Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. Tanınmış ictimai-siyasi xadimlər, elm adamları, millət vəkilləri və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyublar. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu Öndər Heydər Əliyevin zəngin həyat və dövlətçilik təcrübəsindən danışıb. Bildirilib ki, Ulu Öndərin vəfatından 13 il keçməsinə baxmayaraq, Onun xatirəsi hər gün, hər saat xalqımızın ürəyində yaşayır. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən inkişaf etmiş mərhələsinə çatıb. Tağı Əhmədov onu da bildirib ki, Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz dünyada qüdrətli dövlətlərdən birinə çevrilib, 50-100 ilə görülməli işlər Onun fəaliyyəti sayəsində 10 ilə görülüb. Heydər Əliyev irsi hələ bundan sonra da uzun illər araşdırılacaq, monoqrafiyalar yazılacaq və bu irs gələcək nəsillər üçün bir mayak rolunu oynayacaq.
Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik dövrümüzdə Azərbaycanın ildırım sürətli inkiafı ilə bağlı gördüyü işlərdən danışıb. Qeyd olunub ki, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev geniş milliləşdirmə siyasəti apararaq, o vaxtkı Dövlət Təhlükəsizliyi Komitəsinin azərbaycanlı əməkdaşlarının sayını qısa bir müddət ərzində 180 nəfərdən 400-ə çatdırıb. Həmin illər ərzində ölkəmizdə böyük zavodlar, fabriklər, istehsalat sahələri, təhsil müəssisələri açılıb. Müasir Azərbaycan dövlətini qurub yaradan, onu inkişaf etdirən, bu gün dünyanın ən aparıcı dövlətləri sırasına qatan, məhz Ulu Öndər olub. Bu siyasət bu gün də uğurla davam etdirilir, ölkəmizdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, regionların inkişafı üçün dövlət proqramları həyata keçirilir. Təsadüfi deyil ki, bu gün bütün dünya Azərbaycanın gücünü təqdir edir, alqışlayır.
Samir