Əli Əhmədov: "Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür"
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə "Heydər Əliyev irsi və multikultural dəyərlər" mövzusunda konfrans keçrilib. Konfrans iştirakçıları öncə Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil və qızıl gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı önünə qızılgül dəstələri düzülmüşdür.
Konfrans öz işini "Fairmont Baku" otelində Prezident Administrasiyasının məsul işçilərinin, nazirlərin, komitə sədrlərinin, Milli Məclisin deputatlarının, YAP fəallarının və media nümayəndələrinin iştirakı ilə davam edib.
Konfransda çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası olmaqla yanaşı, eyni zamanda onun müasir dəyərlər sistemini mənimsəməsinin, müasir imicinin bərqərar olmasının mühüm parametri qismində çıxış edir.
Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib: "Azərbaycanlıların yaşadığı hər bir bölgədə Ümummilli Liderin doğum günü yüksək coşqu ilə qeyd edilir. Heydər Əliyevin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə verdiyi dəyərin göstəricisidir. Çünki Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edəcək, Ona hörmət və ehtiramını bildirəcək".
"YAP artıq formalaşdırdığı ənənəyə uyğun olaraq 13-cü ildir ki, Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir"-deyə xatırladan Əli Əhmədov o cümlədən, qeyd edib ki, budəfəki konfransın mövzusunun "Heydər Əliyev irsi və multikultural dəyərlər " olaraq seçilməsi təsadüfi deyil. Belə ki, bu, bir tərəfdən dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi ilə əlaqədardır, digər tərəfdən isə Ulu Öndər Heydər Əliyevin siyasətində tolerantlığın xüsusi yer tutması, multikultural dəyərlərin inkişafına verilən önəmlə bağlıdır: "Multikulturalizmin sadə şəkildə izahını versək, müxtəlif dinlərin, millətlərin dinc yanaşı yaşaması, dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə qurulmasıdır."
Əli Əhmədov bildirib ki, yüzilliklər boyu mədəniyyətlərin və dinlərin münasibətləri aktuallığını itirməmiş, xalqların fəlsəfi görüşlərini, dünyabaxışlarını, hiss və ehtiraslarını təyin edən ictimai hadisə kimi dövrümüzə qədər gəlib çatmışdır: "Dövlətlər və millətlər arasında əlaqə və münasibətləri müəyyənləşdirən başlıca amillərin təbiətində köklü dəyişikliklər baş verməsinə baxmayaraq, dinlər və mədəniyyətlərarası dialoq ictimai müzakirələrin və siyasi proseslərin ümumi istiqamətinə təsir göstərmək imkanlarını saxlamaqdadır. Dövrümüzün ümumi sivilizasiya mənzərəsinə öz möhürünü vuracağına böyük ümidlər bəslənilən bu fenomen bəşəriyyətə "multikulturalizm" adı ilə təqdim edilir. Son illər ərzində dünyada regional münaqişələrin artması, bir çox Avropa ölkələrində ifrat milliyyətçilik hərəkatlarının güclənməsi multikulturalizmin gələcəyinə baxışlarda optimizmin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmışdır. Dini tolerantlıq və sivilizasiyalararası münasibətlərdə Azərbaycanın nümunəsinin və ölkə rəhbərliyinin qəti siyasi mövqeyinin multikulturalizmin taleyi ilə bağlı məyusluğun aradan qalxmasına ciddi təkan verəcəyi şübhə doğurmur. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin daxili siyasi xəttində multikulturalizmə xüsusi həssaslıq nümayiş etdirilməsinin Azərbaycan dövlətinin tolerant dəyərlərə dərin sədaqətindən irəli gəldiyini söyləsək, yəqin ki,həqiqəti ifadə etmiş olarıq. Bu siyasətin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bünövrəsi ölkədəki bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşılması, onların bərabər inkişafı üçün hər cür imkanların yaradılması kimi dəyərlərə istinad edir".
Daha bir amilə tə toxunularaq qeyd olundu ki, azərbaycançılıq ideologiyası ayrı-ayrı dinlərin və sivilizasiyaların nümayəndələrinin vahid cəmiyyətdə və dövlətdə bərabər hüquqlar şəraitində yaşamasını, dini etiqad azadlığını təmin edən dünyagörüşü kimi qəbul edilir. Azərbaycanda multikulturalizmin bərqərar olub inkişaf etdirilməsinə obyektiv səbəblərin mövcudluğu mühüm rol oynamış və oynamaqdadır: "Müxtəlif dinlərin və sivilizasiyaların vahid məkanda yaşaması cəmiyyətimizin aparıcı dəyərləri sırasında daim əhəmiyyətli yer tutmuşdur. Burada ayrı-ayrı dinlərin, dillərin və mədəniyyətlərin yaşamasına hər hansı məhdudiyyətlər qoyulmamış, əksinə, bütün imkanlar təmin edilmişdir. Azərbaycanın malik olduğu unikal coğrafi-mədəni mühit multikultural dəyərlər sisteminin formalaşmasına əlavə təkan vermiş, Qərblə Şərqin, Asiya ilə Avropanın, islam mədəniyyəti ilə digər dinlərin qovuşduğu coğrafiya missiyasını əsrlər boyu ləyaqətlə daşımışdır. Bunun sayəsində tolerantlıq, dini dözümlülük azərbaycanlıların dünyagörüşünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, cəmiyyətin zəngin mənəvi koloritini formalaşdırmışdır".
Əli Əhmədov bildirib ki, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ilk illərdə milli dövlətçiliyin yarana bilməməsi, həm də lazımi təməl prinsiplərinin olmaması ilə izah edilməlidir: "Gənc, müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəyyən edilməsi də, həmin prinsiplər əsasında yeni dövlətin qurulması da tarixi missiya kimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidməti kimi tariximizə yazılmış oldu. Azərbaycanın dövlət müstəqilliyinin elan olunması cəmiyyətdə bir sıra qorxulu meyillərin tüğyan etdiyi dövrə təsadüf edirdi. Belə təhlükəli meyillərdən biri, "suverenlik paradı" adını almış yanlış müstəqillik dünyagörüşünə əsaslanan separatçılıq hərəkatı idi. Hər hansı obyektiv əsas və səbəb olmasa da, separatçılıq Azərbaycandan yan keçməmişdi. Hakimiyyətdə təmsil olunanların dar düşüncəliliyi və siyasi prosesləri düzgün qiymətləndirə bilməmələri həmin meyillərin genişlənməsinə və təhlükəli parametrlər kəsb etməsinə bir növ zəmin hazırlayırdı. Cəmiyyətə birlik və monolitlik naminə ümumi birləşdirici ideya təqdim edilməmişdir ki, bundan da separatçılar ustalıqla qidalanırdılar. Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir. Ümummilli Liderin dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası olmaqla yanaşı, eyni zamanda, onun müasir dəyərlər sistemini mənimsəməsinin, müasir imicinin bərqərar olmasının mühüm parametri qismində çıxış edir. Dahi şəxsiyyət Heydər Əliyev Ona xas olan müdriklik və uzaqgörənliklə başa düşürdü ki, Azərbaycan kimi tarixən çoxmillətli və çoxkonfessiyalı milli-mənəvi struktura malik olan ölkənin həyat qabiliyyəti Onun milli və dini dözümlülük xarakterindən, bilavasitə asılıdır."
Eyni zamanda, vurğulanıb ki, tolerantlıq şəraitində istənilən dini və ya etnik birliyin nümayəndəsi öz kimliyi zəminində inkişaf etmək, cəmiyyətə daşıdığı milli və dini dəyərləri sistemi ilə birlikdə töhfə vermək, özünəməxsusluğunu qoruyub-saxlamaq imkanlarına sahibdir. Bu imkanlar, hər şeydən əvvəl, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan Milli Konstitusiyamızda tanınmışdır.
Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin multikulturalizm sahəsində baxışları ən ümumi şəkildə Onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilə bilər: "Azərbaycançılıq cəmiyyətin mədəni, dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə tutur. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki mümkün sayır, habelə, onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir. Azərbaycançılıq müstəqil dövlət maraqları naminə və çərçivəsində fərqli sivilizasiyaların, dinlərin və etnik birliklərin öz xüsusiyyətlərini saxlamaqla vahid tam kimi çıxış etməsi anlamında qavranılır. Bu halda, müxtəliflik cəmiyyətin kamilliyini, dövlətin isə gücünü və qüdrətini ifadə edir. Azərbaycanın müstəqil dövlət quruculuğunda tolerantlıq, sivilizasiyalararası dialoq amilinin mühüm rol oynadığını söyləmək üçün kifayət qədər əsaslar mövcuddur. Hazırda multikulturalizm adını almış sosial hadisə Azərbaycanın təkcə tarixi ənənəsi və milli-mənəvi xüsusiyyəti deyil, həm də ölkəmizdə milli dövlət quruculuğunun və müasir cəmiyyətin formalaşmasının fundamental təməl prinsiplərindən biridir. Bu mənada, Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür."
Vurğulanıb ki, multikulturalizm Prezident İlham Əliyev tərəfindən Azərbaycan cəmiyyətinin formalaşmış modelinə yeni çalarlarla daxil edilmiş mədəni-mənəvi dəyərdir. Azərbaycan mədəniyyəti və bu mədəni dəyərlər əsasında qərar tutan cəmiyyət təcridlikdən uzaq olması ilə seçilir: "Azərbaycan torpaqlarının təxminən 20 faizinin Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunmasına, işğalın 25 ildən çox davam etməsinə, on minlərlə insanlarımızın etnik mənsubiyyətinə görə qətlə yetirilməsinə baxmayaraq, cəmiyyətdə tolerantlığın mövqelərinə zərbə vura biləcək dini, irqi və etnik dözümsüzlük halları yayıla bilməmişdir. İşğalçı Ermənistanın monoetnik cəmiyyət modelinə Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı, tolerantlıq əsasında qərar tutmuş modeli qarşı durmaqdadır".
Əli Əhmədov bir daha vurğulayıb ki, ölkəmizdə multikulturalizmə xüsusi önəm verilməsi cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin möhkəmləndirilməsi ilə, bilavasitə bağlıdır. Azərbaycan multikultural cəmiyyətlərin formalaşdırılmasına öz töhfələrini artırmaq niyyətini ortaya qoyur və bu istiqamətdə əhəmiyyətli addımlar atır.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, öz növbəsində bildirdi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən, qədimlərdən bu torpaqda yaşayan, öz taleyini və həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: "Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da-bütünlükdə hamısı azərbaycanlıdır. "Azərbaycanlı" sözü bizi həmişə birləşdirib. Ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan qlobal dəyişikliklər iqtisadi-siyasi və sosial-demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilir. Son on iki ildən artıq dövr ərzində Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində mühüm addımlar atılır".
Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev isə çıxışında Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırladıb: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir." Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.
Vurğulandı ki, Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü: "Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan, ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu Öndərin dediyi kimi, həqiqətən də Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır".
"Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir"-deyə qeyd edən natiq bildirib ki, multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir: "Prezident İlham Əliyev multikulturalizmi "alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant" kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edir. Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı Fərman, həmçinin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi oldu. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir".
Konfransda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete çıxış edərək, Azərbaycanın tolerant ölkə olmasını, multikultural cəmiyyətlərin formalaşmasına töhfələrini əsaslı şəkildə diqqətə çatdırdılar. Din xadimləri vurğulayıblar ki, müasir dövrdə cəmiyyətlərin birgəyaşayış çağırışları və məqsədlərinin müzakirəsinə həsr olunan forumlarda multikulturalizmin inkişafında Azərbaycan təcrübəsinin təbliğinə geniş yer verilməsi də ölkəmizə maraqdan yaranır. Multikultural cəmiyyətin formalaşması Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu cür həyat tərzi isə ölkəni daha güclü inkişafa və tərəqqiyə doğru aparmaqdadır.
Rəfiqə KAMALQIZI