Elbəyi Həsənli: "Arif Hacılı İsa Qəmbərin xeyir-duası ilə Müsavatı qəbiristanlığa göndərdi"
Müxalifət düşərgəsində təmsil olunan funksionerlərlə bərabər onların nəzarətində olan mətbu orqanların nümayəndələri də tutduqları yolun zaman-zaman doğru olmadığını anlayırlar. Son illər ərzində radikal müxalifət düşərgəsindən istefa verənlərin bəyanatları bir etirafdır və bu, sübut edir ki, Azərbaycandakı vəziyyəti "Azadlığ"ın qərəz dolu səhifələrinə baxıb dəyərləndirmək ağılsızlıqdır. Uzun illərini Ə.Kərimlinin, İ.Qəmbərin yarıtmaz siyasi fəaliyyətlərinin təbliğinə həsr edən müxalifətyönümlü jurnalistlərin etirafları isə, daha maraqlı olur. Vaxtilə bu iki şəxsə görə, özlərini hər oda vuran "pərvanələr" ömürlərini də peşmançılıq içərisində başa vururlar. Məsələn, Azərbaycanda guya siyasi təzyiqlərin olduğunu bəhanə gətirib qaçıb İsveçrədə yaşayan Elbəy Həsənli Ə.Kərimli və İ.Qəmbər haqqında sərt mövqe sərgiləyib. Onun müxalifət haqqında səsləndirdiyi ittihamlara keçməzdən öncə suallarım var. Elbəy Həsənli, həmişə deyirsən ki, Azərbaycanda müxalifət mətbuatına nəsə yazmağa imkan vermirlər. O zaman de görək, hazırda sənin də "günah mənbəyi" kimi baxdığın "Azadlıq" qəzeti bu qədər qərəz və düşmənçilik dolu materiallarını necə yazır? Kimsə onları döyüb-söyürmü? Hər gün də qəzet çıxarırlar. Əgər könlündən daha rahat şəkildə, əziyyətsiz yaşamaq keçibsə və buna görə İsveçrəyə üz tutmusansa, bunun günahını iqtidarda deyil, özündə və illərlə xidmət etdiyin "bəy"lərinə axtar.
"Azadlıq" qəzetində bir yazarın həddi yoxdur desin ki, məsələn, Ə.Kərimli sağ qulağını sol əli ilə qaşıdı, yaxşı olardı ki, sağ qulağını elə sağ əli ilə qaşısın"
Bütün bunlarla bərabər, nəhayət ki, Elbəyi Həsənli də müxalifət rəhbərlərinin əsl üzünü deməkdən çəkinmədi. Elbəyi Həsənli deyir ki, "Azadlıq" və ya "Azərbaycan saatı" TV dərdlərin dərmanı kimi Ə.Kərimlini xalqa sırıyır: "Məndən olsa, "Azərbaycan saatı"nı "Ə.Kərimlinin saatı" adlandırmaq lazımdır". Müxalifət mətbuatında vəziyyət olduqca pisdir. Xədicə İsmayıl özünü Azərbaycanda ABŞ-ın səfiri kimi aparırdı. AXCP sədri Ə.Kərimlini də büt saymıram. "Azadlıq" qəzetində bir yazarın həddi yoxdur desin ki, məsələn, Ə.Kərimli sağ qulağını sol əli ilə qaşıdı, yaxşı olardı ki, sağ qulağını elə sağ əli ilə qaşısın. Hətta belə xırda iradları da dilə gətirə bilmirlər. Amma danışanda ağızlarına çullu dovşan sığışmır. Cəbhəçilər özlərini elə aparırlar ki, guya Ə.Kərimli prezident olsaydı, Putinin ricasını rədd edəcəkdi və orduya əmr verəcəkdi ki, gedib Yerevana Azərbaycan bayrağı sancsın. Çox xəstə və primitiv düşüncədir".
Elbəyi Həsənli Müsavat haqqında, orada baş verənlər barədə də öz fikirlərini bildirib: "A.Hacılının problemi ondadır ki, o, siyasi lider kimi özünü doğrultmadı. Ona görə mən onun istefasını tələb edirəm. Müsavat partiyasın Azərbaycanı xilas edə biləcək sonuncu şans sayırdım. Arif bəy bu imkanı alt-üst etdi. Şəxsi müstəvidə mənim onunla heç bir problemim yoxdur. Amma mən hesab edirəm ki, İ.Qəmbərin xeyir-duası ilə, o, Müsavat partiyasını diri-diri qəbiristanlığa göndərdi. İ.Qəmbəri Müsavat patiyasını belə rəzil günə qoyduğuna görə, mən onu heç vaxt bağışlamayacam".
Samir