PDF Oxu

Siyasət

  • 27

İlham Əliyev: “Düşmən layiqli cavabını aldı və əminəm ki, bundan sonra özü üçün lazımi nəticələr çıxaracaq”

İlham Əliyev: “Düşmən layiqli cavabını aldı və əminəm ki, bundan sonra özü üçün lazımi nəticələr çıxaracaq”

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağdam və Bərdə rayonlarına səfər edib

Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əvvəlcə Tərtər rayonundakı "N" saylı hərbi hissəyə gəldi.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış oldu.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib. Dövlətimizin başçısı hərbi hissənin yeməkxanası ilə də tanış oldu. Yeməkxana ən müasir avadanlıqlarla təchiz edilib. Burada hərbçilərin dolğun qidalanmaları üçün hər cür şərait yaradılıb. Hərbi hissənin kazarması da müasir standartlara cavab verir. Kazarmada əsgərlərin hərbi bilik və bacarıqlarını daha da artırmaları üçün müvafiq şərait formalaşdırılıb. Yataq otaqları da hərtərəfli təchizatı ilə diqqəti çəkir. Hərbi hissə ilə tanışlıqdan sonra Ali Baş Komandan şəxsi heyətlə görüşdü. Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular:

-Ordu quruculuğu siyasətimizin prioritetidir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. 1994-cü ildə atəşkəs rejimi yaradılıbdır. Ancaq buna baxmayaraq, Ermənistan atəşkəs rejimini daim kobudcasına pozur. Xüsusilə görəndə ki, onlara qarşı münaqişə ilə bağlı beynəlxalq təzyiq artır, onlar atəşkəsi daha çox pozurlar və müxtəlif silahlı təxribatlara əl atırlar.

Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı artıq tam məlumatlıdır. Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir. Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri də son vaxtlar dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir.

Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Buna görə və eyni zamanda, görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında bizim mövqelərimizə hücum çəkmişlər. O vaxt da bizim Ordumuz layiqli cavab verdi.

Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirmişlər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin.

Bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunur. Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir. Düzdür, onlar bunu açıq şəkildə bəyan etmirlər. Onlar həmişə çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Bunu görərkən əlbəttə ki, onlar növbəti təxribatlara əl atmağa qərar verdilər. Bu da aprelin əvvəlində baş verdi. Yenə də onlar silahlı təxribat törətmiş, bizim mövqelərimizə hücum çəkmişlər. Azərbaycan Ordusu böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi.

Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Sadəcə olaraq görüntü naminə danışıqların aparılmasının heç bir mənası yoxdur. Beləliklə, aprelin 5-də razılığa gəlindi ki, atəşkəs rejimi bərpa edilməlidir. Biz buna əməl etdik, bu gün də əməl edirik. Ancaq əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır və aprelin 5-dən bu günə qədər elə gün olmur ki, atəşkəsi pozmasın. İlk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. Bizim 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilmişdir. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür.

Azərbaycan dövləti, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır. Biz sadəcə olaraq, düşmənin atəş mövqelərini bizə açılan atəş zamanı böyük ustalıqla məhv edirik. Ancaq eyni zamanda, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular.

Münaqişənin həlli isə beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Heç bir beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasətini dəstəkləmir. Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar. Bir daha demək istəyirəm, biz çalışacağıq ki, Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirək. Diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Çünki bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir, artmışdır. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu maddi təchizat baxımından güclü ordular sırasındadır. Orduda nizam-intizam yüksək səviyyədədir. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Biz bu məsələni həll etməliyik və edəcəyik.

Mən həmişə orduda xidmət edənlərə böyük hörmətlə yanaşmışam. Ordu quruculuğu üçün nə lazımdırsa o da olacaq. Onu da edirik. Ən böyük xərclər hərbi xərclərdir. Artıq neçə ildir ki, bu, belədir. Bəzən müxtəlif ölkələrdən olan ermənipərəst siyasətçilər məni günahlandırırdılar ki, nə üçün Azərbaycanda hərbi büdcə getdikcə artır? Ona görə ki, biz işğala məruz qalmışıq. Əgər bu işğal olmasaydı, əlbəttə ki, buna ehtiyac olmazdı. Ancaq həyat göstərdi ki, biz nə qədər haqlıyıq. Əgər bizdə güclü hərbi imkanlar olmasaydı, bu gün təmas xəttində vəziyyət fərqli ola bilərdi. Həm döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizat, silah, texnikanın alınması, vətənpərvərlik ruhu, hərbçilərimizin peşəkarlığı, məharəti, aprel döyüşlərində göstərdikləri şücaət və qəhrəmanlıq bizim böyük sərvətimizdir. Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz. Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük, şərəfli missiyadır. Sizi bütün uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Yeni uğurlar arzulayıram. Bundan sonra da Vətənə həmişə bağlı olun, Vətəni sevin, torpağımızı qoruyun, vətəndaşları müdafiə edin. Eşq olsun Azərbaycan Ordusuna!

Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim etdi.

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxdılar. Tərtər sakini Mübariz Həsənovun evi də düşmən tərəfindən yararsız vəziyyətə salınıb. Dövlətimizin başçısına məlumat verildi ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Ev sahibi Mübariz Həsənov: Aprelin 27-dən 28-nə keçən gecə saat 2 radələrində birinci mərmi 6 nömrəli məktəbin həyətinə düşdü. Həmin vaxt mən evdə idim. Mən barının arxasına keçdim ki, qəlpə dəyməsin. Sonra gördüm qumbara düşdü. Mən yola çıxdım, ondan sonra da ikinci mərmi bizim evə düşdü.

Prezident İlham Əliyev: Bütün lazımi tədbirlər görülür, hamısı gərək aktlaşdırılsın, sənədləşdirilsin, evin şəkli, videosu çəkilsin, dəymiş ziyan müəyyənləşdirilsin. Sonra biz onları məhkəməyə verəcəyik. Azərbaycan dövləti kömək edəcək, vəsait ayıracağıq. Bütün bu evlər bərpa olunmalıdır. Xasay İbrahimova məxsus ev də erməni silahlı birləşmələrinin iriçaplı silahlardan, "Qrad" qurğusu, top və tanklardan istifadə etməklə açdıqları atəşlər nəticəsində dağıdılıb.

Prezident İlham Əliyev: Bütün evlər bərpa olunacaq. İndi icra hakimiyyətinin nəyə gücü çatırsa etsin, çatmırsa onda hökumətdən vəsait ayrılacaq. Aktlaşmadan sonra biz dərhal işə başlamalıyıq.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Cənab Prezident, şəhərdəki çoxmənzilli binaların hamısının zirzəmiləri təmizlənib, su, işıq, telefon xətləri çəkilib. Vətəndaşlar istifadə edirlər.

Evin sahibəsi: Ermənilər elə bilirdilər ki, bizim iradəmizi qıracaqlar. Bir qarış da torpaq verməyəcəyik. Güclü Ordumuz, igid oğlanlarımız var.

Prezident İlham Əliyev: Bəli. Keçən ayın əvvəlində Ordumuz gücünü göstərdi.

Evin sahibəsi: Siz sağ olun. Ev düzələcək. Əsas odur ki, insanlara heç nə olmasın.

Rasim Bayramova məxsus ev də ermənilərin cəbhəboyu bütün istiqamətlərdən iriçaplı silahlardan Azərbaycanın yaşayış məntəqələrini şiddətli atəşə məruz qoyması nəticəsində bərbad vəziyyətə düşüb.

X X X

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Məlumat verildi ki, düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

Dövlətimizin başçısı və xanımı artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində oldular.

Prezident İlham Əliyev: Salam, necəsiniz?

Abbas Abbasov: Çox sağ olun, cənab Prezident, əla.

Prezident İlham Əliyev: Bura təmas xəttinə ən yaxın olan yerdir.

Abbas Abbasov: Bəli, ən yaxın məsafədir.

Prezident İlham Əliyev: Narahat olmayın, bunların hamısı bərpa ediləcək. Lazımi vəsait ayrılacaq, kömək göstəriləcək. Dəymiş bütün ziyan aradan qaldırılacaq. Narahat olmayın, burada möhkəm yaşayın, yaradın, qurun. Bura Vətənimizdir, Azərbaycan torpağıdır.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər sakinləri ilə görüşdülər.

Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz. Tərtərdə Sizi qarşılamaq bizim üçün çox xoşdur. Allah Sizdən razı olsun. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Gəlmişəm sizi görüm, bu ağır günlərdə sizinlə bərabər olum, öz hörmətimi, məhəbbətimi ifadə edim. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, təmas xəttinə 200 metr məsafə var. Siz öz torpağınızda, Azərbaycan torpağında yaşayırsınız, özü də möhkəm yaşayırsınız.

Sakin: Sizə arxalanıb yaşayırıq, cənab Prezident.

Prezident İlham Əliyev: Biz sizinlə fəxr edirik.

Sakinlər: Çox sağ olun. Biz də Sizinlə fəxr edirik. Allah Sizi, övladlarınızı qorusun! Biz Sizi dəstəkləyirik, Sizin arxanızdayıq. Sizə, Ordumuza, Ulu Öndərimizin qoyub getdiyi müstəqil Azərbaycana, dövlətimizə, dövlətçiliyimizə güvənirik.

Prezident İlham Əliyev: Sizin kimi insanlar xalqımızın qürur mənbəyidir. Bax, siz burada, ən çətin, ən təhlükəli yerdə yaşayırsınız, qurursunuz, yaradırsınız. Dəymiş bütün ziyan aradan götürüləcək, vəsait ayrılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti güclü dövlətdir, sizin arxanızdadır. Dağılmış bütün evlər bərpa olunacaq, hər şey yenidən düzələcək. Siz möhkəm olun.

Sakin: Cənab Prezident, biz möhkəmik. Biz əsgərlərimizin arxasındayıq, Sizə, böyük Ordumuza güvənirik, arxalanırıq. Yaxşı ki, varsınız. Xanımınız da sağ olsun, Siz də. Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Ordumuz döyüş meydanında öz gücünü göstərdi. Ancaq görün indi ermənilər nə edirlər, mülki əhaliyə atəş açırlar. Ordumuza gücü çatmır, sizi atəşə tuturlar.

Sakin: Heç bizə də gücü çatmır.

Prezident İlham Əliyev: Əlbəttə, sizə də gücü çatmır.

Sakin: Biz qadınlar da döyüşə getməyə hazırıq. Qorxmuruq, yaşayacağıq, evimizdən də çıxmayacağıq. Təkcə bu torpaqlarda yox, Allah qoysa, o torpaqları alıb gedib orada da, Şuşada da yaşayacağıq. Biz Sizə, Mehriban xanıma güvənirik.

Prezident İlham Əliyev: Sağ olun. Sonra xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 1-də cəbhə bölgəsinə səfər çərçivəsində Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndinə gəldilər.

Dövlətimizin başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış oldular, sakinlərlə görüşdülər. Prezident İlham Əliyev:

-Sizi ürəkdən salamlayıram. Sizə öz hörmətimi, məhəbbətimi ifadə edirəm. Siz burada düşmənlə üz-üzə olan kənddə yaşayırsınız, yaradırsınız, qurursunuz. Azərbaycan xalqı sizinlə fəxr edir.

Mahrızlı sakini Allahverdi Məmmədov: Cənab Prezident, Siz təyyarənin pilləkənindən düşəndə, fəxri qarovulun qarşısından keçəndə, ingilis dilində çıxış edəndə mən fəxr edirəm.

Prezident İlham Əliyev: Mən gəlmişəm ki, bu ağır günlərdə sizinlə bərabər olum, sizə öz dəstəyimi, hörmətimi, məhəbbətimi ifadə edim. Bilirsiniz ki, aprel ayının əvvəlində Ermənistanın silahlı təxribatı nəticəsində bizim mövqelərimizə hücum çəkildi, biz şəhid verdik, o cümlədən mülki əhali arasında həlak olanlar olmuşdur. Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bax, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Bu gün hərbi hissədə olarkən hərbçilər mənə bir daha məruzə etdilər. Gedən döyüşlərlə, indiki vəziyyətlə bağlı, əlbəttə ki, məlumatım var. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək. Dağılmış bu evlər erməni faşizminin təzahürüdür. Görün, bu evləri nə günə qoyublar. Orada yaşayanlar, onlar necə olacaqlar? Onlara əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcəkdir. İndi komissiya işləyir, aktlaşma gedir. Bütün dəymiş ziyan qeydə alınır və Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq. Mən onu təşkil edəcəyəm, siz narahat olmayın, bütün dəymiş ziyana kompensasiya veriləcək və dağılmış evlər bərpa olunacaq, yenidən tikiləcək.

Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb. Budur, erməni faşizminin eybəcər sifəti. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır, aparmır və aparmayacaq. Ancaq Ermənistan, görün hansı çirkin işlərlə məşğuldur.

Bu yaxınlarda buraya bir qrup xarici jurnalist ezam olunmuşdur. Onlar bütün bu dağıntıları gördülər, çəkdilər, lentə aldılar. Bu, sənəddir və bu sənəd əsasında biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq. Azərbaycan Ordusu Azərbaycanı, Azərbaycan vətəndaşlarını qoruyur. Siz, düşmənlə üz-üzə yerləşən kəndlərdə yaşayan insanlar böyük cəsarət nümayiş etdirirsiniz. Sizin yaşamağınız, fəaliyyətiniz, öz torpağınıza bağlılığınız hər bir vətəndaş üçün bir nümunə olmalıdır. Düşməndən qorxmadan burada öz torpağınızda yaşayın. Biz öz torpağımızda yaşayırıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, heç vaxt torpaq iddiasında olmamışıq. Ancaq imkan verə bilmərik ki, bizim torpaqlarımız işğal altında qalsın.

Əminəm ki, işğala son qoyulacaq, Ağdam rayonu da, digər rayonlar da tamamilə azad olunacaq. Çünki bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə tam üstünlük əldə edib. Aprelin əvvəlində Ermənistan tərəfindən bizə qarşı törədilən silahlı təxribatın qarşısını alan Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Düşmən layiqli cavabını aldı və əminəm ki, bundan sonra özü üçün lazımi nəticələr çıxaracaq. Biz indi güclü mövqedəyik. Bizim işimiz haqq işidir. Beynəlxalq hüququn bütün norma və prinsipləri bizim mövqeyimizi dəstəkləyir. Artıq bütün dünya bilir ki, bizim torpaqlarımız işğal altındadır. Əgər müstəqilliyimizin ilk illərində erməni lobbisi və satılmış ermənipərəst dünya siyasətçiləri tərəfindən münaqişə ilə bağlı təhrif olunmuş fikir var idisə, bu, artıq yoxdur. Artıq hamı bilir, sənədlər var, sübutlar var. Biz siyasi və diplomatik sahələrdə böyük iş aparmışıq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırmışıq. İndi hamı bilir ki, Azərbaycan torpaqları işğal edilib. Artıq bu məsələ ilə məşğul olan vasitəçilər də deyirlər ki, bu vəziyyət dözülməzdir. Biz bunu iyirmi ildən çoxdur ki, deyirik. Vəziyyət dəyişib. Təmas xətti artıq əvvəlki təmas xətti deyil. Bunu hamı bilir.

Ərazi bütövlüyü hər bir ölkə üçün əsas prinsipdir. Bizim ərazi bütövlüyümüz toxunulmazdır, bərpa olunmalıdır, bərpa ediləcəkdir. Yaxşı olardı ki, bu, danışıqlar yolu ilə olsun. Biz buna çalışırıq. Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz indi daha da möhkəmdir. Bu gözəl vəziyyəti yaradan şanlı Ordumuza eşq olsun! Ordumuzun sizin kimi əsgərləri var, öz yerindən tərpənmirlər. Baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır, siz burada durmusunuz, möhkəm də duracaqsınız.

Kənd sakini Südeyif Məhərrəmov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına sakinlərin minnətdarlığını çatdıraraq dedi: Möhtərəm cənab Prezident, Ali Baş Komandan. Ağdam əhalisi adından, təmas xəttində yaşayan bütün insanlar adından bizimlə görüşə gəldiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Aprel ayının əvvəllərində erməni militaristlərinin, mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təxribatın qarşısını Azərbaycan Ordusu layiqincə aldı. Biz bunu dəstəkləyirik, bu yerdə bərk dayanmışıq. Bizə arxayın ola bilərsiniz, möhtərəm cənab Prezident, Ali Baş Komandan. Sizin bütün xarici və daxili siyasətinizi bəyənirik, öz yerimizdəyik, heç bir yerə də getməyəcəyik. Biz Sizinlə, Ordumuzla fəxr edirik.

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə baş çəkdilər. Bu tibb ocağı ölkəmizdə səhiyyə islahatları çərçivəsində yaradılan və ən müasir standartlara cavab verən ilk müalicə diaqnostika mərkəzlərindən biridir. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini - Zahid Rəhimov, Elgiz Qarayev və Anar Abdullayev burada müalicə olunurlar. Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar və tezliklə sağalmalarını arzuladılar.

Prezident İlham Əliyev: Necəsiniz? Həkimlər sizə yaxşı baxırlar. Mənə məlumat verirlər ki, sizin vəziyyətiniz yaxşılaşıb. Yaxşı müalicə alırsınız. Əminəm ki, tezliklə buradan çıxıb evinizə qayıdacaqsınız. Mən gəlmişəm ki, sizi görüm, öz sözümü deyim. Siz erməni silahlı təxribatından əziyyət çəkmisiniz. Görürsünüz ki, onlar mülki əhaliyə qarşı müharibə aparırlar. Evlər dağılır, insanlar həlak olur, mülki şəxslər yaralanırlar. Bu, hərbi cinayətdir. Ermənilər döyüş meydanında məğlub olurlar, mülki əhaliyə atəş açırlar.

Yaralı: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Tezliklə sağalacaqsan, hər şey yaxşı olacaq. Eşitmə qabiliyyətin bərpa olunacaq.

Yaralı: İnşallah.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev: Cənab Prezident, ali təhsilli həkim-stomatoloqdur.

Prezident İlham Əliyev: Hansı kənddənsən?

Yaralı: Ağdam rayonunun Çəmənli kəndindənəm.

Prezident İlham Əliyev: Bir qədər əvvəl oradan keçmişəm.

Həkim: Qapalı kəllə-beyin zədəsi diaqnozu qoyulub. İndi vəziyyəti orta ağırdır. Nisbətən yaxşılaşıb.

Yaralı: Cənab Prezident, Siz bizim arxa-dayağımızsınız. İnşallah, sağalıb kəndimizə qayıdarıq.

Prezident İlham Əliyev: İnşallah, tezliklə sağalıb normal həyata dönəcəksən. Mən indi sənin qonşularınla görüşmüşəm. Ağdamlılar hamısı bir nəfər kimi möhkəm dayanıblar, möhkəmdirlər.

Yaralı: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Siz də Çəmənli kəndindənsiniz?

Yaralı: Bəli.

Vidadi İsayev: Aprelin 27-dən 28-nə keçən gecə gətiriliblər. Gələndə birinin vəziyyəti çox ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Əməliyyat olundular, indi gündəlik müalicə alırlar.

Prezident İlham Əliyev: Gecə oldu, evdə oturmuşdunuz?

Yaralı: Həyətə çıxmışdıq. Güclü atəş açdılar. Mərmi təxminən 20-30 metrlikdə yerə düşdü, qəlpə dəydi. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi qorusun. Gün o gün olsun ki, doğma torpaqlarımızda bayrağımız dalğalansın. Biz həkimlərimizə də uzun ömür, cansağlığı arzulayırıq. Allah onların da köməyi olsun.

Prezident İlham Əliyev: Həkimlər sizə yaxşı baxırlar. Gözəl şərait yaradılıb. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2008-ci ildə istifadəyə verilib. Ölkədə ilk tikilən diaqnostika mərkəzlərindən biridir. Burada şərait yaxşıdır. Həkimlər də sizə yaxşı baxırlar. Tezliklə sağalacaqsınız, evlərinizə qayıdacaqsınız.

Yaralı: İnşallah. Sağ olun. Allah Sizi, bütün əsgərlərimizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Allah şəfa versin.

Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin kollektivinə yaralılara yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər