PDF Oxu

Siyasət

  • 40

Bakı növbəti qurultaya hazırlaşır

Bakı növbəti qurultaya hazırlaşır

Dünya Azərbaycanlılarının IV Qurultayında dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edəcək

Son illər Azərbaycan xalqı keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyub. Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi bir mərhələdir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə əlverişli şərait yaradıb.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasətin məqsədi soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsini və s. nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsində əhəmiyyətli rol oynadı. Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixində böyük bir prosesin başlanğıcı kimi daxil oldu. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olundu. Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri kimi milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyi nümayiş etdirdi.

Heydər Əliyev Dünya Azərbaycanlıların I Qurultayını müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə kimi qiymətləndirdi. Bütün dünyada yaşayan azərbaycanlılar, Azərbaycan icmalarının nümayəndələri, ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşdı. Bu ideyanın sonrakı mərhələlərdə davam etdirilməsi diaspora quruculuğuna töhfələrini verməkdədir. Dünya Azərbaycanlılarının II Qurultayı 5 il sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamına əsasən, 2006-cı il mart ayının 16-da baş tutdu. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirildi. Qeyd edək ki, qurultay Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövrdə ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər, Azərbaycanın keçdiyi yol xalqın şərəfli dövlətçilik tarixinə, zəngin mədəniyyətə və insan potensialına, yüksək milli şüura və saf mənəviyyata malik olduğunu bir daha təsdiqlədi. Qurultay diaspor cəmiyyət və təşkilatlarının möhkəmlənməsində, eləcə də vətənlə əlaqələrin genişlənməsində mühüm rol oynadı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsində, mühüm məsələlərin həllində bir-birinə yardımçı olmaq kimi missiyanın həyata keçirilməsində əhəmiyyət kəsb etdi. Eyni zamanda, bu qurultay Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb oldu. Qurultayda dövlət başçısı İlham Əliyev diaspor fəaliyyəti ilə bağlı konkret vəzifələr irəli sürdü. Bu vəzifələr sırasında diaspor təşkilatlarının güclənməsi və birliyi, onların dövlət strukturları ilə daha sıx əlaqəsinin təmin olunması, xüsusilə əhəmiyyətlidir. Dünya azərbaycanlılarına müraciət qəbul olundu. Bu müraciət soydaşlarımızın qarşısında duran ən mühüm vəzifələrin müəyyənləşməsinə yönəldi.

Bu gün planetimizdə beynəlxalq təhlükəsizliyə və barışa, sivilizasiyalararası dialoq çağırışlarına, xalqların dinc yanaşı yaşayışının və əmin-amanlığının təminatına ciddi ehtiyac duyulduğu zamanda Dünya azərbaycanlılarının III Qurultayının iştirakçıları narahat dünyamızda sağlam düşüncənin, haqq və ədalətin əvvəl-axır qalib gələcəyinə inamlı olduqlarını diqqətə çatdırmışdılar. Çünki qloballaşma prosesinin vüsət aldığı müasir mərhələdə dövlətlərin suverenliyini və bütövlükdə, bəşəriyyəti təhdid edən aqressiv etnik separatçılıq, terrorizm, milli, dini və irqi ayrı-seçkilik kimi mənfi meyillər həyatımızın acı gerçəkliyinə çevrilmişdir.

Dünya Azərbaycanlılarının III Qurultayı tarixi hadisəyə çevrildi. İyun ayının 3-4-də isə paytaxt Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Toplantıda ənənəvi olaraq Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olunacaq, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarınını qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb. Komitədən aldığımız məlumata görə, qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, habelə Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir. Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir.

Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur.

Qurultayın yekununda bir neçə sənədin qəbulu da gözlənilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər