"Ümummilli Lider Heydər Əliyev çox böyük dövlət xadimi və tarixi şəxsiyyət idi. Ulu Öndər haqqında çox danışmaq, təhlillər aparmaq, fikirlər yürütmək olar. Heydər Əliyevin fəaliyyəti, həyata keçirmək istədiyi nəzəri platformanın həm politoloji, siyasi, iqtisadi nöqteyi-nəzərdən, həm də sosial, mədəni, diplomatik konteksdən çox geniş təhlillərə ehtiyacı var. İndiyədək də çox böyük təhlillər aparılıb və bundan sonra da aparılacaq". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər salarkən iki sual ətrafında təhlil aparmaq lazımdır: "Birincisi, Ulu Öndər müstəqil Azərbaycan üçün nələr etdi? İkincisi, dahi şəxsiyyət nələri etmək istəyirdi? Hesab edirəm ki, bu iki sual ətrafında hələ bundan sonra dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə çox geniş təhlillər aparılmalıdır. Çünki Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan üçün nə etdi sualının axtarışları onun dövlətçiliyin bərpası, dövlətçilik üçün daxildəki təhlükələrin aradan qaldırılması, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyini müəyyənləşdirməsi, dünya siyasətində Azərbaycanın dostlarının çevrəsini genişləndirməsi və ölkənin hələ uzun müddət üçün tutarlı, qüvvədə olacaq xarici siyasət konsepsiyasını hazırlaması deməkdir. Bu, Heydər Əliyevin müstəqil Azərbaycan üçün etdiklərinin qısa ifadəsi idi". A.Quliyev əlavə edib ki, Ulu Öndərin Azərbaycan üçün etmək istədikləri də bir başqa məsələdir: "Çünki onun həyata keçirdiyi işlərdən belə qənaətə gəlmək olur ki, Heydər Əliyev Azərbaycan üçün hələ çox işlər görmək fikrində idi. Ona görə də Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrü söylədiyim iki sualın ətrafında təhlillərlə yanaşmaq və analiz etmək lazımdır. Sözsüz ki, Heydər Əliyev böyük şəxsiyyət idi. Ümummilli Lider siyasi fəaliyyətinin mədəni və praktiki əsasları ilə təkcə öz əqidə yoldaşlarını yox, həm də öz oppenentlərini belə öyrətməyə qadir olan mənbə, müəllim idi".
sia.az