İcitmai-siyasi, fəlsəfi və hüquqi fikir tarixində insan hüquqları və azadlıqları sahəsində nəzəri təlimlər qədim yunan, qədim Roma, qədim Şərq, sonralar isə ingilis və fransız mütəfəkkirləri tərəfindən ardıcıl olaraq inkişaf etdirilmiş, cəmiyyətin xoşbəxtliyi, ailənin səadəti, dövlətin demokratikliyi, hüquqiliyi və ədalətliliyi məhz bununla əlaqələndirilmişdir. Ümumiyyətlə, qədim Avropada, Qərb ölkələrində, xristian cəmiyyətlərində qadına münasibət kifayət qədər mənfi olmuş, uzun əsrlər boyu o, "şeytan" kimi lənətlənmişdir. Qədim Şərqdə qadına münasibəti yalnız islam dininin inkişafı ilə əlaqədar olaraq zaman-zaman dəyişmiş və inkişaf etmişdir.
Lakin bütün bunlar, heç də o demək deyildir ki, qadın hüquqları və azadlıqları islam ölkələrində yüksək səviyyədə olmuşdur. Buna baxmayaraq mili və dini mənsubiyyətindən asılı olmayaraq, bütün ağıllı və müdrik insanlar, zamanından və məkanından asılı olmayaraq qadın və kişi hüquqlarının bərabərliyini, bu və ya digər dərəcədə vacib hesab etmiş, bütün təqiblərə baxmayaraq hətta, bəzən onun uğrunda qətiyyətlə mübarizə aparmaqdan belə çəkinməmişlər.
Səidə Həsənzadə yazır: "Azərbaycan tarixində qadın hüquqlarının və azadlıqlarının qanunvericilikdə təsbit olunması və onun həyata keçirilməsi sahəsində vəziyyət dünyada baş verən proseslərdən əhəmiyyətli dərəcədə fərqlənməsə də, lakin ümumilikdə, qadına münasibət tarixən müəyyən hörmətə və diqqətə əsaslanmışdır. Elə buna görə də Azərbaycan tarixində bir çox qadın qəhrəmanlar, qadın hökmdarlar, qadın diplomatlar, bəlkə də başqa xalqlara nisbətən daha çox olmuş, sevilmiş və hörmət qazanmışlar. Azərbaycan Demokratik Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının və müstəqil Azərbaycan Respublikasının qanunvericilik tarixində qadın hüquqlarının və azadlıqlarının konstitusiyaya tənzimlənməsinə bu və ya digər dərəcədə xüsusi diqqət yetirilmiş, bu isə ilk öncə qadın hüquqlarının və azadlıqlarının dünyada qəbul edilmiş beynəlxalq standartlarına söykənmişdir.
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"na görə, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-ə qədər mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. Bu aktın 19-cu maddəsində "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"də, Helsinki müşavirəsinin Yekun Aktında və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüququ sənədlərdə nəzərdə tutulan bütün hüquqların və azadlıqların ölkədə maneəsiz həyata keçirilməsinə təminat verilmişdir. Konstitusiya mahiyyəti daşıyan bu mühüm sənəddə qadın hüquqlarının və azadlıqlarının mükəmməl təsbit olunması və onlara əməl edilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bununla yanaşı, ölkəmizdə qadın hüquqlarının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində ən dəyərli və mötəbər hüquqi sənət 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası olmuşdur. Konstitusiya (lat. Sonstitutio - "quruluş") qanunu olmaqla, ali hüquqi qüvvəyə malikdir. Bu sənəd dövlətin siyasi, hüquqi, iqtisadi, sosial sisteminin əsasını təsbit edir, ölkə vətəndaşlarının hüquqlarını və azadlıqlarını, onların təminatlarını müəyyən edir. F.Hacıyev yazır: "Konstitusiya" sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" mənasını verməklə, o aid olduğu dövlətin strukturunun əsasını, məqsədlərini və vəzifələrini, vətəndaşların statusunu, dövlətin hakimiyyət qollarını, hüquq sisteminin əsasını özüııdə əks etdirir. Ən ümumi şəkildə konstitusiya - ali hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və cəmiyyət, digər tərəfdən insan və dövlət arasında münasibətləri, dövlətin özünün təşkili əsaslarını tənzimləyən hüquq normalarının sistemi olmaq etibarı ilə onun tənzimləmə obyektləri sırasında dövlətin və şəxsiyyətin, insanın və vətəndaşın hüquqları və azadlıqları, onların konstitusiya təminatları mühüm əhəmiyyət kəsb edir. Dövlətin əsas qanunu hesab edilən Konstitusiyada qadının statusunun - hüquqlarının, azadlıqlarının, vəzifələrinin, məsuliyyətinin təsbit olunması bir insan, bir vətəndaş və bir şəxsiyyət kimi qadına qoyulan böyük hörmətin, diqqətin və qayğının nəticəsi kimi qiymətləndirilməlidir. Konstitusiyamızın ikinci bölməsinin üçüncü fəsli bütünlüklə "Əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına" həsr olunmuş, kişinin və qadının eyni hüquqları və azadlıqları olduğu təsbit olunmuşdur. Burada göstərilmişdir ki, Azərbaycan dövləti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının və azadlıqlarının bərabərliyinə təminat verir. İnsanın və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, dili, əqidəsi, siyasi və sosial mənsubiyyət əlamətlərinə görə məhdudlaşdırılması, bu göstəricilərə görə ayrı-seçkilik qadağan edilmişdir. Ümumiyyətlə, Konstitusiyada bir insan kimi qadının hüquqlarının və azadlıqlarının geniş təsbit olunması mükəmməl formada təmin edilmişdir.
S.Həsənzadə yazır: "Ölkəmizdə müstəqillik illərində cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsinə götürülmüş, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq standartlara cavab verən müdafiə mexanizmlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Konstitusiya məhkəməsinin, üçpilləli məhkəmə sisteminin, hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyətinin çoxsaylı müxtəlif təsisatlarının təşəkkülü və inkişafı sahəsində bu vaxta qədər olmayan uğurlu nailiyətlər əldə edilmişdir. Ulu Öndər Heydər Əliyev 19 sentyabr 1994-cü ildə "Qadınların IV Ümumdünya Konfransına hazırlıq"la əlaqədar olaraq "Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzalamışdır. Nəticədə 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransında Azərbaycan qadınları geniş şəkildə təmsil olunmuş və konfransın işində fəal iştirak etmişlər. İlk dəfə olaraq Azərbaycan qadınları "beynəlxalq səviyyəli tədbirdə bu qədər geniş tərkibdə və yüksək səviyyədə təmsil olunmuşlar". 30 iyun 1995-ci ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 18 dekabr 1979-cu il tarixli "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasına qoşulmuş və öz üzərinə müvafiq öhdəliklər götürmüşdür. Eləcə də ölkədə qadın siyasətinin əsas istiqamətlərini müəyyən etmək, bu sahədə məqsədyönlü iş aparmaq, problemləri həll etmək, qadınların kişilərlə bərabərliyini, xüsusi ilə onların dövlət idarəçiliyində fəal iştirakının təşkil və təmin olunmasını həyata keçirmək məqsədi ilə Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli 668 saylı Fərmanı ilə, ölkədə "Qadın problemləri üzrə Dövlət Komitəsi" yaradılmış, 14 yanvar 1998-ci il tarixdə "Azərbaycanda qadınların rolunun artırılması tədbirləri haqqında" 727 №-li Sərəncam imzalanmışdır. Bunun ardınca 25 sentyabr 1998- ci ildə Müstəqil Azərbaycan Respublikası qadınlarının ilk Qurultayı keçirilmişdir. Bu tədbir cəmiyyətdə qadınların rolunun əhəmiyyətli dərəcədə artırmışdır. Nigah və ailə münasibətlərinin tənzim olunmasında 28 dekabr 1999-cu il tarixdə qəbul edilmiş Ailə Məcəlləsinin böyük tarixi əhəmiyyət və rolu olmuşdur. 6 mart 2000-ci ildə Ümummilli Lider Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 289 saylı Fərman imzalanmışdır. Buna müvafiq olaraq elə həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 saylı Qərarı ilə "2000-2005-ci illər üçün Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Belə fəaliyyət proqramlarının hazırlanması, qəbul edilməsi və icrası sonrakı illərdə də ənənə şəklini almışdır. Bu da dövlətin qadın siyasəti sahəsində konkret vəzifələrinin müəyyən edilməsi, onların planlaşdırılması və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətin uğurla davam etdirilməsinə imkan yaratmışdır. 2003-cü ilin sentyabr ayında keçirilən Azərbaycan qadınlarının II Qurultayı qarşıda duran mühüm vəzifələri geniş müzakirə etmiş və müvafiq qərar qəbul olunmuşdur. Ümumiyyətlə, Azərbaycan qadınlarının I, II və III Qurultayları müstəqillik dövründə ölkənin qadın siyasətinin əsas istiqamətlərini və hədəflərini konkretləşdirmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqları ilə bağlı zəruri olan bütün beynəlxalq Konvensiyalar ratifikasiya edilmiş, Milli Qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində geniş tədbirlər həyata keçirilmişdir. BMT-nin "İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı" 2 dekabr 1949-cu il tarixli Konvensiyasının 31 may 1996-cı ildə, "Qadınların siyasi hüquqları haqqında" 20 dekabr 1952-ci il tarixli Konvensiyasının 4 avqust 1992- ci ildə, "İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" 21 dekabr 1965-ci il tarixli Konvensiyasının 31 may 1996-cı ildə, "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" 18 dekabr 1979-cu il tarixli Konvensiyasının 30 iyun 1995-ci ildə, "İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı mübarizə haqqında" 10 dekabr 1984-cü il tarixli Konvensiyasının 31 may 1996-cı ildə, "Ərdə olan qadının vətəndaşlığı haqqında" 29 yanvar 1957-ci il tarixlı Konvensiyasının 31 may 1996-cı ildə ratifikasiyası Milli Məclis tərəfindən həyata keçırilmişdir. Avropa Şurasının, digər beynəlxalq və regional təşkilatların qadın hüquqları ilə bağlı sənədləri ölkəmizdə ratifikasiya edilmiş və milli qanunvericilikdə bütün bunların nəzərə alınması təmin olunmuşdur. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ulu Qndərimiz Heydər Əliyevin hələ 1969-cu ildən başlayaraq əsasını qoyduğu, müstəqillik illərində tam formalaşdırılmış qadın siyasəti və bu sahədə ictimai münasibətlərin hüquqi tənzimlənməsi tədbirləri, cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Belə ki, ölkə prezidenti, cənab İlham Əliyevin 6 fevral 2006-cı il tarixli 361 saylı Fərmanı ilə "Qadın problemləri üzrə Dövlət Komitəsi"nin statusu daha da təkmilləşdirilərək "Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi" yaradılmış, onun səlahiyyətləri, hüquqları və fəaliyyət dairəsi genişləndirilmişdir. Komitənin müxtəlif istiqamətlərdə keçirdiyi tədbirlər ölkədə qadın hüquqlarının möhkəmləndirilməsinə əhəmiyyətli təsir göstərmişdir. "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiya üzrə IV dövr hesabatı ilə əlaqədar olaraq Komitənin həyata keçirdiyi tədbirlər kompleksi və onun nəticələri uğurlu olmuşdur. Hesabat dövründə ölkədə ayrıseçkiliyə qarşı mübarizədə qanunvericilik tədbirlərinin gücləndirilməsi, 2008-2012-ci illərə dair Milli Fəaliyyət Proqramının həyata keçirilməsi, qadınların irəli çəkilməsi sahəsində vacib hesab edilən təkliflər, qadın alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizənin təkmilləşdirilməsi tədbirləri, ictimai-siyasi həyatda, təhsildə, elmdə, məşğulluq sahəsində, qadın sağlamlığının təmin olunmasında, cəzaçəkmə yerlərində saxlanılan qadınların hüquqlarının qorunmasında, ailə münasibətlərində qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılmasında, məişət zorakılığına qarşı mübarizədə kənd qadınlarınm məşğulluq fəaliyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən fəaliyyət və yeni dövr üçün hazırlanan tədbirlər planı mühüm əhəmiyyət kəsb etmişdir.
10 oktyabr 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", 22 noyabr 2010-ci ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar qəbul edilmişdir. 2010-cu ilin may ayının 24-də Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə
məsul nazirlərin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransının Bakı Bəyannaməsinin qəbul edilməsi qadın problemlərinin həllində Azərbaycanın aparıcı mövqe daşımasının bariz nümunəsi idi. 29 dekabr 2012-ci il tarixli 800 saylı Sərəncamla "Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası"nın hazırlanması, "Azərbaycan ailəsi strategiyası"nın, habelə "Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı"nın, "Milli Uşaq strategiyası"nın və digər bu kimi sənədlərin qəbul edilməsi üzrə nəzərdə tutulan tədbirlər ölkəmizdə ailə, qadın və uşaq problemlərinin uğurlu həllinə stimul vermişdir. Bu gün müstəqil Azərbaycanda qadınların sayı, dövlətin və cəmiyyətin həyatında onların rolu və təsiri sürətlə artmaqda və genişlənməkdədir. Belə bir mərhələdə ölkəmizdə qadın hüquqlarının və azadlıqlarının konstitusiyada təsbit olunması, qorunması, mühafizəsi və qadın hüquqlarının daim genişləndirilməsi istiqamətində sistemli, ardıcıl və kompleks tədbirlər hazırlanmış və həyata keçirilməkdədir. Cəmiyyətdə, dövlət həyatında və ailədə qadın nə qədər xoşbəxtdirsə, bu eyni dərəcədə cəmiyyətə, dövlətə və ailəyə də aiddir. Aparılan təhlillər göstərir ki, bu gün konstitusiya və beynəlxalq hüquqda qadın hüquqlarının və azadlıqlarının səciyyəvi xüsusiyyətlərinin müəyyən edilməsi, müqayisəli təhlillərinin aparılması, kompleks elmi-nəzəri təhlili və tədqiqi son dərəcə aktual və vacibdir. Qadın hüquqları sahəsində beynəlxalq hüquqi sənədlərdə nəzərdə tutulan standartların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunması qadınlara münasibətdə müstəqilliyin ən böyük nailiyyətlərindən biri hesab oluna bilər.
Azərbaycan Respublikasının suveren bir dövlət kimi yaranmasında, inkişafında və möhkəmləndirilməsində əsas qanun hesab edilən Konstitusiyamızın olduqca mühüm yeri və rolu olmuşdur. Bu mühüm sənəd xalqın iradəsini ifadə etməklə ali hüquqi qüvvəyə malikdir və ölkədə ondan yüksək normativ hüquqi akt yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının referendum - ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi onun ən yüksək, demokratik və hüquqi əsaslarını səciyyələndirən mühüm keyfiyyət göstəricisi kimi qiymətləndirilə bilər. Konstitusiya hüququnun mənbələri sırasında təbii hüquq və pozitiv hüquq mənbələri əsas rol oynayır və aparıcı mahiyyət daşıyır. Bu nənada Azərbaycan Respublikasının Konstitusiyası xalq hakimiyyətini, dövlətin hüquqi əsaslarını, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, qanunverici, icraedici və məhkəmə hakimiyyətini özündə birləşdirən dövlət hakimiyyətini, o cümlədən Naxçıvan Muxtar Respublikasının hüquqlarını, səlahiyyətlərini və vəzifələrini, yerli özünüidarə orqanlarının statusunu, qanunvericilik sistemini, konstitusiyaya edilə bilən dəyişikliklərin və əlavələrin hüquqi əsaslarını özündə ehtiva edən, ən yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt hesab edilir. O, ölkənin sosial, siyasi, huquqi, iqtisadi və digər sahələrdə ictimai münasibətlərini ali səviyyədə tənzim edən ən mühüm sənəddir. Ölkədə bütün digər hüquqi aktlar yalnız onun əsasında, ona müvafiq olaraq və onun tələblərinə cavab verən bir səviyyədə qəbul edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyası, xalq hakimiyyətinin və xalq suverenliyinin tanınmasını, əsas dövlət orqanlarının seçkili olmasını, dövlət idarəetməsində vətəndaşların hüquq bərabərliyinin təmin edilməsini, taleyüklü qərarların çoxluq tərəfindən qəbulunu, dəstəklənməsini vacib hesab edir və bu şərtlərə əsaslanır. İnsan hüquqlarının və azadlıqlarının anadangəlmə, ayrılmaz və universal xarakterini, qanunun aliliyini, şəxsiyyətin hüquqlarının təmin olunmasını, hakimiyyət bölgüsünün real surətdə həyata keçirilməsini, müstəqil məhkəmə hakimiyyətinin mövcudluğunu, xalqın - hakimiyyətin mənbəyi olması kimi prinsiplərə əsaslanır. Azərbaycan Respublikasının yeni konstitusiyasının ən mühüm keyfiyyət göstəricilərindən biri də ondan ibarətdir ki, bu sənəd beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə, normalarına, şərtlərinə, beynəlxalq konvensiyaların tələblərinə əsaslanır, insan hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin qarşısında duran mühüm vəzifələrdən biri hesab edir. Bu sənəddə ölkəmizdə qadın hüquqlarının və azadlıqlarının ən yüksək səviyyədə təsbit olunmasına, onun müdafiəsinə və mühafizəsinə xüsusi önəm verilmişdir.
Bütün bu tədbirlərə baxmayaraq, ölkəmizdə qadın hüquqlarının və azadlıqlarının konstitusiya hüququ tədqiqi indiyə qədər müstəqil araşdırma mövzusu olmamışdır. Müstəqillik illərində demokratik, hüquqi, dünyəvi və unitar respublika quran, insan və vətəndaş hüquqlarının və əsas azadlıqlarının təmin olunmasını, vətəndaşlarına layiqli həyatsəviyyəsinin təmin edilməsini başlıca və şərəfli vəzifəsi hesab edən Azərbaycan Respublikasında, qadının konstitusiya statusunun elmi-nəzəri tədqiqinə və hüquqi tənzimlənməsinə dair mükəmməl təkliflərin verilməsi, son dərəcə aktual və vacibdir. Bu problemin konstitusiya hüququ ılə beynəlxalq hüququn müqayisəli, kompleks və sistemli tədqiqi əsasında, ümum elmi və xüsusi elmi tədqiqat metodlarından, nəzəri, təcrübi təlimlərdən I beynəlxalq ənənələrdən və elmi yanaşmalardan yaradıcılıqla istifadə etməklə araşdırılması milli elmimiz qarşısında duran mühüm vəzifələrdən biridir. Bu gün ölkəmizdə qadın hüquqlanın və azadlıqlarının konstitusiya tənzimlənməsi yüksək səviyyədə təmin edilmiş və beynəlxalq hüquqi standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin "Uşaq hüquqları haqqında" Qanunun qəbul edilməsi, müstəqil ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsini"n yaradılması və fəaliyyəti Azərbaycan qadınının hüquq və azadlıqlarına verilən böyük töhvədir. Əminliklə demək olar ki, bu sahədə növbəti dövlət proqramı uğurla həyata keçiriləcək və ölkəmizdə qadın hüquqlarının etibarlı şəkildə təmin olunması həyata keçiriləcəkdir.
Vahid Ömərov
fəlsəfə üzrə fəlsəfə doktoru