PDF Oxu

Siyasət

  • 49

"Müasir Azərbaycan dövlətinin qurucusu"

"Müasir Azərbaycan dövlətinin qurucusu"

YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Dünən YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Müasir Azərbaycan dövlətinin qurucusu" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq Ümummilli Liderin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu diqqətə çəkərək, Onun ölkənin ən yeni tarixini yaratdığını bildirdi: "Belə bir Şəxsiyyətin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə istəyinə nail oldu. Azərbaycanda müasir demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin və mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycan xalqının sabaha olan inamını özünə qaytardı. Bugünkü Azərbaycan reallıqlarına görə Heydər Əliyevə borcluyuq. Ölkədə aparılan islahatlar və quruculuq işləri tez zamanda Azərbaycanın müstəqil bir dövlət kimi özünü təsdiqləməsinə və dünya miqyasında yer tutmasına səbəb oldu. Dünya dövlətləri arasında gündən-günə nüfuzu artan Azərbaycan söz sahibinə çevrilib".

M.İbrahimqızı bu gün Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin, məhz Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi: "Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü və qabaqcıl siyasəti nəticəsində geniş nüfuz dairəsinə malik Azərbaycan dünya dövlətləri tərəfindən qəbul olunaraq tanınır, güclü və qüdrətli yüksək potensiala malik bir dövlətə çevrilib".

Sonra tədbir iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş "Müasir Azərbaycan dövlətinin qurucusu" adlı flaşmob təqdim olundu.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova çağdaş dövlətimizin qurucusu, tariximizə qızıl hərflərlə adını həkk etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında Qurucu, Xilaskar Dövlət Xadimi və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qaldığını söylədi. O, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı sahəsindəki misilsiz xidmətlərindən söz açaraq Ulu Öndərin müstəqillik yolundakı mübarizələrlə dolu fəaliyyətini diqqətə çəkdi. Hər bir xalq üçün müstəqil dövlətin qurulmasında vacib hesab olunan üç şərtin olduğunu vurğuladı. Bahar Muradova milli ideyanın, milli liderin, milli birliyin bunu şərtləndiyini söyləyərək, Azərbaycanın gələcək taleyində bu amillərin rol oynadığını qeyd etdi. Dahi Şəxsiyyətin qurub-yaratdığı Azərbaycanın bu gün böyük uğurlar əldə etdiyini, bütün sahələrdə inkişafı iştirakçıların diqqətinə çatdırıb, bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Ümummilli Liderin layiqli davamçısı olduğunu bildirdi. Qeyd etdi ki, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və rəhbərliyi ilə müstəqil Azərbaycan parlaq gələcəyə doğru inamlı irəliləyir.

YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı roluna nəzər salaraq dövlətimizin inkişafının, müstəqilliyin əbədiliyinin Onun adı ilə ilə bağlı olduğunu vurğuladı:"Ölkə daxilində XX əsrin 80-90-cı illərdə baş verən daxili çəkişmələr, xarici müdaxilələr Onun uzaqgörən, müdrik siyasəti nəticəsində aradan qaldırıldı. Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığı dövlət bu gün dünya arenasında söz demək qüdrətindədir. Onun siyasi kursu müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir."

Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək, ölkədə intellektual potensialın formalaşması üçün bilikli kadrların hazırlanmasına şərait yaratdığını vurğuladı. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşmışdır.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Ulu Öndərin hakimiyyətə gəldiyi gündən başlayaraq gəncliyə böyük diqqətlə yanaşmasından, bu gün ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətinin sütünlarını Heydər Əliyevin yaratdığını diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin həmişə gənclərə güvənərək, onlara böyük etimad göstərdiyini bildirən S.Orucov gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi vacib yer tutduğunu vurğuladı: "Bu gün Azərbaycan gəncliyi xoşbəxt və firəvan həyat yaşamaqdadır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar".

NƏZAKƏT

Digər xəbərlər