"Ölkədə gedən proseslər, xüsusilə də hər birimiz üçün böyük əhəmiyyət kəsb edən təmas xətti, eləcə də işğal edilmiş ərazilərdə olan vəziyyət ölkə Prezidenti, Ali Baş Komandanın daim ciddi diqqət və nəzarəti altındadır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfəri ilə bağlı danışarkən deyib. Vitse-spikerin sözlərinə görə, aprel ayının əvvəlində Ermənistanın təxribata əl atmasından sonra Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi və onun ardınca Ölkə Başçısının bölgəyə səfəri son 10 illiklər ərzində Azərbaycan xalqının böyük ümidlərlə gözlədiyi inamı təlqin etdi: "Azərbaycan xalqı, vətəndaşı bir daha əmin oldu ki, durum hansı səviyyədə olursa-olsun Prezident hər zaman onların yanındadır. Ən təhlükəli anlarda belə Özünün və ailəsinin həyatını heç kimdən üstün tutmur, əksinə onlarla birgə taleyimizə düşən bütün sınaqları bölüşür və onlarla birgə məsuliyyət daşıyır. Bu səfər ilk növbədə təmas xəttində olan insanlara çox böyük ümid verdi və onlarda böyük ruh-yüksəkliyi yaratdı. Ermənilər düşünürdülər ki, mülki əhali öz evlərini tərk edəcək, ordunun mövqeyində müəyyən dəyişikliklər ediləcək. Lakin Prezident İlham Əliyev bu səfəri ilə ermənilərin ümidlərinə heç bir yer qoymadı və bir daha sübut etdi ki, Azərbaycan prezidenti xalqın təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməkdədir".B.Muradova qeyd edib ki, səfər zamanı Dövlət başçısı təmas xəttində yaşayan insanların hər birinin bir əsgər, onları qəhrəman fədakar insan kimi gördüyünü vurğulamaqla bütün Azərbaycan xalqına böyük ümid və inam aşıladı: "Eyni zamanda düşünürəm ki, Azərbaycan Prezidenti cəbhə bölgəsinə səfər etməklə qarşı tərəfə bir daha qorxu və həyəcan yaşatdı. Bu, açıq şəkildə hiss olunmaqdadır. Lakin Ali Baş Komandanın Azərbaycan xalqının gələcəyi üçün atılacaq addımlar, ərazi bütövlüyümüz, sərhədlərimizin bölünməzliyinin təmin olunacağı, bu sahədə beynəlxalq durumun Azərbaycanın xeyrinə dəyişməsi və danışıqlar masası üzərində ölkəmizin mövqeyinin möhkəmlənməsi ilə əlaqədar əminliklə söylədiyi fikirlər hər birimizi sabaha böyük inamla baxmağa vadar edir. Biz inanırıq ki, Ali Baş Komandan, Azərbaycan ordusu bütövlükdə ölkəmizin ərazi bütövlüyünü və əhalinin təhlükəsizliyi təmin edəcək. Bu gün heç də uzaqda deyil və qarşı tərəf nəticə çıxarmalıdır".
sia.az