İlham Əliyev: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"
Müdrik insanların dəfələrlə söylədiyi "siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur" -ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Siahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək, düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Çünki Azərbaycanın igid oğul və qızları Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə etdilər. Bu, həm də bir reallıq idi. Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, ümumiyyətlə, uzun illərdən bəri edən inkişafın reallığı və nəticəsi... Əgər bu gün qələbə əldə olunursa, hər bir qələbənin arxasında Azərbaycan tərəqqisi dayanır. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan və ölkə başçısı, Ali Baş Komandanımız Cənab İlham Əliyev tərəfindən də davam etdirilən və yaşadılan tərəqqinin məntiqi nəticəsidir!
Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri orduda və əhalidə böyük ruh yüksəkliyi yaradıb
Son vaxtlar Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq atəşkəsi pozması və cəbhəboyu ərazilərdə təxribatlar törətməsi nəticəsində, daha çox ziyan çəkən Tərtər, Ağdam və Qarabağ bölgəsinin digər rayonlarında yaşayan sakinlər doğma ata-baba ocaqlarını tərk etmir, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevə, habelə Milli Ordumuza inanır və işğal altında olan ərazilərimizin yaxın vaxtlarda azad olunacağına böyük ümid bəsləyirlər.
Məhz xalqın içindən çıxan xalqın LİDERİNİN cəbhədə erməni təxribatları baş verdiyi vaxtlarda bölgəyə səfər etməsi Cənab İlham Əliyevin xalqın xidmətində olmasının göstəricisidir. İnsanlar bir daha dövlətimizin qayğısını və dəstəyini gördülər. Sözsüz ki, dövlətimiz hər zaman xalqımızın qayğısına qalmaqda və insanların təhlükəsizliyini layiqincə qorumaqdadır. Ölkə Prezidenti bunu hər addımında göstərməkdədir. Dövlətimizin Başçısı Cənab Ali Baş Komandan cəbhə bölgəsindəki vəziyyətlə geniş tanış oldu. Ölkə başçısının cəbhə bölgəsindəki ən son vəziyyətlə və oranın sakinlərilə görüşüb erməni təxribatları nəticəsində ziyan dəyən obyektlərlə və bundan əziyyət çəkən insanların durumları ilə yaxından tanış olmaq üçün cəbhə bölgəsinə səfər etməsi bir daha Prezident İlham Əliyevin böyük liderliyinin göstəricisidir.
Hər bir azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev cəbhədə erməni təxribatlarının baş verdiyi vaxtlarda cəbhə bölgəsinə səfər edərək, insanların dayağında olduğunu sərgilədi.
Azərbaycan Ordusu bu gün həmişəkindən daha güclü döyüş ruhuna sahibdir
Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsindəki Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı qəhrəman Azərbaycan əsgərinin əlini sıxması, döyüş meydanında göstərdiyi şücaəti şəxsən qiymətləndirməsi həm ordumuzun, həm də cəbhəboyu zonada yaşayan əhalinin ruh yüksəkliyini xeyli artırdı. Bu, həm də hərbi-siyasi arenada məğlub olan və çıxılmaz vəziyyətə düşən Ermənistanın kriminal rejiminə, "müharibə partiyası"na, o cümlədən beynəlxalq birliyə də mühüm bir ismarıc idi.
Dövlət başçısı görüşü zamanı Ermənistanın həmişə çirkin əməllərə əl atdığını, ancaq güclü Azərbaycan Ordusu tərəfindən layiqli cavab aldığını da bildirib: "Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bax, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Bu gün hərbi hissədə olarkən, hərbçilər mənə bir daha məruzə etdilər. Gedən döyüşlərlə, indiki vəziyyətlə bağlı, əlbəttə ki, məlumatım var. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək".
Prezident İlham Əliyev, həmçinin ərazi bütövlüyünün toxunulmaz və əsas prinsip olduğunu da vurğuladı: "Ərazi bütövlüyü hər bir ölkə üçün əsas prinsipdir. Bizim ərazi bütövlüyümüz toxunulmazdır, bərpa olunmalıdır, bərpa ediləcəkdir. Yaxşı olardı ki, bu, danışıqlar yolu ilə olsun. Biz buna çalışırıq. Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz indi daha da möhkəmdir. Bu gözəl vəziyyəti yaradan şanlı Ordumuza eşq olsun! Ordumuzun sizin kimi əsgərləri var, öz yerindən tərpənmirlər. Baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır, siz burada durmusunuz, möhkəm də duracaqsınız".
Beləliklə, ölkə Prezidenti bu səfərilə bir daha təsdiqlədi ki, o, daim cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərlərdə ayıq-sayıq dayanan əsgər və zabitlərimizin yanındadır. Heç şübhəsiz, kifayət qədər yüksək əhval-ruhiyyədə olan ordumuzun şücaəti Ali Baş Komandanın bu səfərindən sonra daha da artacaq. Belə güclü ordu, belə güclü Ali Baş Komandan ilə, heç şübhə yoxdur ki, yaxın vaxtlarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
RƏFİQƏ KAMALQIZI