PDF Oxu

Siyasət

  • 57

Azərbaycan bayrağının Şuşada dalğalanacağı tarixi gün uzaqda deyil

Azərbaycan bayrağının Şuşada dalğalanacağı tarixi gün uzaqda deyil

Yaddaşımıza həkk olunan 1992-ci ilin 8 may tarixi. Bu, hər bir azərbaycanlının 24 ildir ki, xatırladığı ağrılı-acılı gündür. Şuşanın işğalı günü. Hər kəsi hiddətləndirən, qəzəb doğuran tarixi çox təəssüf, təəssüf ki, iyirmibirinci yüziilikdə bəşəriyyətin sivil dəyərləri yaşadığı bir zamanda işğal tarixi kimi qeyd edirik. Kimliyimizə, tariximizə nəzər saldıqda köçəri, yersiz, tarixsiz ermənilərin Şuşanı işğal etmələrinə heyrətlənməyə bilmirik. Artıq 24 ildir ki, bu qədim və müqəddəs torpaq erməni işğalçıları tərəfindən zəbt edilib. Bu gün qapıları üzümüzə bağlı olan Şuşa həsrət dolu baxışlarla burada doğulub boya-başa çatan insanların yolunu gözləyir. O insanların ki, burada qəhrəmanlıq, igidlik, qeyrət tarixini torpağa qanları ilə həkk ediblər. Hər daşı, hər qarış torpağı xalqımızın həyatında baş vermiş bir çox tarixi hadisələrin şahidi olan bu şəhər Azərbaycan tarixindən çox məqamları bizlərə xatırladır. Düşmənlərə, yadellilərə gözdağı olan Şuşa hərbi-strateji əhəmiyyəti baxımından alınmazlıq, basılmaz qala olaraq tarixdə yer alıb. Əsası 1750-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan və Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında salınan qala tarixi dövrlərdə çox qan-qadalar görüb. Çoxsaylı erməni xəyanətinin nəticəsi kimi Şuşa təkcə XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. Tariximizin silinməz daş yaddaşında bizə məlum olur ki, 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qalmış və yandırılmış, 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdılmışdır. 1992-ci ilin mayında isə ermənilər bu şəhəri tamamilə işğal ediblər. Heç kəsin Şuşanın işğalını təsəvvürünə gətirmədiyi halda, Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Xocalıdan keçdi. Şuşa 1992-il mayın 8-də erməni və rus işğalçıları tərəfindən işğal edildi. Tarixin bu yaddaş səhifəsin hər azərbaycanlı yaddaşına həkk etməlidir. Bu işğal zamanı 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan Məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx Mağarası, Xocalıdakı Əsgəran Qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub. Müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Bu siyahıya Xan Mağarası, Qaxal Mağarası, Şuşa Qalası da olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq Musiqi Alətləri Fabrikini dağıdıblar.

Bəli, XX əsrdə Şuşa tarixdə görünməmiş faciəli hadisələrlə üzləşdi, işğal olundu. Övladları yerindən-yurdundan didərgin düşdü, şəhidlər verdi, ancaq əsrlər boyu mübarizələr dolu həyat yaşayan Şuşa yenə də işğaldan azad olacaq. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi "Şuşasız, Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur". Bunun başqa bir yolu yoxdur. Bu şəhəri özünün adına çıxmağa çalışan ermənilər Şuşanı müvəqqəti işğal etsələr də, kəndlərinə yalançı adlar qoyub özünküləşdirməyə cəhd etsələr də, bu utopiya olaraq qalacaq. Zaman ən böyük hakimdir. Ümummilli Lider Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Azərbaycan tərəfi açıq bəyan edib ki, sülh danışıqları nəticə verməzsə, münaqişə hərb yolu ilə həll ediləcəkdir.

Son günlərdə cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan Ordusunun gücünü ortaya qoymuş oldu. Ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək, ən ağır zərbəsini vurdu. Azərbaycanın getdikcə artan qüdrətini və gücünü düşmən qovulduğu yüksəkliklərlə, verdiyi tələfatlarla gördü. Dövlət başçısı təmas xəttində son aylar ərzində baş verən hadisələrdən söz açarkən, Azərbaycanın tam şəkildə qarşı tərəfdən üstün olduğunu bildirib: "Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Gözü yolda qalan Şuşamızın da düşmən işğalından azad olacağı gün uzaqda deyildi. Dövlət başçısının qətiyyətlə vurğuladığı kimi "Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq".

Erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən doğma Şuşamızı sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər