PDF Oxu

Siyasət

  • 48

"Metsamor" Atom-Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir

"Metsamor" Atom-Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir

2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etdi. "Metsamor"un region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır

Nüvə məsələlərindən danışarkən, əlbəttə ilk növbədə qeyd etmək lazımdır ki, dəfələrlə keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitlərində Cənab Prezident İlham Əliyev iştirak edib və bu sahədə Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub.

Azərbaycan nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə müvafiq beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və ölkəmiz iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəkləyir. Hətta 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib.

Eyni zamanda, Azərbaycan nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərir, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırıb.

Əlbəttə ki, bütün bunlar Azərbaycan dövlətinin üzərinə düşən beynəlxalq məsuliyyətdir. Lakin beynəlxalq birlik də Azərbaycanın sözünü eşitməlidir və regionumuz üçün həddindən artıq təhlükəli olan "Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı qərar verməlidir. Çünki Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də "Metsamor"da radioaktiv maddələrin sızmamasına əmin olmadığını bildirib. 1995-ci ildə Avropa və ABŞ tərəfindən "Metsamor" stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirib.

2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etdi. "Metsamor"un region üçün təhlükəsini artıran bir amil də, məhz onun davamsızlığı ilə bağlıdır.

Stansiyanın çevrəsində 5 tektonik çat vardır. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, stansiyanın heç bir təhlükəsi yoxdur. Britaniyada nüvə fizikası üzrə mütəxəssis Frank Barnabi isə hesab edir ki, "Metsamor" stansiyasının quruluşu və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Ona görə də, Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərq ilə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. "Metsamor" AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiyə, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi təhdiddir.

Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir.

Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan "Metsamor" AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Ermənistanın region üçün böyük faciə rolunu oynayan "Metsamor" Atom-Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər