PDF Oxu

Siyasət

  • 58

Ağcabədidə atıcılıq yarışı başa çatıb

Ağcabədidə atıcılıq yarışı başa çatıb

YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirləri davam etməkdədir. Növbəti tədbir rayonun ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən atıcılıq yarışı olub. Yarış aprelin 27-də başlamış və 29-da başa çatmışdır.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov keçirilən atıcılıq yarışının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edildiyini bildirərək, yarış iştirakçılarına uğurlar diləyib. N.Bünyatov onu da vurğulayıb ki, bu gün keçirilən atıcılıq yarışı xüsusi önəm daşıyır: "Hamınıza məlum olduğu kimi, aprel ayının əvvəlindən başlayaraq erməni hərbi birləşmələri atəşkəsi pozaraq dinc əhalini və yaşayış məntəqələrini atəşə tutur, intensiv olaraq cəbhəyanı bölgələrdə təxribatlar törədirlər. Son günlər cəbhənin Tərtər, Ağdam, Füzuli, eləcə də bizim rayonun kəndlərinə iri çaplı silahlardan açılan atəşlər nəticəsində insanlar yaralanmış, hətta həlak olanlar olmuş, onlarla yaşayış evi dağıdılmış və yandırılmış, məktəblərə və ictimai binalara ziyan dəymiş, insanların mal-qarası tələf olmuşdur. Mənfur düşmənin həmləsinin qarşısı ordumuz tərəfindən böyük hünər və qəhrəmanlıqla alınmışdır".

Aparat rəhbəri bildirib ki, vətənimizi qorumaq üçün hər bir azərbaycanlı gənc silahlardan atəş açmağı bacarmalı, hərbi texnikanın sirlərinə yiyələnməli, hər an vətənimizin müdafiəsinə hazır olmalıdır. N.Bünyatov elə bu nöqteyi-nəzərdən atıcılıq yarışının keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra iki gün davam edən gərgin keçən mübarizədə oğlan və qızlar arasında qaliblər müəyyən edilib.

Oğlanlar arasında Ağcabədi şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Quliyev Rüfət Azər oğlu və Ağcabədi şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Yusifov Musa Elxan oğlu I yerə, Pərioğullar kənd tam orta məktəbin X sinif şagirdi Məmmədov Yusif Rəhim oğlu II yerə, Xocavənd kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Abbasov Çingiz Xanlar oğlu III yerə çıxıb.

Qızlar arasında isə Ağcabədi şəhər 8 saylı tam orta məktəbin XI sinif şagirdi Hüseynova Ceyran Əflatun qızı I yerə, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin XI sinif şagirdi Abbasova Məleykə Şövkət qızı II yerə, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin X sinif şagirdi Ağayeva Tamam Rövşən qızı III yerə layiq görülüb.

Qeyd edək ki, qaliblər Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən yekun tədbirdə Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.

ZÜMRÜD

Digər xəbərlər