Vətəndaş Həmrəyliyi Partiyasının təşkilatçılığı ilə müxalifət partiayaları arasında keçirilən tədbirin gizlinləri üzə çıxıb. Tədbirdə Müsavat və AXCP də iştirak edib. Arif Hacılı və İsa Qəmbərin də iştirak etdiyi tədbirdə AXCP-ni Nurəddin Məmmədli təmsil edib. Bəs sözügedən tədbirdə hansı münaqişə və nə üçün yaşanıb? Sən demə, tədbirdə iştirak edən Nurəddin Məmmədlinin çıxışı yayımlanmayıb, tədbirə həsr olunan yazıda onun adı belə çəkilməyib. Bundan sonra Müsavat-AXCP-VHP arasında gərgin anlar yaşanıb. Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün VHP Ali Məclisinin sədri Rafiq Manaflı bildirib ki, tədbirə aid materialları Müsavat öz mövqeyindən işıqlandırıb: "Müsavat partiyasının mətbuat xidməti tədbirdə videoçəkiliş aparıb və öz maraqları prizmasından material yayıb. Bunun VHP-yə və Sabir Rüstəmxanlıya nə dəxli var, onu anlaya bilmirəm. Tədbirin təşkilatçılarının səhvi ondadır ki, gərək özləri çəkiliş təşkil edəydilər".
Bundan dərhal sonra AXCP sədrinin müavini Nurəddin Məmmədli tədbirdə etdiyi çıxışın mətnini Feysbukda yayıb. Bununla da narazılıq ifadə olunub. Onun yaydığı çıxışın şərhlər hissəsinə müxtəlif fikirlər yazılıb və bu fikirlərin bir çoxu tənqid və təhqir üslubunda olub.
Maraqlıdır ki, sözügedən tədbirdə Müsavat partiyasının sədri Arif Hacılı və sabiq başqan İsa Qəmbər çıxış edib. Eləcə də Müsavata yaxın bir neçə partiya sədrinin də çıxışı olub. Bütün çıxışçıların da fikirləri materialda əksini tapıb. Lakin hazırlanan videomaterialda Nurəddin Məmmədlinin çıxışının olmaması bir daha xəbər verir ki, Müsavat və AXCP arasındakı dava-dalaş həm də İsa Qəmbər-Arif Hacılı cütlüyü ilə Əli Kərimli arasında olan düşmənçilikdir. Baş vermiş bu hadisə AXCP-də böyük qıcıq doğurub. Odur ki, cəbhəçilər sosial şəbəkələrdə bununla bağlı ironik münasibətlər ifadə ediblər. Görünən budur ki, Müsavat partiyası AXCP-VHP münasibətlərində problem yaradıb. Üstəlik, VHP-nin mövqeyini partiyanın ikinci adamı Rafiq Manaflı ifadə edib. R.Manaflı həm də "Milli Şura"nın koordinasiya mərkəzinin üzvüdür. Başqa sözlə, Müsavat həm də "Milli Şura"nın üzvləri arasında problem yaradıb.
Məsələ bundadır ki, yaranmış bu vəziyyətlə bağlı Müsavat partiyası heç bir mövqe bildirməyib. Əksinə, son iki gün ərzində "Yeni Müsavat" qəzetində, eyni zamanda İsa Qəmbərə yaxın olan saytlarda Əli Kərimli və partiyası sərt şəkildə tənqid və təhqir olunur.
Samir