Dünən Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də Ümummilli Önəm daşıyır: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər müstəsna və önəmlidirsə, Onun dünyaya göz açdığı gün də Azərbaycan xalqı üçün bir o qədər dəyərli və əlamətdardır. Ulu Öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər o qədər böyük və əhəmiyyətlidir ki, onun qiyməti və çəkisi zaman keçdikcə daha aydın və dəqiq görünür. Fədakar həyatı, çoxcəhətli və möhtəşəm fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış Ümummilli Liderimizə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər bir ifadədə öz əksini tapır. Tarixdə zaman-zaman elə dahi şəxsiyyətlər olmuşdur ki, onlar xalqlarının taleyində əvəzsiz rol oynamış, tarixin çətin sınaqlarından müdrikliklə çıxaraq özünün dəmir iradəsi, güclü liderlik bacarığı sayəsində öz millətini intibaha, yüksəlişə aparmağa nail olmuş, nəticədə xalqı və vətəni naminə gördüyü misilsiz xidmətləri ilə tarixi salnamələri yaratmışlar. Belə insanların taleyinə digərlərindən fərqli olaraq xilaskarlıq missiyası yazılır, onların üzərinə bütöv bir xalqı, toplumu birləşdirmək, öz ardınca cəmiyyəti, hər bir fərdi inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa doğru aparmaq kimi mühüm və məsuliyyətli bir vəzifə düşür. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyev də, məhz belə dahi tarixi şəxsiyyətlərdəndir".
"Bu gün biz qüdrətli və müstəqil dövlətin övladları olaraq, məhz belə dahi insanların fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq. Bu güclü Azərbaycanı bizə miras qoyan xalqın Ümummilli Lideri Heydər Əliyev, sözün bütün mənalarında, şərəfli ömür yaşadı. Lakin Onun ideyalarının, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür", - deyə icra başçısı vurğulayıb.
Sonra Azərbaycan Televiziyasının Niyazi adına Simfonik Orkestrinin ifasinda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin əsərləri ifa edilmiş və orkestrin müşayəti ilə çıxiş edən tanınmış incəsənət xadimlərinin - Mənsum İbrahimovun, Aygün Bayramovanın, Ağadadaş Ağayevin və digərlərinin ifaları mərasimi daha rəngarəng etmişdir.
Tədbir boyunca Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şou göstərilmişdir.
RƏFİQƏ KAMALQIZI