Dünən Xətai rayon icra hakimiyyətinin, Xətai rayon gənclər idarəsi və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında mini-futbol yarışına start verildi. Təbii ki, həvəskar məktəbli futbolçularımız bu turniri keçirməklə bir yandan öz futbol bacarıqlarını, yarış iddialarını, qalib gəlmək əzmlərini ortaya qoyur, digər tərəfdən xalqımızın Ümummilli Lideri Heydər Əliyevə olan hörmət və ehtiramlarını nümayiş etdirirlər.
Dahi şəxsiyyət Heydər Əliyevin ölkədə idmanın inkişafına böyük diqqət göstərdiyi hər kəsə məlumdur. Ulu Öndər gənc nəslin sağlam tərbiyəsində idmanın və kütləvi bədən tərbiyəsinin böyük rolunu qeyd edirdi. İdmançıların Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində öz bacarıqlarını nümayiş etdirmələri onların Dahi Öndər Heydər Əliyevin idmana, idmançılara, gənclərə hörmət və ehtiramları kimi qiymətləndirilə bilər.
Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin miqyası genişdir. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycanın hər sahədə qazandığı uğurlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev siyasətinin son 12 ildə Prezident İlham Əliyev tərəfindən uğurlar davam etdirilməsi Azərbaycanı ən yüksək zirvələri fəth etməsinə stimul verir. Dahi şəxsiyyətin andan olmasının ildönümü ərəfəsində hər kəs bu uğurlarımızın təqdimatına öz töhfəsini verməyə səy göstərir.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının hər bir şəhər və rayon təşkilatı dahi şəxsiyyətin anadan olmasının 93 illiyi ilə bağlı silsilə tədbirlər keçirir. Hər bir tədbir öz mahiyyəti ilə bağlı diqqət çəkməklə yanışı, Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqəti ortaya qoyur. Bu gün sıralarında 670 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının hər bir üzvü Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq, Onun ideyalarının gerçəkləşməsinə töhfə vermək hər birimizin borcudur. Məktəblilər arasında müxtəlif istiqamətlərdə təşkil olunan yarışlar ayrı-ayrı sahələrdə Ulu Öndərin xidmətlərinə işıq salır, məktəblilərin bilik və bacarıqlarının ortaya çıxmasına öz müsbət təsirini göstərir. Dahi şəxsiyyət Heydər Əliyev daim bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Məktəblilər arasında keçirilən yarışlar, bir daha onu göstərir ki, Azərbaycan gəncliyi, doğrudan da Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqdir, Onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.
Qeyd edək ki, Xətai rayon icra hakimiyyətinin, Xətai rayon gənclər idarəsinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirlər sırasında məktəblilərin inşa müsabiqəsi və voleybol yarışları da vardır.
RƏFİQƏ KAMALQIZI