Xəzər rayon İcra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, ilk öncə tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüblər.
Görkəmli akademik, oftalmoloq Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ziyarətçilər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildiriblər ki, Mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilib.
Həmçinin, Müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilib, ziyarətçilərə tarixi faktlar barədə məlumatlar verilib.
sia.az