"Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdlə mülki əhaliyə qarşı yandırıcı effektlərə malik olan ağ fosfor bombasından istifadə edilməsi çox ciddi narahatlıq doğuran məsələdir". Bunu SİA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında deyib.Onun sözlərinə görə, əgər mərmi yaşayış məntəqəsinə düşsəydi, onun doğurduğu toksit və yandırıcı fəsadlar mülki əhaliyə ciddi zərər törədə bilərdi: "Xoşbəxtlikdən bombanın mərmisi Tərtərin Əskipara kəndinə deyil, yaxınlıqdakı əraziyə düşmüşdü. Ümumiyyətlə, bu kimi silahların mülki əhaliyə qarşı istifadə olunması beynəlxalq səviyyədə ciddi qınaq obyektidir. Ermənistan tərəfi bu kimi silahlardan istifadə edilməsində heç bir məsuliyyət hiss etmir və tamamilə qeyri-məsuliyyətsiz şəkildə mülki əhalini hədəfə alaraq bu kimi silahlardan istifadə edir".Ötən gün xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin cəbhə boyu zonaya səfəri təşkil olunduğunu xatırladan H. Hacıyev söyləyib ki, səfərin təşkil edilməsi Ermənistanın növbəti cinayətinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi məqsədi daşıyırdı: "Bilirsiniz ki, ötən gün hərbi attaşelər mərminin düşdüyü əraziyə səfər edərək ağ fosfor bombası faktını öz gözləri ilə görmüş oldular. Bundan əlavə, həmin dövrdə qoşunların təmas xəttində monitorinq aparan ATƏT missiyası da hadisə yerinə gələrək mərmi və onun vəziyyəti ilə tanış oldular. Onların iştirakı ilə kifayət qədər təhlükəli xarakter daşıyan mərmi yerindəcə məhv edilməsi əməliyyatı keçirildi".XİN sözçüsü qeyd edib ki, hazırda məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması prosesi həyata keçirilir: "Bununla əlaqədar bütün sənədlər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən sənədləşdirilərək diplomatik nümayəndələr vasitəsilə beynəlxalqa təşkilatlara çatdırılacaq. Əslində beynəlxalq ictimaiyyət Ermənistanın bu hərəkətlərini qınayan və onlar bu addımlardan çəkindirən təsirli mexanizmlərdən istifadə etməlidir. Çox təəssüf ki, beynəlxalq səviyyədə təkcə bu məsələ ilə deyil, ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı işğalı və onun nəticələrinin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülməyib".
sia.az