PDF Oxu

Siyasət

  • 43

AVCİYA petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirib

AVCİYA petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirib

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanladığı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirilib. İlk olaraq tədbirdə layihə ilə bağlı bir ay ərzində görülən işlərə həsr olunmuş video-çarx nümayiş etdirilib. AVCİYA prezidenti, layihənin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib ki, indiyədək petisiyaya 327 min səs toplanıb: "Bu gündən petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatır, lakin Ağ Ev Administrasiyası müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır. İyulun 6-dək Obama Administrasiyası müraciətə cavab verməlidir. 26 yanvar 2016-cı ildə AŞPA-nın sessiyasında 2085 saylı qətnamənin qəbulu ilə çox böyük uğur qazandıq. Çünki indiyə qədər AŞPA-da Ermənistanı işğalçı dövlət kimi tanınmırdı. Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu. Biz ümid bəsləyirik ki, Obama Administrasiyası Avropanın 45 ölkəsinin qəbul etdiyi 2085 saylı qətnaməyə münasibət bildirəcək və bunu dəstəkləyəcək. Bu layihə həm də Ulu Öndər Heydər Əliyevin 93 illiyinə verilən bir töhfədir".

Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb. Petisiya layihəsinin əsas məqsədi Avropa Şurası Parlament Assembleyasında 26 yanvar 2016-cı il tarixində qəbul edilmiş 2085 saylı qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi və digər tələblərinə Ağ Ev rəhbərliyinin yardım etmək çağırışıdır. Petisiya layihəsinə dəstək qazanmaq üçün AVCİYA Azərbaycan və Türkiyədə əhəmiyyətli tədbirlər həyata keçirib. Çoxsaylı maarifləndirici materiallar çap edilərək paylayıb.

AVCİYA-nın "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə Petisiya" layihəsi çərçivəsində ali və orta ixtisas tədris müəssisələrinin kollektivi ilə görüşlər keçirilib. Konkret olaraq, 11 aprel - 3 may 2016-cı il tarixlərində Bakıda və regionlarda, ümumilikdə 16 ali təhsil müəssisəsində və 2 orta ixtisas təhsili müəssisəsində professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirilib. Bu görüşlərdə, ümumilikdə 10 mindən artıq tələbə iştirak edib.

Petisiya ilə bağlı 1 mətbuat konfransı, 1 dəyirmi masa və Şamaxı rayonunda tədbirlər keçirilib, səsvermə qaydaları ilə bağlı məlumat verilib. Onlarla populyar telekanal, qəzet və informasiya agentliyinin rəsmi saytında "Səs ver! İşğalçı Ermənistanı bütün dünyada birgə ifşa edək" bannerləri qoyulub, Ağ Evin internet səhifəsinə birbaşa keçid təmin edilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası, Məmur-SEN, Hak-İŞ, Türk-İŞ, Gənc Məmur-Sen, TADEFF (Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası), Diyanet- SEN kimi qurumlar, "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray" futbol klubları, bir çox məşhur simaları - teleaparıcı, TV8 telekanalınm rəhbəri Acun Ilıcalı, "Barselona" futbol klubunun və Türkiyə millisinin ulduz futbolçusu Arda Turan, müğənnilər Murat Boz, Alişan, Uğur İşılak, Demet Akalın, Fladisə Açıkgöz, məşhur teleaparıcılar Yavuz Seçkin, Yusuf Kaplan, aktyorlar Tolgahan Sayışman, Murat Yıldırım, Şafak Sezər petisiya layihəsini dəstəkləyiblər.

Ötən müddət ərzində petisiya layihəsi ilə bağlı Azərbaycan telekanallarında 60-dək süjet, müsahibə verilib, qəzet, informasiya agentliyi və internet saytlarda petisiya layihəsi, onun gedişi ilə bağlı 200-dək informasiya və təhlil səciyyəli yazılar yayımlanıb. Həmçinin, Türkiyənin "Sabah", "Star", "Akşam", "Yeni AKİT" qəzetlərində və Gazetaalanya.com, Memurlar.net, mygazete.com internet portallarında layihə barədə materiallar dərc edilib. "Kanal 7", "TRTl", "TRT xəbər", "A xəbər" kimi telekanallar mütəmadi məlumatlandırıcı xəbərlər və video materiallar yaymaqla Türkiyə cəmiyyətini kampaniyaya dəstək verməyə çağırış ediblər.

22 qat dünya çempionu Eduard Məmmədov, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar artist, Şuşa Dövlət Musiqili Teatrının direktoru Yadigar Muradov, əməkdar artist Sənubər İsgəndərli, kinorejissor Elxan Cəfərov və digər Azərbaycan cəmiyyətində tanınan idmançı, jurnalist, elm və incəsənət xadimləri, iş adamları, eləcə də sosial şəbəkələrdə fəal olan insanlar petisiya layihəsini rəsmən dəstəkləyib, onların adlarından bannerlər hazırlanıb və təmsil etdikləri müvafiq təbəqələr petisiyaya səs verməyə çağırılıb.

Petisiya layihəsinə geniş oxucu və tamaşaçı kütləsinin marağını formalaşdırmaq, səsvermə prosesini stimullaşdırmaq və aksiyanın əhəmiyyətliliyini qabartmaq məqsədilə jurnalistlər arasında müsabiqə elan olunub.

6 may 2016-cı il tarixində petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması müddəti başa çatır, lakin Ağ Ev Administrasiyası müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır.

Samir

Digər xəbərlər