"Hesab edirəm ki, bu gün Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilməsi nəzərdə tutulan görüş də digərləri kimi heç bir nəticə verməyəcək. Çünki, Ermənistan sülhə hazır deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.Ermənistanın münaqişənin həlli ilə bağlı zəruri addımlar atmadığını dilə gətirən millət vəkili söyləyib ki, bütün bunlara baxmayaraq, düşmən ölkəyə qarşı heç bir sanksiya tətbiq edilmir: "Mənə elə gəlir ki, Ermənistanı sülhə məcbur edilməlidir. Əks halda onlar tərəfindən müsbət addım gözləməyə dəyməz".Görüşün ATƏT-in Minsk qrupu tərəfindən təşkil olunması ilə bağlı fikirlərini bildirən A. Mollazadə deyib ki, həmsədrlər bununla münaqişənin həllində müəyyən cəhdlər etdiyini göstərmək istəyir: "ATƏT-in Minsk qrupu bu görüşü təşkil etməklə, özünü işləyir kimi aparmağa çalışır. Amma əslində 25 ilə yaxındır ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səyləri boşa çıxır və heç bir nəticə vermir. Çünki, burada hüququn aliliyinə diqqət yoxdur. Təcavüzkara qarşı verilən qərarlar qəbul edilmir. Belə olan halda, Ermənistan beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin həlli istiqamətində addım atmağı düşünmür"."Münaqişəni dondurmaq ATƏT-in Minsk qrupu üçün yeganə çıxış yoludur. Onlar problemi həll edə bilmədikləri üçün münaqişəni donduraraq, atəşkəsi yenidən bərpa etmək, diqqətin bu zonaya cəlb edilməsinin qarşısını almağa cəhd edirlər- deyə, millət vəkili əlavə edib.
Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.Görüşdə Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri də iştirak edəcək.Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova görüşdə əsas məqsədin məsləhətləşmələr aparılması və təmas xəttində hərbi risklərin azaldılmasından ibarət olduğunu bildirib.
sia.az