Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən Heydər Əliyev lektoriyasının "Heydər Əliyev və Azərbaycanın müstəqilliyi" mövzusunda növbəti məşğələsində səsləndirilib.Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən məşğələni nazirliyin aparat rəhbəri Canməmməd Canməmmədov açaraq bildirib ki, Ulu Öndərin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına yüksək diqqət və qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.Sonra "Naxçıvan" Universitetinin idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev "Heydər Əliyev və Azərbaycanın müstəqilliyi" mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, ötən əsrin sonlarında Sovet İttifaqı iflasa uğradıqdan sonra respublikaya naşı adamların rəhbərlik etməsi ölkəmizdə özbaşınalıq yaradıb, daxili sabitlik pozulub, yenicə qazanılmış müstəqilliyimiz təhlükə ilə üzləşib. Həmin dövr Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərib. Bu dövrdə bütün Azərbaycanda, həmçinin Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün milli rəhbər lazım idi. Belə bir rəhbər xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Bu dövrdən etibarən Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlayıb.Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev yürütdüyü müdrik siyasət nəticəsində ölkədə daxili sabitliyin bərpa edilməsinə nail olub, torpaqlarımızın işğalının qarşısını alıb. Dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində çox qısa zamanda Azərbaycan iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Təbii ki, bütün bunlar heç də asan olmayıb. Xalq öz liderinə, dahi şəxsiyyət isə öz xalqına arxalanaraq bütün bunları həyata keçirib. Buna görə də müstəqil Azərbaycan dövləti var olduqca, xalqımızın xoşbəxt gələcəyini təmin edən ümummilli lider Heydər Əliyevin adı da qəlbimizdə yaşayacaqdır.Sonra gənclərin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə sualları cavablandırılıb.
AZƏRTAC