"Bu, gözlənilən idi. Çünki, Dağlıq Qarabağda Azərbaycan Ordusu tərəfindən 2-4 apreldə keçirilən anti-terror əməliyyatlarında məğlubiyyəti erməni tərəfi kiminsə ayağına yazmalı idi. Əks təqdirdə Sarkisyan birbaşa özü cavabdehlik daşıyır. Bunu Sarkisyanın Dağlıq Qarabağa səfərində qondarma qurumun "rəhbərliy"i ilə görüşündə də gördük. Yəni, Sarkisyan öz tənəzzülə uğrayan hakimiyyətinin ömrünü uzatmaq üçün belə siyasi addımlar atır. İstefaya göndərmək də bununla bağlıdır". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev Sarkisyanın müdafiə nazirliyinin yüksək rütbəli şəxslərini vəzifədən kənarlaşdırılmasını şərh edərkən deyib.İstefaya göndərilənlərin rabitə, kəşfiyyat və təchizat məsələlərinə cavabdeh məsul yüksək çinli şəxslər olduğunu deyən politoloq bununla da Sarkisyanın özünün Ermənistan ordusunun necə bərbad bir vəziyyətdə olduğuni bütün dünyaya göstərdiyini bildirib: "Lakin bununla belə öz yaxın silahdaşı olan müdafiə naziri Seyran Ohanyan bu məsələlərdən kənarda qaldı. Bu da Qarabağ klanının üzvü olduğu üçün edilir. Hakimiyyətini saxlamaq və status-kvonu bərpa etmək üçün Sarkisyan öz havadarlarının da diktəsi ilə uğursuz siyasi manevrlər edir".Ermənistan prezidentinin müsahibəsində Azərbaycanla təhlükəsizliyin təmin olunmadığı şəraitdə danışıqların mümkünsüz olduğunu deməsi məsələsinə də toxunan Arzu Nağıyev Sarkisyan buna tək qərar vermək ixtiyarında olmadığını qeyd edib: "Çünki münaqişənin həlli BMT-nin mandatı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib. BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü Minsk qrupunun həmsədrləridir. Heç vaxt Rusiya və ya Ermənistan bu münaqişənin həllində təkbaşına aparıcı rolu oynaya bilməz. Rusiya və Ermənistan indi 1994-cü ildəki Bişkek protokoluna qayıtmaqla status-kvonu saxlamaq, prosesini uzatmaq istəyir. Azərbaycanı qane etməyən əsas məsələ Rusiyanın ərazi bötüvlüyü məsələsini dilə gətirməməsidir. Madrid, Kazan və Praqa prinsiplərində bizim birinci şərt kimi irəli sürdüyümüz məqam ərazi bütövlüyü və suverenlikdir. Onlar millətin öz müqəddəratını həll etmək məsələsini ortaya salmaqla ərazi bütövlüyü məsələsini 2-ci plana çəkmək istəyirlər".
sia.az