Milli Məclisin spikeri Oqtay Əsədov Parlementin bugünki iclasında həm deputatlara, həm də jurnalistlərə müraciət edərək Dağlıq Qarabağla bağlı həqiqəti əks etdirən məlumatların beynəlxalq səviyyədə yayılmasında aktiv olmağa çağırıb. O bildirib ki, beynəlxalq təşkilatlarda və müxtəlif ölkələrin dostluq qrupunda fəaliyyət göstərən deputatlar tərəfindən məktublar yazılmalıdır: "Bu işdə hər kəs aktiv olmalıdır. Burada danışmaqdansa, həqiqətlərin beynəlxalq səviyyədə yayılması üzərində çalışmalıyıq. Buradakı çıxışlarınıza diqqət edin. Çoxları Azərbaycanın harada olduğunu, Dağlıq Qarabağ probleminin nədən ibarət olduğunu bilmir. Bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belələri Dağlıq Qarabağın harada yerləşdiyini və ümumiyyətlə işğal olunmuş 7 rayonun nədən ibarət olduğunu bilmir. Bilməyənləri başa salmalıyıq. Bu istiqamətdə işimizi artırmalıyıq. Ermənilər yalan-doğru yazılar yayıb, hər yerə göndərirlər. Biz də həqiqətlərimizi dünyaya çatdırmaq üçün hazırladığımız məlumatları daha çox parlamentlərə, beynəlxalq təşkilatlara göndərməliyik".
sia.az