Fəzail İbrahimli: "İşğalın aradan qaldırılması üçün işğalçı Ermənistan öz böyüyü ilə, yəni ağuşunda oturduğu dövlətlə razılaşmalıdır"
Müsahibimiz millət vəkili Fəzail İbrahimlidir
- Fəzail müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərin yaydığı bəyanata görə, gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçiriləcək. Görüşdən gözləntilər varmı?
- Cəbhə bölgəsində aprel ayında baş verən hadisələrindən sonra Azərbaycan tərəfinin gücünü və qüdrətini hiss edən Ermənistanın Sarkisyan rejimi çox az itki ilə müəyyən razılığa gəlib, bu məsələlərin həllinə rəvac verə bilər. Yəni işğalın aradan qaldırılması üçün işğalçı Ermənistan öz böyüyü ilə, yəni ağuşunda oturduğu dövlətlə razılaşmalıdır. Biz hər zaman deyirik ki, burada yalnız iki tərəfin mövcudluğundan söhbət gedir. Azərbaycan və Ermənistan tərəfi yəni işğal olunan tərəf və işğal edən tərəf. İşğal olunan tərəf, yəni Azərbaycan tərəfi öz haqq işini ortaya qoyur və çox sadə formada deyir, sən atdığın işğalçılıq addımından geri dön və işğal etdiyin torpaqlarmızı boşalt. Əks-təqdirdə, Azərbaycan dövləti öz torpaqlarını güc yolu ilə işğaldan azad edəcəkdir. Buna Azərbaycanın imkanı da, qüdrəti də çatar.
- Ermənistanı himayə edən dövlətlərin təsiri ilə işğala son qoymaq olarmı? Bu halda Ermənistan hakim rejimi müqavimət göstər bilərmi?
- Ermənistan müstəqil deyil. Yəni müstəqil Ermənistanın siyasəti yoxdur. İşğalçı Ermənistanın xarici siyasətini müəyyən edən dövlət var. Hər kəsə bəllidir ki, Ermənistan öz ixtiyarında olmayan dövlətdir. İşğalçı ölkənin başında oturan isə başqa bir dövlətin sifarişini yerinə yetirən və xalqın etimadından tamamilə kənar bir prezidentdir.
- Bu müqayisənin nəticəsində nə əldə etmək olar?
- Heç nə əldə etmək olmaz. Onlar, sadəcə olaraq, dünyanın təkidi ilə gəlib oturub danışıqlar aparır və böyüyünün növbəti sifarişini gözləyirlər. Ümumiyyətlə, Dağlıq Qarabağın sülh yolu ilə həlli bir halda mümkün ola bilər. Bu da Ermənistanı idarə edən dövlətin icazəsini alsın və ondan sonra nə isə nəticə əldə etmək olar. Əks- təqdirdə, özünün dəsti-xətti olmayan bir prezidentdən nə isə konstruktiv mövqe gözləmək sadəlövlük olardı.
- Cəbhədə erməni təxribatı hər gün ötən günə nisbətən daha da genişlənir. Azərbaycanın səbri nə qədər davam edə bilər?
- Cəbhə xəttində baş verən gərginliyin olması Ermənistanın düşdüyü vəziyyətdən çıxış yoludur. Yəni Ermənistanda hökm sürən xaos və anarxiya fonunda ermənilərin üsyana meyilliyi Sarkisyanı prosesləri cəbhəyə yönəlməyə vadar edir. Hər zaman Sarkisyana xalqın təzyiqi olanda, mütləq cəbhədə gərginlik yaradır ki, xalqın başı bu tərəfə qarışsın və beləliklə də, öz hakimiyyətini uzatsın.
GÜLYANƏ