"Yaxın zamanda görüşlərin, diplomatik uğurun müsbət nəticələrini görəcəyik"
"Ordumuzun aprelin 2-dən etibarən uğurlu hərbi əməliyyatlar keçirməsi və düşmən təxribatlarına, terrorrlarına layiqincə cavab verərək münaqişənin hazırki vəziyyətində üstünlük əldə etməsi, eləcə də son günlərin hərbi uğurları dünya ölkələri və nüfuzlu beynəxalq təşkilatların artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqe ortaya qoymasına əsas verir". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, politoloq Rufiz Qonaqov deyib.O bildirib ki, Azərbaycan uğurlu hərbi əməliyyatlardan sonra diplomatik üstünlük də qazanıb: "Bu da onda özünü göstərdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Rusiyanın xarici işlər naziri və baş naziri, eləcə də İranın XİN rəhbəri ölkəmizə səfər etdi. Bu həftə ərzində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Türkiyədə növbəti toplantısı keçirilməsi və cənab prezident İlham Əliyevin toplantıda iştirakı gözlənilir. Dünyada mövcud aparıcı qurum və dövlətlər bu məsələnin həllinin dondurulmuş vəziyyətdə qala bilməyəcəyini qeyd edərək tez zamanda Ermənistanın təcavüzkar qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyri-şərtsiz çıxmasını tələb edirlər. Bunun müqabilində müəyyən kompromis variantlar axtarılır. Cənab Prezident İlham Əliyev, eləcə də Azərbaycanın xarici işlər nazirliyinin də dediyi kimi yalnız Azərbaycanın Dağlıq Qarabağ ətrafı rayonları azad edildikdən sonra Dağlıq Qarabağın statusu məsələsinə Azərbaycan konstitutsiyası və mövcud beynəlxalq hüquq normaları çərçivəsində baxıla bilər. Düşünürəm ki, hazırki status-kvonun uzunmüddətli saxlanılması mümkün deyil. Yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı addımların atılacağının şahidi ola bilərik".Politoloqun sözlərinə görə, Azərbaycan Ordusu öz qətiyyətini, gücünü düşmənə artqı göstərib: "Qısa zaman ərzində böyük hərbi üstünlüyümüz oldu. Bu hər bir zaman təkrarlana bilər və öz torpaqlarımızı azad edə bilərik. Azərbaycan bu hüququ özündə saxlayır. Biz heç kəsin ərazisini işğal etməmişik. Müharibə Azərbaycan ərazisində gedir. Ərazilərimiz düşmən Ermənistan tərəfindən işğal olunub. Beynəlxalq ictimaiyyət də dərk edir ki, münaqişənin bundan sonra hazırki status-kvo formasında uzadılması qeyri-mümkündür. Buna görə də düşünürəm ki, yaxın zamanda görüşlərin, diplomatik uğurun müsbət nəticələrini görəcəyik".
sia.az