Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyasına başlanılıb.AZƏRTAC xəbər verir ki, yaşıllaşdırma işləri Heydər Əliyev Park Kompleksində, Nizami məqbərəsi istiqamətində, şəhərin giriş və çıxışında, həmçinin müxtəlif park, prospekt və küçələrdə həyata keçirilib.Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, ağacəkmə aksiyası mayın sonuna kimi davam edəcək. Aksiyanın ilk günündə şəhərin müxtəlif ərazilərində 10 min 500 ədəd müxtəlif növ ağac və gül kolu əkilib.Ağacəkmə kampaniyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyətin nümayəndələri böyük həvəslə iştirak ediblər. Aksiya zamanı şəhərin iqlim şəraitinə uyğun olaraq, daha çox şam, sərv, çinar ağacları, qızılgül kolları, eləcə də müxtəlif növ çiçəklərin əkilməsinə üstünlük verilib.Əkilən ağacların, gül və çiçək kollarının dibləri bərkidilərək suvarılıb, öncədən əkilən ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.
AZƏRTAC