Bu dəfə VHP çərçivəsində
Bu günlərdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Qarabağ mövzusu ilə bağlı tədbir keçirilsə də, həmin tədbirdə iştirak etmiş müxalifət partiyaları arasında ciddi qarşıdurma yaşanıb. Qeyd edək ki, həmin tədbirin təşkilatçısı VHP olsa da, əsas qarşıdurma Müsavatla AXCP arasında olub. Daha dəqiq desək, cəbhəçilər VHP ilə yanaşı, Müsavatı da hədəfə alaraq, onlara qarşı "növbəti xəyanətin" düzənləndiyini iddia ediblər. Məsələ isə ondadır ki, sözügedən tədbirdə AXCP-ni Ə.Kərimli deyil, onun müavini N.Məmmədli təmsil edib. Yəni orada çıxış edənlər arasında cəbhəçi funksioner də olub. Lakin onun çıxışı sonradan mediada yer almamaqla yanaşı, aparılan videoçəkilişdə görüntüsü belə verilməyib. Məhz bundan dərhal sonra AXCP sədrinin müavini N.Məmmədli tədbirdə çıxış etdiyini sübut etməkdən ötrü, onun mətnini "facebook"da qeyd edib.
Əli Kərimlinin AXCP adlı bandasının söyüş qrupu bu cür məsələlərdə nə qədər "peşəkar" olduqlarını dərhal sübuta yetiriblər
Beləliklə, qeydi ilə yanaşı AXCP-yə qarşı "təxribat"ın olduğunu da iddia edən N.Məmmədli işarə edib ki, cəbhəçilərin sosial şəbəkədəki söyüş qrupu onlara qarşı bu cür davranan VHP və müsavatçıları təhqir etsinlər. Əlbəttə ki, Ə.Kərimlinin AXCP adlı bandasının söyüş qrupu bu cür məsələlərdə nə qədər "peşəkar" olduqlarını dərhal sübuta yetiriblər. VHP və onun sədri Sabir Rüstəmxanlı başda olmaqla, Müsavat başqanı A.Hacılı və s. müxalifət partiyalarının təmsilçiləri hədəfə alınıblar. İlk başdan onu da qeyd edək ki, N.Məmmədlinin sosial şəbəkədəki ittihamları, eləcə də həmin ittihamlarından sonra başladılan söyüş kampaniyası buna bariz sübutdur.
Rafiq Manaflı: "Bunun VHP-yə və Sabir Rüstəmxanlıya nə dəxli var, onu anlaya bilmirəm"
Lakin Müsavat bu məsələyə münasibət bildirməsə də, VHP-nin reaksiyası gecikməyib. VHP ali məclisinin sədri Rafiq Manaflı da sosial şəbəkədə bununla bağlı mövqeyini açıqlayıb və AXCP-nin ittihamlarımı Müsavatın üzərinə atmağa çalışıb. Qeyd edib ki, tədbirə bir çox partiyalar dəvətli olub, o cümlədən Müsavat partiyası: "Müsavat partiyasının mətbuat xidməti tədbirdə videoçəkiliş aparıb və öz maraqları prizmasından material yayıb. Bunun VHP-yə və S.Rüstəmxanlıya nə dəxli var, onu anlaya bilmirəm. Tədbirin təşkilatçılarının səhvi ondadır ki, gərək özləri çəkiliş təşkil edəydilər. Yazılı məlumat hazırlanır və yayılacaq..."
Xatırlatmaq yerinə düşərdi ki, AXCP-nin sədri Qarabağ toplantısında iştirak etməsə də, Müsavat partiyasının sədri A.Hacılı, sabiq başqan İ.Qəmbər orada çıxış ediblər. Eləcə də Müsavata yaxın bir neçə partiya sədrinin, KXCP sədri M.Mirəlioğlunun, "Əhrar" sədri V.Hacıbəylinin və sairlərinin də çıxışları olub.
VHP təmsilçisi olan "Milli Şura" üzvü qurumda arzuolunmaz hesab ediləcək
Bütün bunların fonunda AXCP rəsmisi N.Məmmədlinin çıxışının olmaması isə Ə.Kərimli tərəfdarlarının qıcıqlanmasına səbəb olub. Nəticədə, VHP və Müsavata qarşı hücumlara start verilmiş olub.
Bu arada onu da qeyd edək ki, R.Manaflı həm də AXCP sədri Ə.Kərimlinin yedək qurumu hesab edilən "Milli Şura"nın koordinasiya mərkəzinin üzvüdür. Bu isə, eyni zamanda belə qənaətə gəlməyə əsas yaradır ki, məsələ həm də "Milli Şura"nın üzvləri arasında problem yaradıb. Hətta kifayət qədər ehtimal etmək olar ki, VHP təmsilçisi olan"Milli Şura" üzvü R.Manaflı qurumda arzuolunmaz hesab ediləcək. Nəticə isə budur ki, müxalifət ümummilli məsələ olan Qarabağ münaqişəsinə dair tədbirlərdə belə, bir araya gəlməyi bacarmır. Bu isə düşərgənin, bütövlükdə milli maraqlardan deyil, fərdi maraqlar baxıımından çıxış etməsini növbəti dəfə sübuta yetirir.
Rövşən RƏSULOV