PDF Oxu

Siyasət

  • 103

Qarabağ hadisələri müxalifətdaxili qarşıdurmaların səngiməsinə təsir etmədi

Qarabağ hadisələri müxalifətdaxili qarşıdurmaların səngiməsinə təsir etmədi

Müxtəlif cəbhələrdə qərarlaşan siyasilərin savaşı davam etdir

Qarabağ cəbhəsində baş verən məlum hadisələr gündəmin əsas mövzusu olaraq qalsa da, müxalifətin müxtəlif cəbhələrində qərarlaşan siyasilər özləri arasında uzun müddətdən bəri davam edən savaşlarını səngitmirlər. Heç bir qarşılıqlı anlaşmaya və güzəştlərə getməyən müxalifət təmsilçiləri, hətta belə bir anda daxili intriqaları kənara qoyub, ümumxalq maraqlarının müdafiəsinə birgə şəkildə qatılmırlar. Əksinə, müxalifətin radikal qanadının təmsilçiləri xalqın və dövlətin maraqlarına zidd fikirlər səsləndirməklə, bir daha xəyanətkar mövqelərini sərgiləməkdədirlər.

Elman Fəttahla Tofiq Yaqublu arasında kəskin polemika yaşanıb- Müsavatın maraqları AXCP və "Milli Şura"ya satılır

Xüsusilə, AXCP və Müsavat partiyaları arasında davam edən qarşıdurmalar, hədsiz və sonu görünməyən ittihamlar vəziyyətin nə yerdə olduğunu kifayət qədər nümayiş etdirməkdədir. Məsələn, bəlli olub ki, bugünlərdə Müsavatın başqan müavinləri Elman Fəttahla Tofiq Yaqublu arasında kəskin polemika yaşanıb və birinci ikincini Müsavatın maraqlarını AXCP-yə satmaqda günahlandırıb. Daha dəqiq desək, Tofiq Yaqublu həbsdən çıxar-çıxmaz təmsil olunduğu Müsavat partiyasının Əli Kərimlinin sədri olduğu AXCP ilə münasibətlərini düzəldəcəyini vəd verib, üstəlik, hər iki təşkilatın bir arada fəaliyyət göstərəcəyini iddia edib.

Tofiq Yaqublunun fikirlərinə müsavatçı funksionerlər tərəfindən veto qoyulur - Hətta İsa Qəmbər də bunun əleyhinədir

Ancaq onun bu kimi təklifi partiyadakı funksionerlər tərəfindən hədsiz qəzəblə qarşılanıb. Qeyd olunub ki, artıq Müsavatla AXCP-ni heç bir maraq birləşdirmir. Bu səbəbdən, T.Yaqublunun bəlli təşəbbüsü heç bir müsbət nəticə verməyəcək. Müsavtçılar başqan Arif Hacılının partiyaya sədr seçilməsindən dərhal sonra AXCP sədri Ə.Kərimlinin ayağına getməsini, Kərimlinin isə Hacılının yeni əməkdaşlıq təklifini qətiyyətlə rədd etməsini, real müxalifətin "Milli Şura"da olduğunu bildirməsini əsas gətirərək, yenidən bu addımın atılmasını məqsədəuyğun hesab etmirlər. Ona görə də T.Yaqublunun fikirlərinə müsavatçı funksionerlər tərəfindən veto qoyulur. Çünki T.Yaqublu Müsavatın "Milli Şura"da təmsil olunmamasına baxmayaraq, bu qurumda üzv qalmaqdadır. Bu səbəbdən, E.Fəttah durumu və partiya rəhbərliyinin mövqeyini Yqaubluya izah etməyə çalışıb. O deyib ki, nəninki A.Hacılı, o cümlədən, partiyanın sabiq başqanı İ.Qəmbər də AXCP və "Milli Şura" ilə əməkdaşlıq etməyi lüzumsuz hesab edir.

Beləlkilə, şəhərin mərkəzində fəaliyyət göstərən iaşə məkanlarının birində baş tutan görüşdə T.Yaqubluya Ə.Kərimlinin A.Hacılını aşağılaması, alçaçtması xatırladılıb.

Yaqublunun Müsavat partiyasından çıxaraq Ə.Kərimlinin AXCP-sinə transfer olunacağı ehtimalı çoxalır

Maraqlısı da budur ki, Yaqublu bütün bunlara baxmayaraq, fikrindən geri çəklməyəcəyini növbəti dəfə iddia edib. Onun bu addımları isə söz yox ki, A.Hacılı başda olmaqla, onun yaxın ətrafını hiddətləndirib. Artıq yaxın zamanlarda Yaqublunun Müsavat partiyasından çıxaraq Ə.Kərimlinin AXCP-sinə tranfer olunacağı ehtimalı çoxalır. Əgər bu, baş verərsə, Müsavat partiyasının növbəti parçalanması baş verəcək. Çünki bu günə qədər Müsavatın məlum qurultayından sonra saxta yolla başqan seçilən A.Hacılıya əks olanların əksər çoxluğu qurumdan ya istefa verib, ya da zorən qovulub. ADR, "Ağ Blok" kimi təşkilatlar və oradakı insanların böyük əksəriyyəti sabiq müsavatçılardır.

Tural Abbaslı Gülağa Aslanlının, Elman Fəttahın, Razim Əmiraslanovun və sairlərin də vaxtı çatanda Müsavat sıralarından istefaya gedəcəklərini iddia edib

Sözügedən məsələyə münasibət bildirən "Ağ blok"un idarə heyətinin sədri Tural Abbaslının fikrincə, Müsavatda nə qədər ki, Arif Hacılı başqandır və o, yenə partiyanı bu cür idarə edəcək, partiya davamlı olaraq üzvlərini itirəcək. Sitat: "Partiyada küsmələr, incimələr, qopmalar və qovulmalar davam edəcək. Bu zaman-zaman baş verəcək. Bu cür hallar ya hansısa siyasi proses öncəsi, ya da daxildə baş verən hadisələrdən qaynaqlanan ayrılıqlar olacaq. Bu, artıq Müsavatda qaçınılmaz haldır".

Abbaslı Müsavatda zaman-zaman daha kəskin qarşıdurmaların yaranacağını da proqnozlaşdırıb, hətta bu gün A.Hacılının yaxın ətrafı hesab edilən insanların – Gülağa Aslanlının, Elman Fəttahın, Razim Əmiraslanovun və sairlərin də vaxtı çatanda, Müsavat sıralarından istefaya gedəcəklərini iddia edib: "Bu cür halların gözləntiləri hər zaman var və mütəmadi olaraq da davam edəcək. Mən əminəm ki, zamanında A.Hacılını dəstəkləmiş insanlar arasında da onun apardığı siyasətə qarşı çıxanlar olacaq. Onlar da bu yanlış siyasəti həzm etməyəcəklər. Artıq bunun bəlli nümunələri də var".

Görünən isə budur ki, düşərgədaxili vəziyyətin gərgin olaraq qalması ənənəvi müxalifətin ictimai rəydəki aşağı nüfuzunu daha da düşürür və bu amilin davam etməsi yaxşı heç nə vəd etmir. Nəticədə, müxalifətdə yeni qurumlar yaranmağa başlasa da, onların təfəkkürlərində yenilik baş qaldırmır. Yeni adla köhnə təfəkkürdə fəaliyyət göstərmək isə nəticəsizlik kimi qiymətləndirilir.

Rövşən RƏSULOV

Digər xəbərlər