Suraxanı rayonunda Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq alim, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.Növbəti tədbir-konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.Konfrans iştirakçıları Zərifə Əliyeva haqqında filmə baxdıqdan sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edib. O deyib ki, Zərifə xanım Əliyeva cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bugünkü tədbir də görkəmli alimin xatirəsinə Suraxanı rayon ictimaiyyətinin sonsuz ehtiramının ifadəsidir.Tale Zərifə xanıma onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı - müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmiş ümummilli lider Heydər Əliyevi bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu.Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər.Zərifə xanım böyük həkim, böyük alim idi. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək - belə xoşbəxtlik çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.Konfransda məruzə ilə çıxış edən icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Zərifə xanım Əliyeva milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurub.Görkəmli alim oftalmologiya elmi üçün vacib olan bir çox istiqamətlərdə tədqiqatlar aparıb. Akademik Zərifə Əliyeva bütün fəaliyyəti boyu həkimlik etikasını uca tutub, insan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını isə bəşəri humanizm kimi dəyərləndirib. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf edib. Çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunub, "Yüksək etimad" kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə olub.Konfransda Milli Məclisin deputatı Fərəc Quliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov,15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Dürdanə Kəngərli, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Adilə Abdullayeva, 2 nömrəli Uşaq Evinin direktoru Sevda Hacıyeva, 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə, Hövsan qəsəbə sakini, Bakı kondisioner zavodunun işçisi Əjdər Şəfiyev çıxış ediblər.Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən, simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Zərifə xanım Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.Zərifə Əliyeva Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Akademik Zərifə Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək.İstər ümummilli lider Heydər Əliyevin, istərsə də ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
AZƏRTAC