Ulu Öndər Heydər Əliyev dünya siyasətində və iqtisadiyyatında baş verən prosesləri çox gözəl bilən və geniş təsir imkanlarına malik olan bir şəxsiyyət idi. Onun ən böyük məqsədlərdən biri bu idi ki, Azərbaycan dünya ailəsinin tam hüquqlu üzvü olsun. Bunun üçün isə həm iqtisadiyyatımız böyük dünya iqtisadiyyatının vacib elementinə çevrilməli, həm də ölkə siyasi cəhətdən elə böyük nüfuz qazanmalıdır ki, onun rəyi ilə beynəlxalq ictimaiyyət hesablaşsın.
Hətta əhalisinin sayı on milyonlarla hesablanan dövlətlər bir çox hallarda bu işin öhdəsindən gəlmirlər. Lakin həqiqət göz qabağındadır. Heydər Əliyev kiçik bir ölkə ilə bu işin öhdəsindən gəldi. Artıq heç bir regional layihə Azərbaycansız həyata keçirilmir. Artıq dünyada Azərbaycanın öz yeri, öz sözü var. Artıq Azərbaycan mövqeyini çəkinmədən ortaya qoyur. Amma heç kəsin inkar edə bilmədiyi bir həqiqət də var.
Azərbaycanın dünyadakı yeri Heydər Əliyevin yeridir. Azərbaycanın dünyadakı sözü Heydər Əliyevin sözüdür. Azərbaycanın dünyadakı mövqeyi Heydər Əliyevin mövqeyidir.
Ulu Öndərimiz Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına, sərhədlərin toxunulmazlığının təmin edilməsinə, ölkəmizdə demokratik dəyərlərin və prinsiplərin bərqərar olmasına, bazar iqtisadiyyatı sisteminin dayanmadan inkişafına və sosial tərəqqiyə dair ictimai inkişafın əsas müddəalarını müəyyənləşdirmiş və Azərbaycanın inkişafı, tərəqqisi üçün ardıcıl və sistemli fəaliyyət göstərməyi zəruri hesab etmişdir.
Dahi Öndərimiz Heydər Əliyev xalqının hərtərəfli inkişafına çalışırdı. O, yaxşı başa düşürdü ki, savadlı bir insan yalnız yaxşı işlər barədə düşünür, qurub-yaratmağa can atır.
Bu gün Azərbaycan xalqı sevinir ki, Onun layiqli davamçısı Prezidentimiz İlham Əliyev Cənabları demokratik yolla böyük səs çoxluğu ilə ölkəyə rəhbər seçildi. İlham Əliyev Azərbaycanın, xalqımızın gələcəyinin daha da inkişaf etməsi üçün əlindən gələni edir. Xalq öz Prezidentinə böyük ümidlər bəsləyir.
Prezident İlham Əliyev layiqli gənc nəslin yetişdirilməsini hər bir ölkə üçün ən başlıca məsələ olduğunu xarakterizə edir.
Bu gün biz qürur hissi ilə deyə bilərik ki, ölkəmizdə sağlam əqidəli, təəssübkeş, yüksək mənəviyyatlı, geniş erudisiyalı, gələcəyə baxan və nailiyyətlər qazanmağa can atan, çalışan gənclər yetişmişdir. "Gənclərin Azərbaycan cəmiyyətində rolu çox böyükdür. Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi bərpa edən də gənclər olmuşdur. Müstəqilliyimizin ilk illərində, çox ağır illərdə gənclər həmişə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışmışlar. Dövlət başçısı Cənab İlham Əliyevin bu sözlərində gənclərimizin ictimai fəallığı və vətənpərvərliyi dəqiq ifadəsini tapmışdır.
Belə sağlam əqidəli, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsi Azərbaycanda gənclər siyasətinin möhkəm özül üzərində qurulmasının və bu siyasətin düzgün aparılmasının məntiqi nəticəsidir. Məlumdur ki, respublikamızda gənclər siyasətinin təməlini Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur. Ulu Öndərin həyatı və fəaliyyəti gənclərə qayğı nümunələri ilə zəngindir. O, daim gəncləri himayə edir və onları düzgün, işıqlı yola istiqamətləndirir.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin yayında Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra da Onun diqqət mərkəzində olmuşdur. Ulu Öndər respublikanın rəhbəri kimi fəaliyyətə başladıqdan az sonra gənclərlə görüş keçirdi, bu görüşün nəticəsi kimi 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, daha sonra isə 2 fevral Gənclər Günü təsis edildi, gənclərin ümumrespublika forumları keçirildi.
Beləliklə, ölkəmizdə gənclər siyasəti Öndərimizin səyləri sayəsində dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. Sevindirici haldır ki, xalqımızın sevimli Lideri Cənab İlham Əliyev digər istiqamətlərdə ölduğu kimi, dövlətin gənclər siyasətində də varisliyi təmin edir. Ölkəmizdə gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişmələri üçün hər cür şərait yaratmışdır.
Ümumiyyətlə, Cənab Prezidentin çıxışlarına nəzər salsaq, görərik ki, O, təhsili gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri hesab edərək, bu sahənin irəli aparılmasına, dünya standartlarına cavab verib o səviyyəyə qaldırılmasına ciddi səy göstərir.
Ofelya Mürsəlova,
ADPU-nin pedaqogika
kafedrasının baş müəllimi