1941-1945-ci illərin alovunu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb
9 May alman faşizmi üzərində qələbədən 71 il ötür. Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının, neftinin əhəmiyyəti xüsusidir. 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində keçmiş sovet respublikalarından biri kimi Azərbaycan həm igid övladları, həm də nefti ilə iştirak edib. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir.
Faşizm üzərində qələbə digər xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".
1941-1945-ci illərin alovu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb. Aclıq, səfalət hər bir qapını döyüb. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək fəal iştirak etdi. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilmişdi. Bakıda indiki Səttərxan adına zavoda müharibə üçün silah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu" "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od-alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuşdular. Berlinin süqutunda belə fəal iştirak etmişdilər.
Azərbaycanda hazırda 1000 nəfərdən artıq Böyük Vətən müharibəsi veteranı yaşayır. 9 May faşizm üzərində qələbədən 71 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanlar torpaqlarımızın 20 faizini işğal alğında olduğu bir zamanda qələbə istəyi ilə Berlinə qədər gedən insanların fədakarlığı, ərənliyi bugünkü gənclərə bir örnəkdir.
Bu gün Böyük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətləri yaxşılaşdırılıb. Ümummilli Lider Heydər Əliyev veteranlara daim diqqət və qayğı göstərib. Əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasət bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Böyük Vətən müharibəsi iştrakçılarına böyük diqqət ayırır. Bu günlərdə 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu diqqətin daha bir nümunəsidir. Göründüyü kimi xalqımız və dövlətimiz tərəfindən müharibədə iştirak edənlərə qayğı və diqqət yüksək səviyyədədir.
NƏZAKƏT