"Bişkek protokolu" tarixin bu günü - 1994-cü il mayın 12-də qüvvəyə minib
Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 22 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" tarixin bu günü - mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırılıb. Bu müqavilə Ermənistanın Azərbaycana qarşı münaqişəsinin başlanmasından 6 il sonra baş tutdu. Belə ki, 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. İki gün sonra Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərinə atəş açdılar. Nəticədə, həlak olan iki azərbaycanlı münaqişənin ilk qurbanları oldular. Hadisələrin belə başlanması daha geniş müstəviyə keçdi. 1988-1989-cu illər ərzində azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. Kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürüldü və yüzlərlə azərbaycanlı yaralandı. Hadisələr yüksələn xətlə inkişaf etməyə başladı. 1991-ci ilin sonu - 1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində, yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədildi, şəhər yerlə-yeksan edildi. Daha sonra 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edildi. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrildi, 20.000 insan həlak oldu, 50 000 nəfər yaralandı və ya əlil oldu. Təxminən 5.000 vətəndaşımız indiyədək itkin düşmüşdür.
Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurmuşdur. Ölkədə xaos, qeyri-stabil vəziyyət, dağınıq ordu, məhv olmuş iqtisadiyyat hökm sürürdü. Ulu Öndər bütün bu problemləri həll edərək, uğurlu imzaları ilə yaddaşlarda qaldı. Dahi Şəxsiyyətə zaman lazım idi ki, Azərbaycan bugünkü vəziyyətə, bugünki inkişafa gəlib çıxa bilsin. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev müharibə vəziyyətini düzgün analiz edərək, atəşkəsin imzalanmasına nail oldu. Göründüyü kimi, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gücləndi, inkişaf etdi, dünyada mövqeyini möhkəmləndirdi. Təcavüzkar ölkəyə onların dili ilə deyil, məntiqlə, irimiqyaslı iqtisadi və enerji layihələrini gerçəkləşdirməklə cavabını verdi. Nəticədə isə, bu gün Ermənistanda səfalət və yoxsulluqdan başqa bir mənzərə qalmadı.
Birinci Qarabağ savaşından sonra elan olunan atəşkəsdən keçən 22 il ərzində bizim ölkəmiz öz mövqeyini ən yüksək beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edib, "biz qan tökmək istəmirik, torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəyirik!" - deyib. Əfsuslar olsun ki, Ermənistan sülhə, əmin-amanlığa səs verməyərək, çirkin niyyətlərini davam etdirməkdədirlər. Atəşkəsdən ötən 22 il ərzində minlərlə Azərbaycan hərbçisi cəbhə xəttində düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər.
Cari il aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutularaq, bir daha atəşkəs rejimi pozulmuş oldu. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qaldı. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib və onları geri oturtdu. Düşmənin çoxlu sayda hərbi qulluqçusu, polkovnik və general rütbəli zabitləri də daxil olmaqla zərbə nəticəsində məhv edildi. Ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir.
Bu gün Azərbaycan artıq siyasi və iqtisadi cəhətdən yüksək inkişaf mərhələsinə qədəm qoymuş bir ölkədir və öz torpaqlarını istənilən vəziyyətdə azad etməyə qadirdir.
NƏZAKƏT