Xalqımızın Ulu Öndəri Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Ümumiyyətlə, Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdi. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə, həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü yaşanmağa başlanmışdı. Bu baxımdan, xüsusilə, qeyd etmək yerinə düşərdi ki, Dahi Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi, Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da, bu sahədə məqsədyönlü iş, məhz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlandı. O, mahir siyasətçi kimi mövcud imkanlarından bacarıqla istifadə edərək, milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu. Əbəs yerə deiyl ki, Ulu Öndər bu xüsusda kadrların hazırlanmasına ciddi önəm verirdi. Ona görə də Heydər Əliyevin yeritdiyi kadr siyasəti, bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı.
Belə ki, sovet dövründə Azərbaycanın ali qanunvericilik orqanı hakimiyyət strukturunda tutduğu mövqeyə, səlahiyyətlərinə görə müxtəlif mərhələlərdən keçmişdi. 1937-ci ildə qəbul olunmuş Yeni Konstitusiyaya əsasən, parlament Ali Sovet adlandırıldı. Onun formalaşmasında müəyyən dəyişikliklər edildi. Lakin irticaçı sovet ideologiyasının hökmranlığı, repressiyanın misilsiz vüsəti insanları daim qorxu altında saxlayır, dəyişikliyin mahiyyətini əhəmiyyətli dərəcədə azaldırdı. Məhz buna görə bu dövrdə parlamentə seçilmiş deputatlar 1937-38-ci və sonrakı illərdə mütərəqqi fikirli ziyalılarının məhv edilməsinə, torpaqların hissə-hissə Ermənistana verilməsinə etiraz edə bilmədilər. Bunun nəticəsi kimi, yuxarıların təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Bir müddət sonra Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də parlamentin 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyev bu qərarın icrasının qarşısını aldı. Bu, o dövrdə görünməmiş cəsarət nümunəsi idi! Sonralar SSRİ-nin Yeni Konstitusiyası hazırlanarkən, məhz Onun qətiyyəti nəticəsində Dağlıq Qarabağın statusuna yenidən baxılmadı. Bəli, bu, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bariz sübutu idi...
Heydər Əliyev respublikanın rəhbəri kimi parlamentin gücündən məharətlə istifadə edərək, xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanması və inkişafı üçün hüquqi bazanı addım-addım genişləndirirdi. Bu dövrdə Onun xalqı qarşısında göstərdiyi ən böyük xidmətlərdən biri Azərbaycan dilinə dövlət dili statusu verilməsi idi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan parlamenti respublikada Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işlərinin hüquqi bazasının yaradılmasına mühüm töhfələr verdi. Ali qanunvericilik orqanının işindəki bu canlanma Heydər Əliyev şəxsiyyəti, Onun idarəçilik istedadı ilə sıx bağlı idi. Bu dövrdə respublika iqtisadiyyatında böyük bir canlanma baş verdi. Yüzlərlə zavod və fabriklər inşa edildi, yeni istehsalat sahələri yarandı. Bu illər ərzində Azərbaycanda müasir memarlıq üslubuna cavab verən çoxsaylı binalar, mədəniyyət və yaşayış evləri tikildi. Respublika əhəmiyyətli belə binalardan biri də bugünkü Azərbaycan parlamentinin inzibati binasıdır. Mühüm əhəmiyyətli bu obyekt, məhz Heydər Əliyevin təşəbbüsü ilə keçmiş Sovetlər Birliyində analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir. Məhz bu məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət duyğusu və milli özünüdərk hissi gətirdi. O dövrdə keçmiş İttifaqın aparıcı elm və təhsil ocaqlarında gənclərimiz lazımi ixtisaslara yiyələndi, milli kadr korpusu yaradıldı. Bu dövrdə əldə edilmiş nailiyyətlər gələcəkdə müstəqil Azərbaycan dövlətinin qurunması üçün əsaslı zəmin yaratdı.
Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqələrini kəsməmişdir. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Siyasi Olimpin Kreml zirvəsini fəth etmiş Heydər Əliyev çox qısa bir vaxtda idarəçilik və dövlətçilik məharəti nümayiş etdirərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə olunmuş bütün sahələr üzrə irəliləyişə nail oldu. Bu, Onun xarizmatik şəxsiyyəti və özünəməxsus fərdi keyfiyyətləri ilə bağlı idi. Heç də təsadüfi deyildir ki, xarici mətbuatda Onu "Sovetlərin dəmir müsəlman rəhbəri", "Kremldəki türk" kimi dəyərləndirirdilər. XX əsrin 80-ci illərinin sonunda - Mixail Qorbaçovun hakimiyyəti zamanında İttifaq rəhbərliyi açıq-aşkar müsəlman respublikalarının inkişafına lazımi şərait yaratmır, bu respublikaların xalqları ilə ikinci dərəcəli vətəndaşlar kimi rəftar edirdi. Uydurma "yenidənqurma" isə öz acı bəhrələrini verməkdə idi. Həmin dövrdə ölkənin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin bu məsələdə tutduğu prinsipial və qətiyyətli mövqe onun Sov.İKP MK Siyasi Bürosunun və SSRİ Hökumətinin tərkibindən istefası ilə nəticələndi. Bunun ardınca Mixail Qorbaçovun və onun ətrafındakı millətçi erməni dairələrinin Azərbaycana qarşı məkrli təzyiqləri daha da gücləndi. Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədilə tezliklə qondarma Dağlıq Qarabağ problemi ortaya atıldı. Xalq öz haqlı etiraz səsini qaldıraraq, azadlıq istəyini bəyan edəndə isə, Qanlı 20 Yanvar faciəsi törədildi. Bakı küçələrində əliyalın əhalinin üzərinə sovet tankları yeridildi. O faciəli günlərdə Heydər Əliyev yenə xalqı ilə birlikdə olduğunu sübut etdi və respublikanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, mərkəzin və Azərbaycan rəhbərliyinin xəyanətkar mövqeyini ifşa edən bəyanat verdi. Onu gözləyən ciddi təhlükələrə rəğmən xalqının taleyinə biganə qala bilməyən böyük siyasətçi 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Onun Bakıda yaşamasına imkan verilmədi və iyulun 22 Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana getdi. Sonralar Azərbaycan SSR Ali Sovetinin 12-ci çağırış I sessiyasında (1991-ci fevralın 9-da) çıxışı zamanı o, bu barədə belə demişdir: "...Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetiriməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz..."
İqtidarı isə Heydər Əliyev fenomeni çox narahat edir, ona qarşı hər cür təzyiqdən istifadə olunurdu. Buna baxmayaraq, Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi. Həmin dövrdə bütün respublikada olduğu kimi, Naxçıvanda da vəziyyət çox gərgin idi. Belə bir ağır vaxtda O, Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. 1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında, məhz Onun təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı, muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək, "Ali Məclis" adlandırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. Bu dövrdə, sözün həqiqi mənasında, Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə oldu. 1991-ci il sentyabrın 3-də Naxçıvan əhalisinin təkidi ilə Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə Sədr seçildi. Heydər Əliyev muxtar respublikaya rəhbərlik etməyə başladığı ilk gündən dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə əlaqələrin qurulmasına, müdafiə və hərbi quruculuq məsələlərinə ciddi fikir verildi. Tezliklə blokada vəziyyətində olan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələr yaradırdı.
Lakin 1991-1992-ci illərdə cəbhə xəttində vəziyyət günü-gündən kəskinləşirdi. Artıq Xocalı faciəsi baş vermiş, 1992-ci il martın 6-da o zamankı ölkə rəhbərliyi istefaya getməyə məcbur olmuşdu. Xəyanət nəticəsində Şuşa düşmənə təslim edilmişdi. Daha sonra AXC hakimiyyəti zorla ələ aldı. Ancaq onların səriştəsizliyi ucbatından daxili və xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi. Bu hakimiyyət də əvvəlki iqtidar kimi Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşır, hər vəchlə onu respublikada baş verən siyasi proseslərdən təcrid etməyə cəhd göstərirdi. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar "SƏS" qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciətlə çıxış edərək, Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər. Bundan qorxuya düşən Xalq Cəbhəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Ancaq Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, dövlətçiliyə balta vurmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu! Heydər Əliyev Ali Sovetin Sədri kimi, ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Heydər Əliyevin xarici siyasət strategiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı mühüm yer tuturdu. Bu siyasətin məntiqi nəticəsi kimi bu gün Milli Məclis respublikanın iştirak etdiyi bir sıra nüfuzlu beynəlxalq qurumların parlament məclislərinin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın, ATƏT-İn Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin, MDB-nin Parlamentlərarası Assambleyasının, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin tam hüquqlu üzvüdür, Avropa Parlamenti və Şimali Atlantika Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir.
Artıq tam əminliklə deyə bilərik ki, bugünkü Milli Məclis Xalq Cümhuriyyəti Parlamentinin varisi kimi Azərbaycan dövlətçiliyini əbədi etmək üçün Heydər Əliyev ideyalarından bəhrələnir. Zəngin idarəçilik təcrübəsinə və yenilməz iradəyə malik belə bir tarixi şəxsiyyətin ölkədə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə yanaşı, həm də Azərbaycan parlamentarizm tarixində yeni bir dövrün başlanğıcını qoydu. Onun heyrətamiz xilaskarlıq missiyası nəticəsində, Azərbaycan ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu. Azərbaycan tezliklə təlatümlərindən, sarsıntılardan uğurla çıxaraq gələcəyə, inamla baxan bir dövlətə çevrildi. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi-demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı. Dövlət idarəçiliyində yüksək səviyyəli Prezident - parlament münasibətlərini özündə ehtiva edən Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan bu gün uğurları ilə dünyanı heyrətləndirir. Bu nailiyyətlərin qazanılmasına ölkə parlamenti də öz layiqli töhfəsini verməkdədir.
Ulu Öndər Heyədr Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti Cənab İlham Əliyev Milli Məclisdə çıxışında bu barədə belə bir tarixi fikir səsləndirmişdir: "Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir...Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir - ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır".
Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi Varisi - ölkə başçısı, möhtərəm İlham Əliyev Cənabları tərəfindən uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir.
NƏSİB MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı