Azərbaycan Respublikasının Mərkəzi Bankı "Maliyyə savadlılığı" layihəsi çərçivəsində bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminarları davam etdirir. Layihə iştirakçıları üçün "Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlimlər də təşkil olunur. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində Bakı Dövlət Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Xəzər Universitetinin tələbələri 04.05.2016 tarixində Azərbaycan Sənaye Bankında olublar.
Təlimdə Bankın Müştəri Xidmətləri Departamenti, Kredit Departamenti, Plastik Kartlar Departamenti və Risklər Departamentinin əməkdaşlar çıxış ediblər. Bankın peşəkar əməkdaşları tələbələrə bank haqqında ümumi məlumat, kreditlər, onların verilmə prinsipləri, müxtəlif kredit anlayışları, həmçinin plastik kartlar, kart sistemlərinın işləmə mexanizmləri, kartlarla əməliyyatlar zamanı fırıldaqçılıqlar və s. haqqında ətraflı məlumat veriblər. Təlimin sonunda tələbələrə bank riskləri haqqında məlumat verilib. Təlimdə tələbələr olduqca aktiv iştirak ediblər, onları maraqlandıran sualları təlimçilərə ünvanlayıblar.
sia.az