Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib
Daşkəsəndə rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93- cü ildönümü böyük coşqu və fərəh hissi ilə keçirilib. "SƏS"ə daxil olan məlumata görə, Daşkəsən rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunmuşdu ki, keçirilən tədbirlərdə daşkəsənlilər bir daha Ulu Öndərə olan xalq sevgisini və məhəbbətini nümayiş etdiriblər.
May ayının 7-də rayon icra hakimiyyətinin başcısı Əhəd Abıyevin, YAP fəallarının, rayonunun aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi böyük ehtiramla yad edilib. Heydər Əliyev Mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlara baxışdan sonra tədbir Daşkəsən rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
Tədbir Dahi Liderə həsr olunmuş filmə baxış keçirməklə öz işinə başlayıb. Filmə baxışdan sonra çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Dahi Lider haqqında geniş və dərin məzmunlu nitq söyləyib, müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən danışılıb. Əhəd Abıyev bildirib ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil ölkəni, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, məhz Onun adı ilə bağlıdır. Gördüyü böyük işlərin nəticəsidir ki, bu gün ölkəmizin hər yerində bu dahi şəxsiyyətin anadan olmasının 93 illiyi xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir".
Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlərin xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən icra başçısı bildirib ki, bu illərdə Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrildi: "Hələ o dövrlərdə Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq, bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu".
"Vətənini, xalqını hədsiz məhəbbətlə sevən Böyük Öndərimizin, bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə möhtəşəm binalar inşa edilmiş, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldılmışdır"-deyə vurğulayan Əhəd Abıyev bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanmış strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Həmin dövrdə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu.
Əhəd Abıyev çıxışına davam edərək vurğulayıb ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı olmuş və 5 il SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsində çalışmışdır: "Həmin dövrdə Heydər Əliyev heç bir qüvvənin Onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha sübut etməklə, xalqımızın fəxrinə çevrildi. Bu nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı, Onun bu yüksək vəzifədə fəaliyyəti ölkəmizin sovetlər birliyinin bütün imkanlarından maksimum bəhrələnməsini şərtləndirdi.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifədən istefa verdi. Heydər Əliyev SSRİ rəhbərliyində ikən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkünlüyünü başa düşən məkrli qüvvələr Onun vəzifədən uzaqlaşdırılmasına nail oldular. Belə bir şəraitdə bu polad iradəli insan xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün bütün məhrumiyyətlərə qalib gəldi və həmin vaxtlar tarixinin ən ağır zamanını yaşayan Naxçıvana dönməyə nail oldu".
Ulu Öndər Heydər Əliyevin Naxçıvanla bağlı əhəmiyyətli tarixi fəaliyyətini də təhlil edən Əhəd Abıyev bildirib ki, Onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarıldı, üçrəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı. Əhəd Abıyev dərin məzmunlu nitqində ölkəmizdə 1991-ci ildə yaranan təhlükəli vəziyyətə də toxunmuşdur. O, qeyd etmişdir ki, həmin dövrdə ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı. Ölkəmiz real vətəndaş müharibəsi və separatçılıq meyilləri ilə üz-üzə qalmışdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz onu itirmək təhlükəsindəydi: "Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı Onu təkidlə hakimiyyətə çağırırdı, amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan AXCP-Musavat kimi hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, silahlı dəstələr yaradırdılar. Həmçinin, bütün güc strukturlarının siyasiləşməsi ölkədə dövlət və dövlətçilik üçün böyük təhlükə olan cəzasızlıq şəraiti yaratmışdı.
Heydər Əliyev 1993-cü ilin iyununda 2-ci dəfə hakimiyyətə qayıdanda, ölkədə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşlarımız öz dədə-baba torpaqlarında qaçqına və məcburi köçkünə çevrilirdi. Amma Heydər Əliyev Ümummilli Lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, həmin dövrdə qətiyyətlə belə demişdir: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır". Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik".
"Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu Öndərin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən böhranlar nəzərə alınmaqla, yeni ideyalarla zənginləşdirilərək və böyük bacarıqla davam etdirilir"-deyə vurğulayan Əhəd Abıyev deyib ki, möhtərəm Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq, ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfədən çox artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır: "Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, torpaqlarımızın ərazi bütövlüyünə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir".
Əhəd Abıyev son günlər Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurlarda da toxunaraq deyib ki, bu qələbələr, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi və iqtisadi inkişaf konsepsiyasının ordu quruculuğunun nəticəsində əldə edilib: "Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır! Heydər Əliyev siyasəti daim yaşayır və qalib gəlir! Yaşasın Azərbaycan xalqı! Azərbaycan Prezidenti İlham Əliyevə eşq olsun!"
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin geniş məzmunlu nitqindən sonra tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş onlarla gəncə üzvlük vəsiqələri təqdim edilib, 20 nəfər Yeni Azərbaycan Partiyasına qəbul olunub.
Rəfiqə KAMALQIZI