PDF Oxu

Siyasət

  • 56

YAP Səbail rayon təşkilatının qadınlar şurası Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

YAP Səbail rayon təşkilatının qadınlar şurası Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

YAP Səbail rayon təşkilatının qadınlar şurasının bir qrup nümayəndəsi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Rayon təşkilatının qadınlar şurasının üzvləri kütləvi məzarlığa gələrək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb.

2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlayıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Bildirilib ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.

YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova qeyd edib ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.

T.Kərimova onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Məhz ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində fondun atdığı bu addımlar tarixi əhəmiyyəti ilə seçilib.

Sonra tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar və soyqırımı qurbanlarının xatirəsini yad edib, məzarlığa gül dəstələri qoyublar.

R.HÜSEYNOVA

Digər xəbərlər