Erməni mətbuatı: "Qarabağ Azərbaycanın qanuni ərazisidir"
Qarabağda baş verən son hadisələr Ermənistan üçün ölümcül ibrət dərsi olduğu bir daha göründü. Ancaq neyləyəsən ki, həyasız və quduzlaşmış Ermənistan rəhbərliyi bunu dərk etmir, çünki dərk etməyə də qadir deyil. Ancaq erməni xalqı və yazarları, nəhayət ki, anlayaraq Sarkisyana reallıqları anlatmağa çalışıblar. Elə götürək erməni portalı olan "Lragir"də Naira Ayrumyanın 2-5 aprel günlərində qoşunların təmas xəttində baş vermiş qarşıdurmaya həsr edilmiş yazısında ölkəsinin müstəqil ölkə olmadığını bildirir. Məqalə müəllifi aprelin 2-də başlamış və 4 gün davam etmiş döyüşlər nəticəsində Azərbaycan Odusunun Ermənistanın 20 il ərzində möhkəmləndirdiyi istehkamları yararaq strateji yüksəklikləri ələ keçirməsinin Yerevana bir neçə istiqamətdə zərbə vurduğunu da yazıb. Onun fikrincə, Ermənistan ictimaiyyəti anlayıb ki, ölkələri müstəqil dövlət deyil, müstəmləkədir: "Ermənistanın müttəfiqləri yoxdur, sadəcə Ermənistanı istiqlaliyyətdən məhrum edərək müstəmləkəyə çevirmiş metropoliya - Rusiya var. Ermənistanın diplomatiyası da yoxdur. Ermənistanın xarici siyasəti də metropoliyaya işləyir - öz maraqlarını irəli sürmür, öz xalqını qurban verir".
Naira Ayrumyan düşünür ki, Ermənistanda siyasətçi xüsusiyyətlərinə malik rəhbərlər yoxdur: "Demək olar ki, bir il gizlətdilər ki, Rusiya kreditə vəd etdiyi yüksək dəqiq silahları göndərmir".
Məqalədə dördüncü ölümcül ibrət dərs kimi Ermənistanın xarici müdafiə siyasətinin olmamasının aydın olduğu bildirilir: "İsraillə, o cümlədən yüksək texnologiya sahəsində əlaqə qurmaq əvəzinə, biz İsrailə düşmən olan ərəb dövlətləri ilə dostluq edirik, çünki indi ərəblər Rusiyanın müttəfiqləridir".
"Qarabağ Azərbaycanın qanuni ərazisidir"
Fransanın "Le Huffington Post" portalında Avropada Təhlükəsizlik və İnkişaf İnstitutunun (İPSE) tədqiqatçısı, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun "Dağlıq Qarabağ: münaqişənin təcili həlli" başlıqlı məqaləsi dərc olunub. Müəllif məqalədə Dağlıq Qarabağda atəş səslərinin yenidən eşidilməsindən və onun bütün Cənubi Qafqaz regionunu bürümək təhlükəsindən söz açır. O, Dağlıq Qarabağ münaqişəsinın 20 ildən artıqdır ki, həll olunmadığını, münaqişə nəticəsində bir milyondan çox dinc əhalinin doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyünü və onların bu illər ərzində yalnız doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşadıqlarını xatırladır. Müəllif Dağlıq Qarabağ münaqişəsinin mənbəyinə toxunaraq, bu torpaqların Azərbaycanın qanuni ərazisi olduğunu bildirir. P.Lalond Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımından, bir gecədə 106 qadın, 63 uşaq olmaqla, 613 dinc əhalinin qətlə yetirilməsindən bəhs edərək, Dağlıq Qarabağın bu günədək BMT tərəfindən Azərbaycan torpaqları kimi tanındığını vurğulayır. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrə məhəl qoymadığını bildirir.
Müəllif BMT, Avropa Parlamenti və ATƏT-in Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında digər 7 rayonu dərhal işğaldan azad etməsini tələb etdiklərini diqqətə çatdırır. Qeyd olunur ki, müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycan Respublikası dünyəvi ölkədir, radikal islamçı fəaliyyətlərin şiddətləndiyi bir vaxtda ölkəmizdə qadın və milli azlıqların hüquqlarının müdafiəsinə xüsusi diqqət verilir.
Bəli, məhz bu amil deməyə əsas verir ki, artıq Ermənistanın özündə də ciddi qarşıdurmalar yaşanmaqdadır. Müharibədən, aclıq və səfalətdən bezən xalq Sarkisyan rejiminə nifrətini gizlətmir. Digər tərəfdən, dünya birliyinin də bu məsələdə artıq real həqiqətləri görməyə başlaması işğalçı rejimi çox pis vəziyyətə qoymaqla yanaşı, onları dalana dirəyir. Artıq hər şey Ermənistanın istədiyi kimi deyil və bu dəfə Azərbaycan öz qüdrətli, güclü ordusu ilə sözünü deyir və beynəlxalq aləm bunu dərk edir.
R.HÜSEYNOVA