Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, eləcə də DQİDK-nın əməkdaşları, YAP Gənclər Birliyinin üzvləri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin və Bakı İslam Universitetinin tələbələri, ziyalılar, gənclər və media nümayəndələri iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Konfrans iştirakçıları Azərbaycan ordusunun şüacətindən, gənclərimizin öz vətənləri üçün göstərdiyi əzmkarlıqdan söhbət açıblar.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək deyib ki, Azərbaycan ordusu çox güclüdür və nəyə qadir olduğunu bir daha ermənilərə göstərdi: "Ordumuzun göstərdiyi şücaət həm Azərbaycan ordusunun nəyə qadir olduğunu, xalqımızın monolitliyini göstərdi, həm Ali Baş Komandanın ətrafında necə sıx birləşdiyini, həm də ölkə gəncliyinin əzmkarlığını, mübarizliyini göstərdi. Düşünürəm ki, bu əzmkarlıq, vətənpərvərlik yüksək qiymətə layiqdir. Bu həmçinin hər bir azərbaycanlının qəlbində iftixar, qürur hissi yaradır. Milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmamış bir gənclik vətənpərvər ola bilməz. Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir".Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, cəbhədə baş verən hadisələr zamanı bizlər Azərbaycan gəncliyinin nə qədər vətənpərvər olduğunun şahidi olduq: "Nəinki Azərbaycanın daxilində yaşayan bizim gənclərimiz, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan gənclərimiz də monolitlik göstərdilər. Beləcə, onlar cənab Prezidentin aparmış olduğu siyasəti tam dəstəklədilər. Onlar vətənləri, torpaqları üçün son damla qanlarını belə verməyə hazır olduqlarını bildirdilər. Həqiqətən biz belə gənclərimizlə, partiyamızın üzvləri və Azərbaycan vətəndaşları ilə fəxr edirik".Sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov "Müasir gənclik və Vətənə məhəbbət", Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov "Azərbaycan gənci: millilik, qazilik, şəhidlik", Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Hikmət Babayev "Multikultural cəmiyyətdə ortaq dəyər: Vətən uğruna vəhdət" mövzularında məruzələr ediblər.Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayevin çıxışları dinlənilib.Konfransın sonunda mövzu ətrafında müzakirələr aparılıb.
sia.az