"Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşünün müsbət səpkilərdə olacağı gözlənilmir. Çünki indiyədək keçirilən görüşlərdə Ermənistan tərəfi bunun üçün addım atmayıb". Bu fikirləri SİA-ya açıqlamasında professor, politoloq Rüstəm Məmmədov deyib.Politoloqun fikrincə, Ermənistan danışıqlara hazır deyil.Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu görüşü təşkil etməkdə məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllindəki təşəbbüsü Rusiyanın əlindən almaqdır: "Bundan əlavə, illərdir münaqişənin həllində səy göstərməyən Minsk qrupu cəbhədəki gərgin vəziyyətdən istifadə edərək məsələnin həllinə çalışdıqlarını göstərməyə çalışır. Əslində ATƏT-in Minsk qrupu çoxdan ləğv olunmalıdır".ATƏT-in Minsk qrupunun münaqişənin dondurmağa çalışdığını deyən R. Məmmədov söyləyib ki, həmsədrlər problemin həllində status-kvonu saxlamaqla ermənilərə kömək etmək istəyir: "Çünki, münaqişənin dondurulmuş vəziyyətdə qalması Ermənistan tərəfinin xeyrinədir".Ermənistanın son dövrlərdə Azərbaycana qarşı təxribatlarının artdığını deyən R. Məmmədov söyləyib ki, belə davam edərsə, vəziyyət gərginləşə bilər: "Azərbaycan bu məsələdə öz sözünü deyib. Lakin belə davam edərsə, növbəti müharibə başlaya bilər".
sia.az