"Cəbhədə baş verən son hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatına verdiyi tutarlı cavab, bu müstəvidə ölkənin daxili və xarici siyasətində nümayiş etdirilən mövqe, peşəkar yanaşmalar Azərbaycan və Ermənistan dövlət idarəçiliyi arasındakı fərqi ortaya qoydu. Bir tərəfdə formalaşmış və bütün strukturları saat mexanizmi kimi işləyən, davamlı olaraq hədəflərinə doğru addımlayan dövlət, digər tərəfdə isə korrupsiyaya bulaşmış, xaosla idarə olunana və faktiki olaraq xaricdən göstərişlər gözləyən dövlətəbənzər bir qurum var. Onun adını uğursuz bir təşkilat yaxud QHT də qoymaq olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, vətəndaşlarla təmasda olması, bölgəyə bundan sonra da xüsusi diqqətin ayrılacağını vurğulaması dövlətimizin gücünü, potensialını və ölkə başçısının qətiyyətli siyasi iradəsini bir daha ortaya qoyur: "Bu siyasi iradə öz gücünü Azərbaycan xalqından, onun mövqeyindən alır. Prezidentin cəbhəyə getməsi dövlətin öz vətəndaşının yanında olduğunu bir daha təsdiqlədi. Baş verən prosesləri ermənilər də izləyirlər. Dağlıq Qarabağda yaşayan ermənilər özləri öz talelərini həll etmək iqtidarında olsaydılar, Ermənistan tərəfindən onlara qarşı təzyiq olmasaydı hər halda Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısını əyani şəkildə görə, üzərlərində hiss edə bilərdilər".Azərbaycan və Ermənistan arasında müqayisə aparmağın belə yersiz olduğunu deyən Elçin Mirzəbəyli bütün parametrlərdə düşmən ölkəni dəfələrlə üstələdiyimizi vurğulayıb. Onun sözlərinə görə, belə yanaşma tərzi, qətiyyətli siyasi iradə, Azərbaycan Ordusunun peşəkarlığı torpaqlarımızın işğaldan azad ediləcəyi günə bizi daha da yaxınlaşdırır.
sia.az