacaq".

Millət vəkili Zahid Oruc isə bildirib ki, tərəflərin yenidən atəşkəs rejiminə qayıtması razılığı, bilavasitə Rusiyanın təşəbbüsü ilə baş verdi. Onun sözlərinə görə, 4 günlük müharibə yüzlərlə yeni situasiya yaratdı:"Açıq şəkildə demək lazımdır ki, hazırda Vyanada ATƏT-in daimi şurasının toplantısının keçirilməsi xeyli gecikmiş tədbirdir və real olaraq proseslərə təsir edə bilmir. Hətta tədbir dünən baş tutsaydı, müxtəlif Avropa paytaxtlarından verilən bəyanatlar təmas xəttində qanlı döyüşlərə çox az təsir edəcəkdi. ABŞ və Qərb dairələrinin məsələyə xeyli neytral yanaşmalarına rəğmən, onlar münaqişənin hər zaman ağır fazaya keçmə reallığını qəbul ediblər. Nə Azərbaycan, nə də Ermənistan prosesə təsir etməyən tərəfi öz üzərində xüsusi bir qüvvə hesab edir. Ona görə də II Qarabağ savaşının ilk addımının yarıda dayanmasının başlıca səbəbi yenə də danışıqları Rusiyanın aparması oldu. Lakin bu atəşkəs heç bir halda 1994-cü ilin mayındakı atəşkəslə eyni qüvvəyə malik deyil".

Millət vəkili hesab edir ki, ələ keçirilən 2 kənd və 8 yüksəklik gələcəkdə Qarabağ prosesində mühüm bir səbəb, aralıq mərhələ, dönüş nöqtəsidir: "Baş verən hadisələr bir daha göstərdi ki, qələbə mümkündür. Hər halda çox böyük dəyişikliklər ərəfəsindəyik. Prosesin əslini və bütün sirləri bilən Ali Baş Komandandır. Prezident bu günlərdə beynəlxalq dairələrlə aparılan danışıqların əsas məğzini cəmiyyətə açmadan göstərir ki, çoxları üçün kiçik görünsə də, əldə edilən uğur Qarabağ prosesinin bütün gələcəyini dəyişəcək. Bu siyasi və olduqca mühüm mesajı artıq ölkə rəhbəri verib. Atəşkəs isə hazırkı dövrdə növbəti qələbənin davamlılığı üçün müəyyən bir şərtlə qəbul olunmuş mərhələdir. Lakin hər kəs bilməlidir ki, artıq Qarabağa gedən yol var".

Beləliklə, bu gün hamının keşiyində müsəlləh əsgər kimi dayandığı, üz tutduğu bir ünvan və bir şəxsiyyət var - Vətən və Ali Baş Komandan! Və yaşından, vəzifəsindən, sosial statusundan, harada və hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, soydaşımız Ali Baş Komandanın əmri ilə müqəddəs Vətənimizi düşməndən qorumağa, əzəli torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bir daha ortaya qoyur və xalqımız lazım olan məqamda çəkici bir yerə vurmağa, bir amal uğrunda birləşməyə və güc nümayiş etdirməyə qadirdir.

R.KAMALQIZI

Digər xəbərlər