"Ordumuza gücü çatmayan ermənilərin mülki əhalini hədəf seçməsi, Serj Sarkisyan rejiminin terrorçuluğa əsaslanan siyasətinin nümunəsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Sarkisyan insanların qanı bahasına, onlara divan tutmaqla taxtına sahib olub: "Belə bir insanın idarəçiliyinin terror üzərində qurulması normaldır. Cinayətkar Sarkisyan beynəlxalq məhkəmələr qarşısında cavab verməli olduğu halda, terrorçu rejimə əsaslanan siyasət həyata keçirir. Əslində isə o idarə etmir, idarə olunur. Onun həyata keçirdiyi siyasət diktə edilmiş siyasətdir".Millət vəkilinin fikrincə, istənilən dövlət başçısı öz siyasətini xalqın tələb və istəklərinə uyğun şəkildə qurmalıdır: "Lakin Sarkisyan millətini qonşu dövlətlərlə düşmən edib. Onun həyata keçirdiyi işğalçı siyasət nəticəsində Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalıb, ölkənin iqtisadi durumu iflic vəziyyətə düşüb. Ermənistan hazırda dünyadan tədric olunmuş ölkə, Rusiyanın özəlləşmiş respublikasıdır. Ələ baxımlılıq hesabına ölkə idarə edən Sarkisyan rejimi çökmək üzrədir. Sözügedən rejimi siyasətdə son akkordlarını vurur. O, bu vaxta qədər bütün Ermənistan xalqını böyük Ermənistan yaradacağına və Azərbaycan torpaqlarının işğalını bu istiqamətdə atılan ilk addımlar olduğuna inandırmışdı. Özünü qalib hesab edən Sarkisyan daima ittihamlardan uzaq olacağını düşünürdü. 25 il müddətində millətini aldadan Sarkisyanın ümidləri aprelin əvvəllərində cəbhədə baş verənlər nəticəsində puça çıxdı. Həm ermənilər, həm də bütün dünya Sarkisyanın yalançı olduğunu gördü. Hər kəsə bir daha aydın oldu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək gücündədir".F. İbrahimli qeyd edib ki, bəzi qüvvələr Sarkisyan rejiminin arxasından çəkilməlidir: "Sarkisyan öz hakimiyyətini qoruyub saxlamaq üçün son yollara əl atmaqdadır. Dünya bu rejimə təzyiq etdikcə, öz xalqı da ona qarşı təzyiqlər etməyə başlayıb. Hazırda Sarkisyan nə edəcəyini bilmir və ona görə də acığını Azərbaycanın mülki əhalisinə atəş açmaqla çıxmaq istəyir. Mülki əhalinin hədəf seçilməsi beynəlxalq hüquqlara ziddir. Bütün bunlar Sarkisyanın terrorçu siyasətini, hakimiyyət fəlsəfəsinin mahiyyətini açmış olur. Artıq bəzi qüvvələr Sarkisyan rejimin arxasından çəkilməlidir. Bu, onların dünyadakı nüfuzunu aşağı salır. Sarkisyan döyüşlərdə təkcə azərbaycanlı qanı deyil, öz millətinin də qanını töküb. Hesab edirəm ki, bu rejim devrildikdən sonra erməni xalqı onun yeritdiyi siyasət haqqında ölçü götürərək, onun cəzasını verəcək. Azərbaycan bu məqamda bir daha qüdrətini nümayiş etdirdi. Ölkəmizdə siyasi sabitlik, dövlət və xalq arasında olan birlik qələbənin uzaqda olmadığını göstərir".
sia.az