Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında tədbir keçirilmişdir. Dövlət himni səsləndikdən sonra Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilmişdir. Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov dövlətçilik tariximizdə müstəsna yeri olan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsini, müasir Azərbaycan dövlətinin qurulmasını və xalqımızın müstəqillik arzusuna çatmasını qeyd etmişdir. Məhz Dahi Öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlaması və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsi bildirilmişdir.
Ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatının bütün sahələrinin inkişafının Ulu Öndərin adı ilə bağlı olması, dünya şöhrətli siyasi xadimin qətiyyətli və uzaqörən fəaliyyətinin müasir Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixi olduğu qeyd edilmişdir.
Ulu Öndərin imzaladığı fərman və sərəncamlarla, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçirdiyi görüşlərdə verdiyi tapşırıqlarla milli sərhəd siyasətimizi formalaşdırması, ölkəmizin sərhəd mühafizəsinin inkişaf strategiyasını müəyyənləşdirməsi xüsusi vurğulanmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Ilham Əliyevin rəhbərliyi ilə istər daxili, istərsə də xarici siyasət sahəsində əldə edilən uğurların Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu minnətdarlıq hissi ilə xatırlanmışdır.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
RƏFİQƏ KAMALQIZI