PDF Oxu

Siyasət

  • 48

Ulu Öndər Heydər Əliyev Azərbaycanın sabit inkişaf modelinin qurucusudur

Ulu Öndər Heydər Əliyev Azərbaycanın sabit inkişaf modelinin qurucusudur

YAP Zaqatala rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirib

YAP Zaqatala rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirib. Tədbirdə rayonun 400 nəfər fəal gənci iştirak edib.

Tədbiri YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu diqqətə çatdırıb. Azərbaycanda müasir demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin təşəkkülünün, milli-mənəvi dəyərlərə qayıdışın, təhsilin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. "Bugünkü Azərbaycan reallıqlarına görə Heydər Əliyevə borcluyuq", - deyən rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində həyata keçirilən uğurlu layihələrə diqqəti yönəldib:"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq, müstəqil məmləkəti, onun işıqlı sabahının etibarlı bünövrəsini qoyub. Heydər Əliyev böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini və dönməzliyini təmin edib. Dahi Şəxsiyyət Azərbaycanın özünəməxsus iqtisadi modelini yaradıb".

H.Qurbanov bu gün Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin, məhz Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib:"Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü və qabaqcıl siyasəti nəticəsində geniş nüfuz dairəsinə malik Azərbaycan dünya dövlətləri tərəfindən qəbul olunaraq tanınır, güclü, qüdrətli və yüksək potensiala malik bir dövlətə çevrilib. Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilib və bu stabillik nəticəsində ictimai həyatın bütün sahələrində tərəqqi əldə olunub".

Rayon təşkilatının sədri dövlət-gənclər siyasətinə də diqqət yetirərək həyata keçirilən dövlət-gənclər siyasəti nəticəsində gənclərin ölkəmizin ictimai-siyasi həyatında, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edilməsinə şərait yaradıldığını bildirib.

Tədbirdə çıxış edən rayonun fəal gənclərindən İranə Əlizadə, Könül Vasanova və başqaları Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində misilsiz xidmətlərindən söz açıblar. Azərbaycanın iqtisadi, eləcə də hərbi qüdrətinin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edərək, Dahi Şəxsiyyətin siyasi kursunun bu gün Prezident Cənab İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, bugünkü gənclik ona yaradılan geniş imkanlardan bəhrələnərək, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurlu islahatların həyata keçirilməsinə, dövlət qarşısında duran vacib problemlərin həllinə öz sanballı töhfəsini verir.

NƏZAKƏT

Digər xəbərlər