YAP Ağdam rayon təşkilatı və gənclər birliyinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə dəyirmi masa keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb: "Bu gün hər birimiz Dahi Rəhbərin qurub-yaratdığı, dünyaya tanıtdığı müasir müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Heydər Əliyev vətənpərvərliyi, mərdliyi, mübarizliyi ilə həmişə hər birimiz üçün nümunədir və Azərbaycan xalqının əbədiyaşar Lideri kimi daim qəlblərimizdə yaşayacaq".
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinə nəzər salan rayon təşkilatının sədri bildirib ki, cəmiyyət həyatının bütün sahələrində Onun rəhbərliyi ilə köklü islahatlar həyata keçirilib. Azərbaycanın iqtisadi, hərbi qüdrətimizin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu gün Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu, bir həqiqətdir ki, Azərbaycan dinamik inkişaf yolundadır. Ölkənin hər yerində mərkəzdə və bölgələrdə tərəqqi və inkişaf qabarıq tərzdə görünməkdədir.
İ.Quliyev onu da qeyd edib ki, dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur və ictimaiyyətə çatdırılır. Bu gün dünyanın ən aparıcı nüfuzlu dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Eyni zamanda, ölkəmizin haqq səsi bütün dünya dövlətləri tərəfindən dəstəklənir.
Daha sonra YAP Ağdam rayon təşkilatı gənclər birliyinin sədri Azər Əliyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərin cəmiyyətdə rolunu həmişə çox yüksək qiymətləndirirdi:"Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndərin xüsusi önəm verdiyi gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Gənclərimiz Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev siyasətinə inanır, müdafiə edir, gələcəyə ümidlə baxır və əzmlə çalışırlar". Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
ZÜMRÜD