PDF Oxu

Siyasət

  • 97

BMT Təhlükəsizlik Şurasında niyə müsəlman dövləti yoxdur?

BMT Təhlükəsizlik Şurasında niyə müsəlman dövləti yoxdur?

Arzu Nağıyev: "Daimi üzvlər bununla razılaşmır və qərarların məhz inanca görə veriləcəyini səbəb kimi göstərirlər"

Müsahibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, BMT Təhlükəsizlik Şurasının daimi üzləri sırasında islam dünyasından dövlət olmaması nə ilə bağlıdır?

- Ümumiyyətlə, BMT-nin yaranması ideyası ikinci dünya müharibəsi vaxtı meydana gəlib və müharibənin dayandırılmasını istəyən əsas dövlətlər olmaqla Ruzveltə məxsusdur. BMT-nin təxminən beş milyard dollar büdcəsi var ki, bu da bütün üzvlər tərəfindən ödənilir. Mütəmadi olaraq bir sıra dövlətlər daimi üzvlüyə iddia edirlər və müsəlman dövlətləri arasında ən çox iddialı ölkə İndoneziyadır, həm əhalisinin sayına görə, həm də geosiyasi vəziyyətinə görə. Bundan başqa Pakistan da bu fikirlə müraciət edib, Hindistan da. Lakin daimi üzvlər bununla razılaşmır və qərarların məhz inanca görə veriləcəyini səbəb kimi göstərirlər. Bir sözlə, Çorçillin də dediyi kimi, burada əsas məsələ dünya proseslərini təmsil edən dövlətlərdir.

- Düşünmək olarmı ki, islam dünyasından hansısa bir ölkənin Təhlükəsizlik Şurasında təmsil olunması islam dünyasının problemlərinin, xüsusilə də, konfliktlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər?

- Bu, inandırıcı görünmür. Çünki yuxarıda qeyd edildiyi kimi, dünyada baş verənlər tək inanc və ya konsesual əsasda baş vermir. Hətta bu cür olsa belə, BMT-nin 10 qeyri-daimi üzvləri arasında bütün dünyanı təmsil edən dövlətlər var və onlar buna imkan verməzlər. Bundan başqa, müsəlman dövlətlərinin daxilində də ayrı-seçkilik yaratmaqla, onlara daimi üzv olmağa imkan verməzlər. Həm də əsas məqamlardan biri də ödənişlər etməkdir.

- BMT-nin son illər nüfuzunun aşağı salınması prosesi gedir. Bu, bilərəkdən bəzi dövlətlərin qurduğu plan ola bilərmi?

- Nüfuzun aşağı salınması deyəndə, əsas məsələ qəbul edilən qətnamələrin icra mexanizminin dəqiq olmaması və ya yerinə yetirilməməsindən ibarətdir. Elə münaqişələr var ki, artıq orada BMT-nin sülhməramlıları konfliktləri yatıra bilib, eləsi də var ki, edə bilməyib. Yəni icra mexanizmindən asılı olan və ya mandatla kiməsə həvalə olunan məsələlərdə də nəzarət mexanizminin zəif olması, düşünürəm ki, nüfuz məsələsinə təsir edən əsas amildir.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan haqqında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri var. Bu isə icra edilmir. Bu fakt onu deməyə bir daha əsas verirmi ki, BMT öz nüfuzunu bilərəkdən, həm də özü aşağı salır?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğal edilən rayonların qeyd-şərtsiz boşaldılması haqqında BMT tərəfindən qəbul edilən dörd qətnamə yerinə yetirlmir. Bu, təəssüf doğurur. Bundan başqa BMT-nin mandatı əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupu və onun təmsil etdiyi dövlətlər də, ancaq ümumi xarakterli bəyanatlar verir, Ermənistanın təcavüz faktını nəzərə almırlar. Təbii ki, bu, həm erməni lobbisinin, həm də Sarkisyan hakimiyyətinin və onun havadarlarının birbaşa BMT-nin qərarlarının icra edilməməsinə təsir göstərə bilməsindən xəbər verir , bunun müqabilində sanksiyalar da tətbiq edilmir. Təbii ki, bu kimi faktlar BMT-nin nüfuzunu aşağı salan məsələdir.

GÜLYANƏ

Digər xəbərlər